“Tərlan Əhmədova mövsümün sonuna qədər dəstək verəcəm” İdman

“Tərlan Əhmədova mövsümün sonuna qədər dəstək verəcəm”

"Tərlan Əhmədovla müqaviləmiz var və buna hörmətlə yanaşırıq. Baş məşqçinin də arxasındayıq". Bu sözləri "Neftçi"nin prezidenti Kamran Quliyev deyib. AFFA Klublar Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran Quliyev baş məşqçi məsələsinə mövsümün sonunda baxacaqlarını bildirib: "Baş məşqçi ilə bağlı söz-söhbət həm ona, həm də komandaya mənfi təsir edir. Tərlan Əhmədov bizim baş məşqçimizdi. Digər klubda çalışarkən da baş məşqçiyə sona qədər dəstək vermişəm. "Neftçi" rəhbərliyi bütünlüklə Tərlan Əhmədovun arxasındadı. Mövsüm başa çatdıqdan sonra həm onunla, həm sponsorumuzla bu məsələni müzakirə edə bilərik. "Bilirəm, demirəm" söhbəti deyil. Çünki hələ müzakirə etməmişik. Yalnız mövsüm başa çatdıqdan sonra baxılacaq".
Tərlan Əhmədov müsahibələrinin birində "Neftçi"yə gələrkən qarşıma avrokuboka vəsiqə şərti qoyulmamışdı" fikrini səsləndirmişdi. Paytaxt klubuna bir müddət əvvəl rəhbər təyin olunan Quliyev də belə tələb qoymadığını söyləyib: "Mətbuata çatdırılanlar var, bir də daxildə olan məsələlər. Birincisi, Tərlan müəllim "Neftçi"yə gələndə, mən başqa klubda işləyirdim. Bütün söz-söhbətlərdə iştirak etməmişəm. Mənim ilk addımım baş məşqçiyə və onun heyətinə dəstək olmaq idi. Bunu mövsümün sonuna qədər edəcəm. Hər şey ola bilər. Yolumuzu davam etdirə də bilərik, ayrıla da. Xahiş edirəm ki, bu məsələ müzakirə mövzusuna çevrilməsin. Çünki bu, komandaya, baş məşqçiyə təsir edir. Olduqca təcrübəli və komandanı yaxşı tanıyan çalışdırıcımız var. Mövsümün sonudu, il ərzində görülən işin bəhrəsinin görülüb-görülməyəcəyi son turlardan asılıdı. Amma oturub kim gedəcək, kim gələcək məsələsini müzakirə edirik. Bununla futbolumuzun inkişafına dəstək vermək olmaz. Bu, ancaq söz-söhbət yaratmaqdı".
Prezident komandanın Avropa Liqasına vəsiqə şanslarını da dəyərləndirib: "İstərdik ki, son 3 turda komanda vahid yumruq kimi birləşsin və hədəfinə çatsın. Avropa Liqasına vəsiqə uğrunda yarışan 4 klubun hər biri üçün çətin olacaq. "Neftçi", "Zirə", "Sumqayıt" və "Keşlə" arasında mübarizə davam edir".