“Qəbələ” uduzsa da, “gümüş”ə sahib çıxa bilər! İdman

“Qəbələ” uduzsa da, “gümüş”ə sahib çıxa bilər!

Topaz Premyer Liqasının XXV turundan sonra turnir cədvəlində yaranan vəziyyət növbəti qarşılaşmaları müəyyən mənada həlledici olmasına şərait yaradıb. Həftəsonu baş tutacaq XXVI turun həm "gümüş"ün sahibinin adına aydınlıq gətirməsi, həm də medal iddiasından olanların birinin arzusunun üstündən xətt çəkməsi mümkündü. Hesabat turunda "Qarabağ"a 1:2 hesabı ilə uduzan "Zirə" gümüş medallara nəzəri şansını itirib ki, bu da 2-ci sırada qərarlaşan "Qəbələ"nin "dördlük"də yerinin təmin olunması deməkdi. "Qırmızı-qaralar" gümüş mükafatı isə artıq növbəti oyununda rəsmiləşdirə bilər.
Mayın 5-də öz meydanında "Keşlə"ni qəbul edəcək Roman Qriqorçukun yetirmələri qalib gəlsə, digər oyunların nəticələrinə baxmadan ikinciliyi, və bununla da Avropa Liqasına vəsiqəni rəsmiləşdirəcək. Düzdü, "Sumqayıt" xal hesabında onlara çata bilər. Amma "Qəbələ" şəxsi oyunlarda "Gənclik şəhəri" təmsilçisini (1:0, 1:0, 1:1) üstələyir. "Qırmızı-qaralar" 1 xalla da "gümüş"ə yiyələnə bilər. Bunun üçün "Sumqayıt"la "Neftçi"nin xal itirməsi lazımdı. Sonuncular "Qarabağ", "Gənclik şəhəri" təmsilçisi "Kəpəz"lə səfər oyununda qalib gələ bilməsə, "Qəbələ" heç-heçə ilə 2-ci yerə rəsmən sahib çıxacaq.
Qriqorçukun komandasının məğlubiyyətlə də "gümüş"ə yiyələnmək imkanına malikdi. Bunun üçün "Sumqayıt"ın uduzması, "Neftçi"nin istənilən xal itkisi yetərlidi. "Qəbələ"nin gümüşü deyil, mükafatlardan birini təmin etməsi və bununla da avrokuboklarda iştirak hüququ qazanması da mümkündü. "Qırmızı-qaralar" bərabərliklə kifayətlənsə, "Sumqayıt" və "Neftçi"dən biri qalib gəlib, digəri xal itirsə, əyalət təmsilçisi ilk "üçlük"də yerini təmin edəcək. İkinci yerin hazırkı sahibinin bunu məğlubiyyətlə rəsmiləşdirməsi də mümkündü. Bunun üçün ya "Neftçi" qalib gəlib, "Sumqayıt" uduzmalı, ya da sonuncular xal qazanmalı, bakılılar çempionla görüşdən qələbəsiz ayrılmalıdı.
Qarşıdakı tur "Zirə" üçün də mükafat qazanmaq baxımından son şansı ola bilər. Ayxan Abbasovun yetirmələri gümüş arzusunun ardından, bürünc xəyalı ilə də vidalaşmaq təhlükəsi ilə üz-üzədi. Səfərdə "Səbail"lə görüşəcək qəsəbə təmsilçisi məğlub olmasa, medal şanslarını qoruyacaq. Zirəlilər meydandan xalsız ayrılsa, "Sumqayıt"ın Gəncədəki qələbəsi ilə "üçlük" ümidləri ilə vidalaşacaq.
Qeyd edək ki, XXVI turun oyunları mayın 4-6-da baş tutacaq. Turun ilk günü "Kəpəz" "Sumqayıt"ı, ertəsi gün "Səbail" "Zirə"ni, "Qəbələ" "Keşlə"ni qəbul edəcək. Həftənin son matçında çempionluğu hələ ötən tur təmin edən "Qarabağ"la "Neftçi" üz-üzə gələcək.