Zəncirlənmiş  sevda... Güney Azərbaycan

Zəncirlənmiş  sevda...

Məlumdur ki, çağdaş dövrümüzdə də cəmiyyətlərdə sosial qütbləşmə gedir. Bu, ayrı-ayrı ölkələrdəki mövcud totalitar şəraitin doğurduğu nəticədir. İctimai mühit və insan həyatı ilə eyniləşən didaktik parametrlər hər bir ölkədə olduğu kimi, Güneydə yaşayan və təfəkkürünün bütün gücü ilə yazıb-yaradan şairlərin də yaradıcılığında geniş tədqiq edilir. Əlbəttə, bu, ədəbiyyatda hər hansı bir mövzunun həyatiliyinin, gerçəkliyin inikasının poetik əks olunmasına gətirib çıxarır. Gerçəkliklər isə insanda həyati vacib məqsədlərə çatmaq zərurəti yaradır. Məhz bu baxımdan Güney şairlərinin şeir və poema yaradıcılığında spesifik cəhətlər təfəkkürdə formalaşmış yeni mütərəqqi ideyalar üçün bir istiqamət kimi qarşımızda açılır. Bu istiqamətin yaradıcılarından biri də böyük vətənpərvər, Güney tarixinin fədakar araşdırıcısı, prof. Məhəmmədtağı Zehtabidir. Güney Azərbaycan tarixinin bilicisi, şair və ədəbiyyatşünas olaraq tanınan prof. Məhəmmədtağı Zehtabinin çoxşaxəli yaradıcılığında “Şahin zəncirdə” poeması mühüm yer tutur.
Şair Araz Əhmədoğlu “Zəncirləri qırmış şahinimiz” adlı məqaləsində M.T.Zehtabinin “Şahin Zəncirdə” poemasına ehtiva etdiyi məzmun mündəricəsinə, ideyalılığına görə yüksək dəyər verir, əsərin özəlliklərini göstərir. A.Əhmədoğlu xalqın yüz illər boyu yaşadığı, tanıdığı, mənimsədiyi dəyərlərin yer aldığı “Heydərbabaya salam” poemasının və onun kimi digər əsərlərin geniş yayılmasının nədənlərini müraciət obyektlərinin, materialların özəlliyində, “Şahin Zəncirdə”nin və ona bənzər başqa əsərlərin yetərincə populyar olmamasının səbəbini isə onların “kütləyə yad olan, hətta kütlənin qorxub çəkindiyi materialları” əks etməsində görür. O, M.T.Zehtabinin Güney yazarlarının əksəriyyətindən fərqli olaraq Kommunizm ideologiyasının əsl üzünü gördüyünü və poemada “Al pərdə” ifadəsi ilə rejimin sözü ilə əməlinin üst-üstə düşmədiyini, aldadıcı mahiyyətini açdığını da vurğulayır: “O üzdən belə qoşuqlar sevilsə də gizlicə sevilir, yəni qoşuğu sevən kimsə sevdiyini öz ürəyində saxlayıb ört-basır etməyə çalışır. Şair onun cavabını dərin məntiqlə verir və bu tartışma poemanın təməl anlamıdır. ...“Al pərdə” deyiminin leksik anlamı qırmızı pərdədir. Qırmızı pərdə özü keçmiş SSRİ-nin bayrağı olmaqla kommunist dünyasının göstərgəsi, Qızıl Ordu isə bu dünyanın qəddar gücü idi. “Al” sözünün dilimizdə başqa anlamı da “aldatmaq”dır. Şair bu ifadə ilə kommunizm fəlsəfəsi ilə qurulmuş kommunizm dünyasının nə qədər aldadıcı və saxta olduğunu böyük ustalıqla açıqlayır:
Al pərdənin altında nə varmış?!
Sözlə əməlin bir bu qədər fərqi olarmış?!
Bilməm bu riyadan dolanır hansı dəyirman?!
Hakim kəsilibmiş buraya sanki əzəldən
Zülmətlə sükunət”

Ş.T.Zehtabi poemada əzilib tapdalanan, bütün haqları əlindən alınan elinin pozulan hüquqlarının bərpası üçün inqilabi mübarizə xəttini cızır və aydın gələcəyin yolunu göstərir. Hətta “Molla deyib al həqqivi, çün həqq verilməz!..” hökmünü də verir:

Ey tərk eləyib Ərki uçanlar!
Ey baş götürüb hər biri bir səmtə qaçanlar!
Dönsəz vətənə, məhv olacaqdır bu dumanlar.
Sel tək axışın, birgə gəlin doğma diyarə,
Tənha ananın bəlkə edək dərdinə çarə?
İllər boyu zəncirdə qalsam da, varam mən,
Qəlbimdə mənim sarsılmamış zərrəcə iman,
Bir gün qara zəncirimi axır qıraram mən,
Ərkin başına qanla qızarmış qanadımdan
Bayraq vuraram mən!

Çağdaş dövr Güney Azərbaycanda əsərlərilə inqilabi ruhun yaranmasına təkan verən şairlər - M.Şəhriyar, B.Q.Səhənd, K.M.Sönməz, H.Sahir, H.M.Savalan, A.Bariz, B.Dövlətabadi, M.S.Şami və b. kimi M.T.Zehtabinin də qurduğu süjet xəttində müəyyən eynilik var, lakin hadisələrə baxış, ictimai məzmun vermək qabiliyyəti tamamilə fərqlidir. Bir sıra simvolik obrazların təqdimində olduğu kimi... Ümumiyyətlə, simvolizm Cənubi Azərbaycan ədəbiyyatı üçün bu gün də aktualdır. Bu aktuallıq, aktiv tendensiya M.Ə.Harayın “Yandırılan sazlar”, M.T.Zehtabinin “Şahin zəncirdə”, Mahmud Sadıqpur Şaminin “Qartal”, Haşım Tərlanın “Şahin və Simurq” və s. poemalarında uğurla qorunur.
Hətta bəzən “dialoqun subyekti alleqorik obraz şəklində şəxsləndirilir, müəllif insanların əməllərinə və münasibətlərinə obrazlı münasibət bildirir. Obraz rolunda isə əşyalar və heyvanlar çıxış edir. Bu halda müəllif sözü heyvanların və əşyaların şəxsləndirilmiş sözünə çevrilir”.
Azərbaycan klassik ədəbiyyatında, eləcə də “Şərq ədəbiyyatının xarakterik cəhətlərindən, əsas məziyyətlərindən olan obrazları rəmzlərlə, alleqorik dillə danışdırmaq” üsulundan məharətlə istifadə edən M.T.Zehtabinin “Şahin zəncirdə” poemasında da dialoqun subyekti məhz alleqorik obrazlardır. Bu əsərlərin hər birində poema janrının dialoq tipinin məziyyətləri vardır. Ən maraqlı cəhət budur ki, M.T.Zehtabinin (1923-1998) “Şahin zəncirdə” poemasında şahin quşu ilə qarğanın dialoqlarında “İnsanlıq nədir, həyat nə, dil, ruh azadlığı, milli istiqlal, milli kimlik nə deməkdir?” suallarının fəlsəfəsi açılır və son dərəcə orijinal cavabları verilir:

Şahin gülərək söylədi: aqil!?
Aqil nədir? İnsanlığa biganə bir ünsür?
Yaniki hədəfsiz sürünə bir qədər artıq,
Hər rəngi qəbul etməgə hazir?!
Aqil deyil, insan deyil o bir canavardır.
İnsanlığın öz qaydasi, öz ölçüsü vardır.

M.T.Zehtabi poema boyu son dərəcə maraqlı dialoqlar qurur. Dialoqların qəhrəmanları qartal – şahinlə gürzə - ilan, dağla daş, yerlə göy və s. dir. Müdrik şair insanın yaşaması üçün vacib olan bütün nemətlərin qiymətini verir, torpağın, göyün, havanın anlamını bədii sözlə şərh edir, bütün bunları dərin məntiqlə, sağlam təfəkkürlə açıqlayır... Dünyaya azad gələn insanın sonra buxovlanmasına, ayaqlarının qandallanmasına zəncirlənmiş şahin quşunun timsalında etirazını bildirir. Əslində şahin quşu azadlıq aşiqi insanın – şairin özünün rəmzləşdirilmiş obrazıdır. M.T.Zehtabi alleqorik obrazların, rəmzlərin dili ilə öz duyğu və düşüncələrini sərgiləyir:

Torpaq bəşər övladına ən güclü dayaqdır;
Torpaq, nə qədər ömr edir insan, qalacaqdır.
İnsanlara torpaq anadır, etmirəm inkar,
Hər nemət onun var qucağında:
Torpaqda məhəbbət gülü, torpaqda hünər var,
Od var qucağında.

Şair insan oğlu ilə torpağın ana və uşaq kimi əzəldən bir-birinə məftun, həm də ömür boyu bir-birinə dayaq olduqlarını çox təsirli dillə təsvir edir... Yerlə göyün mahiyyətini, hansı anlamı daşıdığını açır, yazır ki, torpaq-ana övladının daim başı uca, alnı açıq olmasını istəyər, əgər hansısa övladını xəstə-iflic görərsə, sinəsi dağlanar, göy geyib qara bağlayar. “Torpaqda çiçək, incə gözəllər və şərablar, gəzmək, yeyib-içmək, həyatın dadın anmaq, şöhrət qanadilə havalanmaq” varkən, bəs ucsuz-bucaqsız, bomboş göylərin hansı özəlliyi, səfası vardır?

Dünyaya dəyər göylərin almas tək havası!!
Göylərdə nə var?!
Hər bir günəşin ilk şüasından isinmək;
Hər səhər ertə ilk şüalarda yuyunmaq;
Hər gün pərisilə səhər ilk anda görüşmək,
gülüşmək və öpüşmək...
Ey, zülmətin aludəsi, biçarə zavalli,
Göylərdə nə var?! Sonsuz üfüqlər və uçuşlar!
Göy aşiqidir həmişə şahin kimi quşlar.

M.T.Zehtabi qələmdaşı Mahmud Sadıqpur Şaminin (1949) “Qartal” poemasında qabartdığı kimi, qarğa və qartal quşlarının xüsusiyyətləri fonunda heyvani hisslərlə günlərini başa vurub sürünən canlı varlıqlarla daim ucalarda olmaq, azad, buxovsuz yaşamaq arsusu ilə yanan azadlıq aşiqlərinin, əqidə, amal ideallarının obrazını yaradır, əqidəli və əqidəsiz insanların müqayisəsini verir. Qocalıb əldən düşən və labüd olan ölümdən qurtulmaq istəyən qartalın üç yüz il yaşayan qarğanın uzunömürlülüyünün sirrini öyrən-mək istəməsi və qarğanın ona cavabı haqqında yaranmış məlum əfsanənin motivlərinə söykənir. Əfsanəyə görə, qarğa qartala məsləhət verir ki, uzun ömür yaşamaq üçün göyün ənginliklərində süzmək deyil, bir az aşağılara enmək, zibilliklərdə yaşamaq və ölmüş heyvanların cəsədləri, sür-sümüklə qidalanmaq lazımdır. Bu sözləri eşidən qartalın ona etiraz edərək: “Əsla yox!” cavabını verməsi poemanın əsas leytmotividir:

Şahin doğulanlar qara torpaqda sürünməz.
Nuh tufani gər qopsa da, həqqin şamı sönməz.
Gər halə çəkə lalə tək ətrafına qan da,
Haqq aşiqi baş əyməyəcək zülmə bir an da!!
Get yerdə sürün, get yaşa zülmətdə, dumanda,
Olmaz yarasa nurilə həmdəm.
Matəmdir ışıqlıq sənə, matəm!

Qeyd edək ki, ənənəvi ruhun diqqət mərkəzində xalq yaradıcılığı və xalq ənənəsi durur. Bu ənənəyə söykənən əsərlər tarix boyu xalqın yaddaşında çözələnir, yetişən nəsillər tərəfindən oxunur, tədqiq edilir. M.T.Zehtabinin “Şahin zəncirdə” poemasında da eyni məntiq izlənir, ayaqları qandallanmış Şahin quşu-Azərbaycan xalqı qandalların əsiri olsa da, ruhən azaddır və bu ruhu heç bir qüvvə, zorakılıq sarsıda bilməz... O, poemada folklordan qaynaqlanmaqla ədəbiyyata, şeir sənətinə yeni keyfiyyət dəyişiklikləri, milli ruh gətirmişlər. Çünki folklor xalq ruhunun, milli koloritin, xalq psixologiyasının, xalqın dini, mifoloji görüşlərinin və dilinin əks-sədası, əslində səsidir. Poemada qarğanın 300 il yaşaması haqqında bu gün də mövcud olan əfsanəyə istinadən M.T.Zehtabi bir sıra mətləblərə eyham vurur və bütün bu təlmihlər fikirlərini üstüörtülü şəkildə ifadə etmək, senzuradan yayınmaq üçün əslində vasitə rolunu oynayır. Əsərdən bir nümunəyə diqqət yetirək:

...Bəli! Mənəm indi uca dağlardakı Prometey;
Əfsanəysə, Qaf dağına mıxlanan o Prometey.
Tək bilmə məni, on demə, yüzlər nədi, minlər;
Mən, sən, o kiminlər, hər ölkədə itgin keçinənlər,
Odlar vətənindən doğulanlar minlərcədi, minlər.
Ey qurbətdəki ərlər.

Göründüyü kimi, M.T.Zehtabi Prometey haqqında qədim əfsanəyə eyham vurur. Qafqaz dağında çarmıxa çəkilən Prometeyin timsalında Vətəndən didərgin salınmış soydaşlarını, hər bir inqilabdan sonra dar ağaclarından asılan fədailəri görür... “Prometey qədim yunan əfsanələrində allahlarla döyüşən və insanları mudafiə edən bir qəhrəman imiş”. Maraqlıdır ki, M.T.Zehtabi bu əfsanəyə istinad etməklə öz bədii məqsədini də bəlirləmiş olur: “Hər gün didilən sinəsi xəncərlə mənəm, mən!” - deyərək özünün simasında təqib və zindanlardan qurtularaq yurdundan perik düşüb yad ölkələrdə siyasi sığınacaq tapmış minlərlə soydaşının möhnətdə keçən ömrünü, hər gün yurd həsrətinin yanğısından ölüb-dirilən mücahidləri və qara qüvvələrin məhv etmək istədikləri Vətəni-Azərbaycanı nəzərdə tutur.
Beləliklə, Güney Azərbaycanda yaranan poemalara Azərbaycan şifahi xalq ədəbiyyatı, folklor nümunələrinin və klassik ədəbiyyatın təsiri ancaq fəlsəfi düşüncə və sözdən ustalıqla istifadə etmək meyarı ilə şərtlənməmiş, ictimai həyata baxışda milli özünüdərk, azadlıq ideyası ilə xəlqiliyin sintezində yeni, orijinal ədəbi-bədii keyfiyyət qazanıb.

Esmira Fuad
filologiya üzrə elmlər doktoru