“Suriyadakı ermənilər Bəşər Əsədə, Livandakı ermənilər Hizbullaha qarşı aktivlik göstərə biləcəklər” Dünya

“Suriyadakı ermənilər Bəşər Əsədə, Livandakı ermənilər Hizbullaha qarşı aktivlik göstərə biləcəklər”

Mübariz Əhmədoğlu: "İrandakı ermənilər İranın daxilində müxtəlif xaoslar yaratmağa cəhdlər edəcəklər"

"ABŞ-dakı erməni təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti ABŞ Dövlət Departamentində Yaxın Şərqdəki ermənilərin problemini müzakirə etdi. Müzakirədə ABŞ Dövlət Departamentinin 3 açar bürosunun (Əhali, Qaçqınlar və Miqrasiya Məsələləri üzrə Büro, Yaxın Şərq İşləri üzrə Büro, Avropa və Avrasiya İşləri üzrə Büro) vəzifəli şəxsləri iştirak etdilər". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, Suriya və Livandakı ermənilərə yardım məsələləri müzakirə edildi: "ABŞ Dövlət Departamentinin rəsmiləri Suriya ermənilərinin (Yaxın Şərq ermənilərinin) müdafiəsinə sadiq qalacaqlarına vəd verdilər. İranın "Altılıq"la müqaviləsindən sonra ABŞ-da İranı özünün Yaxın Şərq siyasətinə qoşacağına böyük ümid var. Bu məqsədlə həm İrana yardım, həm də İrana nəzarət məqsədilə Yaxın Şərqdəki erməni kartı aktivləşdirilir. Dövlət Departamentinin rəsmi məlumatında Suriya və Livan ermənilərinin adı çəkilsə də, İrandakı ermənilərin də bu prosesə qoşulacağı dəqiq ehtimallıdır. Son illərdə Aİ-nin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə keçmiş məsul şəxsi K.Eşton İranda olarkən erməni icmasının təmsilçilərilə görüşlər keçirdi. Bu səpkidən olan görüşlər sonradan davam etdirildi". Onun sözlərinə görə, ABŞ İraq kampaniyası zamanı İraqın daxilində yaşayan və İraqdan çıxmış ermənilərdən aktiv şəkildə istifadə etdi. M.Əhmədoğlu vurğulayıb ki, erməni Apostol Kilsəsinin İraq Yeparxiyasının başçısı A.Asaduryanın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu bəlli oldu: "Sonrakı proseslər İraq ermənilərini İraqı tərk etməyə vadar etdi. ABŞ Dövlət Departamenti öz və BMT xəttilə üç dəfə yardım tranşı ayırmaqla onları Ermənistanda və sonradan ABŞ-da yerləşdirdi. İndi də həmin proseslər təkrar oluna bilər. Suriyadakı ermənilər Bəşər Əsədə, Livandakı ermənilər Hizbullaha qarşı aktivlik göstərə biləcəklər. İrandakı ermənilər İranın daxilində müxtəlif xaoslar yaratmağa cəhdlər edəcəklər. Bu proseslərdə iştirak zamanı ermənilərin məruz qaldığı itkilər ABŞ Dövlət Departamenti tərəfindən kompensasiya ediləcəkdir. Çox böyük ehtimalla bu variantın müəllifi prezident S.Sərkisyandır. ABŞ Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin əleyhinə aktivliyə başladı. S.Sərkisyan Amerikadakı erməni təşkilatları vasitəsilə Yaxın Şərq ermənilərini ABŞ-ın əlində alətə çevirməklə ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsindəki ermənilərin ziyanına olan aktivliyini neytrallaşdıra bildi". Politoloq qeyd edib ki, Ermənistan müdafiə nazirinin müavini D.Tonoyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-da səfərdə oldu: "BMT və ABŞ rəsmilərilə keçirdiyi görüşlərdə beynəlxalq sülhməramlı əməliyyatlarda, xüsusən Livanda erməni sülhməramlılarının iştirak payının artırılması məsələlərini müzakirə etdilər. Yerli ekspertlərin fikrincə, son gərginlik fonunda Ermənistan öz təhlükəsizliyi üçün ABŞ-dan yardım almaq niyyətindədir. Ermənistan müdafiə nazirinin birinci müavini D.Tonoyan ABŞ-da olarkən Dağlıq Qarabağ tənzimlənməsini və Ermənistanın təhlükəsizlik məsələlərini də müzakirə etdi. D.Tonoyan ABŞ-dakı erməni təşkilatlarının təmsilçilərilə görüşərkən verdiyi açıqlamalar diqqəti çəkir: ABŞ Dağlıq Qarabağda təhlükəsizliyin təminində ermənilərə yardım edəcəkdir". M.Əhmədoğlunun sözlərinə görə, D.Tonoyanın təhlükəsizlik anlamı Dağlıq Qarabağ tənzimlənməsində status-kvonun möhkəmləndirilməsi mənasındadır: "Başqa sözlə, ABŞ müharibənin başlanmasına imkan verməyəcəyinə, qoşunların təmas xəttində əlavə qurğuların yerləşdirilməsinə nail olacağına ermənilərə vəd verib. Bu, Yaxın Şərq ermənilərinin ABŞ-ın əlində alətə çevrilməsindən sonra ilk belə razılaşmadır. Ermənistan müdafiə nazirinin RF müdafiə nazirinin dəvətindən imtina edərək, Rusiyaya getməməsi fonunda ABŞ-da keçirilən bu görüş xüsusilə diqqət çəkir. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ortalığa qoyduğu indiki variant ermənilər üçün qəbul edilməzdir. Ona görə dərhal ABŞ-a tərəf qaçdılar". Politoloq əlavə edib ki, ABŞ-ın Ermənistandakı səfiri R.Millz bu ərəfədə xeyli aktivləşib, müxtəlif görüşlər keçirir: "Əsasən müxalifətçi deputat qrupu ilə görüşdə Ermənistanın təhlükəsizliyi, Türkiyə-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin və təhlükəsizlik məsələlərini müzakirə etdi. Amerika Erməniləri Assambleyasının həmsədri V.Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti Ermənistan və Dağlıq Qarabağda oldu. Eləcə də erməni mənşəli amerikalı filantrop Meri Nacaryan da ailə üzvlərilə birlikdə Ermənistan və Dağlıq Qarabağda oldu. Glendeyl (Kaliforniya) şəhərinin meri A.Nacaryan M.Nacaryanın oğludur. A.Nacaryanın iddiasına görə kollecdə B.Obamanın sinif yoldaşı olub". M.Əhmədoğlu vurğulayıb ki, İraq erməniləri ABŞ-in havasına oynadı. İndi İraqda erməni qalmayıb, xristianların sayı xeyli azalıb: "Suriya erməniləri Rusuyadan gələn təklifləri rədd etdilər, ABŞ-ın ssenarisinə kökləndilər.Suriyada erməni icmasının 30 faizi qalıb.Amma vaxtilə Yaxın Şərqdə ən böyük icma idi. İran erməniləriQərblə sıx əlaqələrə can atırlar, Ermənistanda rəsmi Tehranın niyyətlərini reallaşdıra bilmədilər. Ona görə son 25 ildə İranda ermənilərin cəmi 40 faizi qalıb. Məntiqi nəticə: ABŞ–dakı erməni təşkilatlarının bu dəfəki aktivliyi də əks effektli olacaq".