“Pley-offda Gürcüstan Azərbaycana qalib gələr“ İdman

“Pley-offda Gürcüstan Azərbaycana qalib gələr“

"Kəpəz"in Gürcüstan əsilli ukraynalı yarımmüdafiəçisi Giuli Mandjqaladzenin apasport.az saytına müsahibəsi
- Antalya toplanışı çərçivəsində sonuncu yoxlama oyununu Serbiya "Spartak"ına qarşı keçirdiniz və 2:0 hesablı qələbə qazandınız. Əvvəlcə görüş haqda fikirlərinizi bildirərdiniz...
- Bizim üçün yaxşı sparrinq oldu. Rəqib hərəkətli komanda idi. Buna baxmayaraq, oyunumuz alındı və yekunda qələbə qazanan tərəf biz olduq. Sizin də dediyiniz kimi, sonuncu yoxlama matçı idi. Bir həftədən sonra Premyer Liqada üçüncü dövrəyə start veriləcək. Artıq bizi çempionat düşündürür.
- "Kəpəz" çempionata tam hazırdımı?
- Hər şey plan üzrə getdi. Hələ ki, bir problem yoxdu. Nə qədər hazır olduğumuz isə çempionat oyunlarında bilinəcək. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.
- Yoxlama görüşü olsa belə, "Yagelloniya"ya 1:8 hesablı məğlubiyyətiniz birmənalı qarşılanmadı. Həmin görüşün ilk hissəsində qapınızdan 7 top buraxdınız. Nə baş vermişdi? Belə zəif oyunun səbəbi nə idi?
- Səbəbini mən də bilmirəm. Futboldu, belə oyunlar olur. Təbii ki, yoxlama matçları olsa da, bu cür uduzmamalıyıq. Bəlkə də, komanda yorğunluq fonunda meydana çıxdığı üçün belə alındı. İstənilən halda, buna yol vermək olmaz. Tezliklə həmin görüşü unudub, bütün fikrimizi çempionat matçına yönəltməliyik.
- Qış fasiləsindən sonra çempionatda ilk oyununuzu "Neftçi"yə qarşı keçirəcəksiz. Əzəli rəqiblə dueldə gəncəli azarkeşləri sevindirə biləcəksizmi?
- Bəli, üçüncü dövrədə ilk görüşü "Neftçi"yə qarşı keçirəcəyik. Bizim üçün vacib oyundu. Yaxşı nəticəyə imza atmağa çalışacağıq. "Neftçi" ilə görüşdə 3 xalı hədəfləmişik. Kimin güclü olduğu meydanda bilinəcək. Öncədən nəsə demək istəmirəm. Amma təslim olmayacağıq, sona qədər mübarizə aparacağıq.
- "Kəpəz" çempionatın ilk 2 dövrəsini aşağı səviyyədə keçirdi. Bunun da məntiqi nəticəsi olaraq, komanda turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. "Kəpəz"dən qış fasiləsindən sonra nə gözləmək olar?
- Komandanın qışa qədər zəif çıxış etdiyini bilirəm. Artıq yeni komanda qurulub. Bildiyim qədərilə əvvəlki heyətdən cəmi 5-6 futbolçu qalıb. Əksər oyunçular gedib, əvəzinə mən də daxil olmaqla, yenilər gəlib. Hazırlıq prosesində var gücümüzlə çalışdıq. Sadəcə, bu kollektivə bir qədər vaxt lazımdı. Futbolçuların bir-birinə uyğunlaşmasını nəzərdə tuturam. Ümid edirəm ki, bu prosesi tezliklə geridə qoyacağıq. Belə də ki, hər oyuna maksimum nəticə üçün çıxacağıq. Bacardıqca çox xal toplayıb, turnir cədvəlində yuxarı pillələrə qalxmalıyıq.
- Buraya gələnə qədər Azərbaycan çempionatını izləyirdizmi?
- Bəli, izləyirdim. Son illərdə Azərbaycan futbolunun səviyyəsi xeyli artıb. "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki iştirakı sözlərimi təsdiqləyir. Bu, onu göstərir ki, Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəkdi. Yaxşı komandalarınız var. "Qarabağ"la yanaşı, "Qəbələ" və "Zirə"ni də qeyd edə bilərəm. Onlar da ötən il avrokubokda iştirak etdilər. Çempionatınız haqda müsbət fikirdəyəm.
- "Kəpəz"lə bu ilin sonuna kimi müqavilə imzalamısız. Azərbaycanda uzun müddət qalmağı planlaşdırırsız?
- Bunu zaman göstərəcək. Hər şey məndən asılıdı. Uzun müddət qalmaq üçün özümü yaxşı tərəfdən göstərməliyəm. Gələcək karyeramla bağlı qərarı vaxtı çatanda verəcəm. Hazırda özümü əla hiss edirəm. "Kəpəz"ə tam adaptasiya olmuşam. Gəldiyim ilk gündən komanda yoldaşlarım mənə xoş münasibət göstərdilər, onlarla qısa zamanda dostlaşdıq.
- Baş məşqçi Yunis Hüseynov haqda hansı fikirdəsiz? Onunla işləmək sizin üçün rahatdımı?
- Bəli, şəxsən mənim üçün rahatdı. "Kəpəz"də hazırda heç bir problemim yoxdu. Yalnız futbol barədə düşünürəm. Meydana çıxıb, oynamaq və komandama qələbə qazanmaq üçün kömək etmək istəyirəm.
- Millətlər Liqasında Azərbaycan və Gürcüstan yığmalarının şanslarını necə dəyərləndirirsiz?
- Millətlər Liqası Gürcüstan və Azərbaycan kimi komandalar üçün yaxşı şansdı. Seçmə mərhələdən Avropa çempionatına yollanmaq çox çətindi. Bu mənada, Millətlər Liqasının yaradılması əla oldu. D divizionunda hər qrupda 4 komanda yarışacaq və onlar meydana çox motivasiyalı çıxacaqlar. Həm Gürcüstan, həm də Azərbaycan millisi yaxşı komandadı.
- Bu iki yığmanın pley-offda üz-üzə gəlməsini istərdizmi?
- Niyə də yox?! Maraqlı oyun olardı.
- Sizcə, qarşılaşsalar, kim qalib gələr?
- Məncə, Gürcüstan (gülür). Ukrayna vətəndaşlığını daşısam da, milliyətcə gürcüyəm. Odu ki, Azərbaycanla oyun olsa, Gürcüstan yığmasına azarkeşlik edəcəm. Amma sizin milli də yaxşı komandadı.