İrəvan şəhərinin kameral təsviri - 1831-ci il - 2-ci yazı  İdman

İrəvan şəhərinin kameral təsviri - 1831-ci il - 2-ci yazı 

“İrəvan şəhərinin Kameral təsviri” kitabının I cildinin tərcüməçisi, tərtib və giriş mətninin müəllifi Nazir Əhmədlinin araşdırmasındakı kameral təsvirdə vurğulanır ki, şəhərdə kilsələr, məscidlər, bazarlar, karvansaralar, dükanlar, hamamlar, körpülər, ictimai müəssisələr və meydanların sayı aşağədakı kimi idi. İrəvan qalasında kilsələr: Yunan-rus Müqəddəs Məryəm ana kilsəsi. Şəhər hissəsində: Erməni Pyotr və Pavel kilsəsi, Erməni Müqəddəs Yekaterina kilsəsi, Erməni Müqəddəs Sergi kilsəsi, Erməni Müqəddəs Georgi kilsəsi, Erməni Müqəddəs İohann kilsəsi, Erməni Müqəddəs Apostol kilsəsi. Şəhərin Dəmirbulaq hissəsində xristian kilsələri yoxdur.
Məscidlər. Qaladakı iki məsciddən birini cəbbəxanaya, digərini isə mağazaya çeviriblər. Şəhər hissəsində: Zalı xan məscidi, Novruzəli bəy məscidi, Sərtib xan məscidi.
Təpəbaşı hissəsində: Hüseynəli xan məscidi, Hacı İmamverdi məscidi, Dəmirbulaq hissəsində, Hacı Cəfər bəy məscidi. Bu məscidlərdən başqa, bir neçə də uçmuş məscidlər var ki, burada qeyd olunmayıb.
İrəvan şəhərindəki əsas bazar şəhərin Təpəbaşı və Şəhər hissələrinin arasında yerləşir. Karvansara və dükanlar buradadır. Bundan başqa, Şəhər hissəsində Zalı xan məscidinin yaxınlığında 18 dükan da var. Təpəbaşı hissəsində 4, Dəmirbulaq hissəsində isə 2 dükan var.
İrəvan şəhərində 6 karvansara var. Onlar aşağıdakılardır:
1) Gürcü karvansarası
2) Culfa karvansarası
3) Zöhrab xan karvansarası
4) Tahir karvansarası
5) Sulu qamçı karvansarası
6) Susuz qamçı karvansarası
7) Hacı Əli karvansarası
Bütün bu karvansaralar bişmiş kərpic və əhəngdaşı məhlulu ilə möhkəm tikilmişdir, lakin təmirə ehtiyacları var. Gürcü karvansarasında - 62 dükan, Culfa və Zöhrab xan karvansaralarında 76, Tahir karvansarası, Sulu qamçı və Susuz qamçı karvansaralarında cəmi 58, Yuxarı mərtəbədə 16, Hacı Əli karvansarasında 40 dükan, Karvansaralarda cəmi 252 dükan var. Parça satanların sırasında 151 dükan; köhnə çarşının qapısından sağda 20, solda 31 dükan; Köhnə Göysarı qapılarının yanında 33 dükan; Məscid meydanında 70 dükan; Axundun evindən sağda 121 dükan; Zalı xan məscid meydanında 18 dükan; Təpəbaşı hissəsində 4 dükan; Dəmirbulaq hissəsində 2 dükan; Qalada 32 dükan var idi. Şəhərin hissələrində, cərgələrdə və Qalada cəmi 599 dükan işləyirdi; İrəvandakı bütün dükanların sayı 851 idi.
Kameral təsvirdə qeyd olunur ki, “dövlətə məxsus dükanlardan başqa, orda-burda xüsusi dükanlar da tikməyə başlayıblar. Xəzinəyə məxsus bütün dükanlar işlədiləndən sonra xüsusi dükanlara icazə vermək olar. Meydanların künc-bucağında pul mübadiləsi ilə məşğul olanların, saatsaz və zərgərlərin taxta budkaları da var, lakin onları da qadağan etmək lazımdır, çünki belə budkalar meydanların görkəmini pozur. Qeyd etmək lazımdır ki, dövlətə məxsus dükanların çoxu boşdur”.
Şəhər hissəsində Şeyxülislam hamamı, Zalı xan hamamı və Mehdi bəy hamamı yerləşir. Təpəbaşı hissəsində Hacı Bəyim hamamı, Şeyxülislam hamamı, Hacı Əli hamamı, Qafar və Hacı Fətəli hamamı, Kərim bəy hamamı, Dəmirbulaq hissəsində isə Həsən ağa və Cəfər bəy hamamları var. Bundan başqa, Qalada gözəl bir hamam da var, hal-hazırda uçub-dağılır. Onun yanında uzunluğu 15, eni 4 sajen olan hovuz tikilib. Dərinliyi 3 arşın olan bu hovuz yayda qarnizon üçün çox yaxşı çimərlik idi. Təəssüf ki, onu saz vəziyyətdə saxlamırlar.
Qırxbulaq çayının üzərində 4 körpü var ki, onlardan biri Abbasdərə körpüsüdür. Onların hamısı, xüsusilə adını çəkdiyi- miz körpü zədələnib və bərpası tələb olunur. Zəngi çayı üzərindəki gözəl körpü və 3 arx üzərindəki körpülər əhəngdaşı ilə tikilib, lakin onların da təmirə ehtiyacı var, əks halda uçub dağılacaqlar. Bu körpünü təmir edib saz vəziyyətdə saxlamaq xüsusilə ona görə vacibdir ki, Böyük İrəvan yolu ondan keçir.
İrəvan şəhəri meydanlarla zəngin deyil. Əsas meydanı xəzinəyə məxsus olan Xan bağı meydanıdır.
İkinci meydan bazarla Qalanın arasındakı meydandır ki, kənd əhalisi gətirdiyi ərzaq məhsullarını burada satır. Hüseynəli xan məscidi meydanı, Zalı xan meydanı, Günəmuzd fəhlələrin tutulduğu Fəhlə bazarı var. Bunlardan ən diqqətəlayiqi Hüseynəli xan məscid meydanıdır. Dükanlarla əhatə olunmuş bu meydan düzgün dördbucaqlı şəklindədir.
Şəhərin ictimai müəssisələri təhsil müəssisələri ilə məhdudlaşır. Hər bir məsciddə və hər bir erməni kilsəsində məktəb var və hər birində 20 şagird oxuyur, lakin Hüseynəli xan məscidində 200-ə yaxın şagird təhsil alır.
İrəvan şəhərinin ətrafındakı torpaqlarda əla taxıl, pambıq, çəltik, buğda, arpa, darı, küncüt, kətan, bostan bitkiləri, hər cür tərəvəz yetişir. Bir sözlə, hər bir bitki əkmək üçün yararlıdır. Polisin verdiyi məlumata görə, İrəvan şəhərinə məxsus olan torpaq 200 əkin gününə bərabərdir, lakin təxmini hesablamalara görə, əkinəyararlı suvarılan torpaq 300 xalvardan az deyil və Qırxbulaq çayının suyu ilə suvarılır.
Bostanlıq ərazi kimi Səvzikar İrəvan qalasının qənşərində yerləşir və hər il iltizama verilir. Yonca əkinləri Qaladan bir qədər aşağıda yerləşir.
Kameral qeyd: “İrəvan erməniləri arasında yayılan rəvayətə görə, guya nə vaxtsa varlı bir erməni İran şahından öz azadlığını satın alıb və İrəvan sakinləri hər cür vergilərdən azad edilib, ona görə də Sərdar onlardan heç bir vergi almayıb. Lakin bu şifahi rəvayətin nəyə əsaslandığı məlum deyil və heç kim deyə bilmir ki, ermənilərə verilən padşah fərmanı haradadır. Mən isə hesab edirəm ki, bu yararlı torpaqları iltizama verib onun gəliri ilə şəhər kapitalını yaratmaq lazımdır”.

İrəvan şəhəri sakinlərinin əsas gəlir yeri bağçılıqdır. Torpağın əla vəziyyətinə görə bağçılıq burada inkişaf etmiş vəziyyətdə oımaqla sakinlərə kifayət qədər gəlir gətirir. Burada bağçılığın 2 növü var: birincisi evlərin həyətində yerləşən bağçadır və müxtəlif meyvələr verir. İkincilər isə üzüm bağlarıdır ki, sakinlər qış vaxtı onları tərk edir, çünki bağların çoxu şəhərdən kənarda yerləşir. Xəzinə bağlarını nəzərə almasaq, bağ və bağçalar belədir: 662,75 əkin günü ərazini tutan 499 bağ var. İldə 59 xalvar 66 batman üzüm, 793 xalvar 83 batman meyvə verir. 914 əkin günü ərazi tutan 94 bağ var, ildə 559 xalvar 25 batman üzüm, 480 xalvar 10 batman meyvə verir.
Evlərin həyətində 189,5 əkin günü ərazisi olan 155 bağ var, ildə 178 xalvar 80 batman üzüm və 148 xalvar 80 batman meyvə verir. Evlərdən kənarda 192 əkin günü ərazi tutan 17 bağ var, ildə 95 xalvar 50 batman üzüm və 28 xalvar meyvə verir. Dəmirbulaq hissəsində evlərin həyətində 394,25 əkin günü ərazi tutan 218 bağ var, ildə 35 xalvar 50 batman üzüm və 544 xalvar 20 batman meyvə verir. Evlərdən kənarda 80,5 əkin günü ərazisi olan 16 bağ var, ildə 29 xalvar üzüm, 26 xalvar 50 batman meyvə verir.
Yaşayış olmayan yerlərdə Abbasdərə bağlarında 68 əkin günü ərazini tutan 8 bağ var, ildə 59 xalvar üzüm və 51 xalvar meyvə verir. Köşəkli bağlarında 205,5 əkin günü ərazini tutan 50 bağ var, ildə 218 xalvar üzüm, 89 xalvar 30 batman meyvə verir. Abihəyat bağlarında 258 əkin günü ərazisi olan 56 bağ var, ildə 182 xalvar üzüm, 141 xalvar 30 batman meyvə verir.
Qızılqala bağlarında 96,25 əkin günü ərazisi olan 67 bağ var, ildə 189 xalvar 50 batman meyvə verir. Dərəbağ bağlarında 288,5 əkin günü ərazisi olan 67 bağ var, ildə 154 xalvar 30 batman üzüm və 180 xalvar 90 batman meyvə verir. Noraguğ bağlarında 736,5 əkin günü ərazisi olan 61 bağ var, ildə 511 xalvar 30 batman üzüm və 137 xalvar 60 batman meyvə verir. Dəlmə bağlarında 735,75 əkin günü ərazisi olan 145 bağ var, ildə 491 xalvar üzüm və 79 xalvar meyvə verir. Səvzikər bağlarında 31.5 əkin günü ərazisi olan 10 bağ var, ildə 12 xalvar 9 batman üzüm və 1 xalvar meyvə verir.
Xosrovabad bağlarında 29 əkin günü ərazisi olan 3 bağ var, ildə 14 xalvar üzüm və 50 batman meyvə verir. Söyüdlü bağlarında 5 əkin günü ərazisi olan 1 bağ var, məhsul verməyib. Şahadişli bağlarında 29 əkin günü sahəsi olan 3 bağ var, ildə 9 xalvar üzüm və 45 xalvar, 50 batman meyvə verir. Gül dərəsi bağlarında 10 əkin günü ərazisi olan 1 bağ var, il- də 5 xalvar meyvə verir. Kəpkən bağlarında 2 əkin günü ərazisi olan 1 bağ var, məhsul verməyib. Bütün İrəvan şəhəri üzrə 4.932 əkin günü ərazisi olan 1473 bağ var, ildə 2.608 xalvar 34 batman üzüm, 2.982 xalvar 3 batman meyvə verir.
Kameral təsvir tərtib edilərkən İrəvan şəhərində 304 arı ailəsi var idi və ildə 350 batman bal və 50 batman mum verirdi. Buranın balı çox keyfiyyətli olmaqla 1 batmanı 7 abbasıdan 2 rubla qədər qiymətə satılır.
Bütün bağların tut ağacları ilə zəngin olmasına və ipəkqurdu bəsləmək üçün yaramasına baxmayaraq, bu sahə cəmi 10 funt ipək əldə etməklə məhdudlaşır. Bəzi sakinlərin dediyinə görə, İrəvanda qış çox sərt keçir, ipəkqurdunu saxlamaq olmur. Lakin həqiqətə yaxın olan odur ki, onlar tənbəllikdən bu bahalı məhsulu yetişdirmək istəmirlər.
Zəngi çayında əla forel və qeyri-adi dərəcədə böyük sazan ovlanır. Çoxusu tatar olan xeyli sakin bu işlə məşğuldur. (1 əkin günü ərazi 0,4-ha, 1 xalvar 455,5 kq, 1 batman 4,55 kq-a bərabərdir).
İrəvan şəhərində heyvandarlıq da inkişaf edib. Azərbaycanlılar 44 dəvə, 46 camış, 33 öküz, 110 inək, 87 buzov, 1.695 qoyun və keçi, 438 at, 34 qatır və 540 ulağa sahibdir. Yerli ermənilərdə 1 camış, 29 inək, 24 buzov, 85 at, 11 qatır və 154 ulaq var. İrandan gələn ermənilərdə 3 camış, 9 öküz, 16 inək, 14 buzov, 275 qoyun və keçi, 34 at, 4 qatır və 105 ulaq, Türkiyədən gələn ermənilərdə 3 inək, 2 buzov, 65 qoyun və keçi, 8 ulaq var. İrəvan şəhəri üzrə cəmi 44 dəvə, 50 camış, 42 öküz, 159 inək, 128 buzov, 2.035 qoyun və keçi, 560 at, 50 qatır və 843 ulaq qeydə alınıb.
İrəvan şəhərindəki əl işləri insan cəmiyyətinin ictimai həyatını faydalı vəziyyətə çatdırdığı və ürkək təcrübələr apardığı dövrü xatırladır. Zavod və fabriklər acınacaqlı körpəlik mərhələsindədirlər. Dərəkənd məhəlləsində, Zəngi çayının yaxınlığında dabbaqlar (dəriçilər) icmasının 32 dükanı vardır. Sərdarın zamanında bu sahə iltizama verilmişdi. İrəvan dərilərindən başqa, burada Bəyaziddən və Makudan gətirilən dəriləri də nəzərə almaqla ildə təxminən 4 min böyük, 25 min balaca dəri aşılanır. Böyük dərilər 3 rubla, kişik dərilər isə 80 qəpik gümüş pula satılır. Bəzi ustalar dərini çox yüksək keyfiyyətlə aşılayır, bəziləri isə onları bacarıqsız şəkildə qara, qırmızı və sarı rəngə boyayır.

Elçin Qaliboğlu