Türkiyəni işğal planı Dünya

Türkiyəni işğal planı

Anadolunun yeni xəritəsi
Cavid

"İşğal Anadolunun içərilərinə qədər irəliləyəcək..."

Bu sözləri Türkiyənin "Yeni Şafak" qəzetinin yazarı İbrahim Karagül yazıb.

"İşğal Anadolunun içərilərinə qədər irəliləyəcək, əgər..."
"Mosul-Hələb xətti Türkiyənin gələcəyini müdafiə xəttidir. Bu xətt müharibə səbəbidir. Bu xətt heç bir şəkildə başqa bir ölkə üçün tərk edilməyəcək", - Karagül qeyd edib.
Yazarın sözlərinə görə, Türkiyə Mosul-Hələb xəttini müdafiə edə bilməsə, işğal Anadolunun içərilərinə qədər irəliləyəcək: "Biz özümüzün və bölgəmizin xəritəsini çəkə bilməsək, onlar bütün bölgənin xəritəsini dəyişdirəcəklər, Anadolu üçün yeni xəritə çəkəcəklər".

Məkkə - qlobal işğalın əsas ünvanı

İbrahim Karagül qeyd edib ki, tam olaraq bir dünya müharibəsi ərəfəsində yaşayırıq: "Belə bir vəziyyəti İraq işğalı dövründə görmədik. Müharibənin yalnız Suriyada baş verdiyini düşünürsünüz. Halbuki, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, ABŞ və Avropa Birliyi ölkələri bu müharibənin içindədir. "İslam öz daxilində döyüşəcək" və "Müharibə islamın qanlı sərhədlərindən ürəyinə, mərkəzinə yerləşəcək" ifadələrinin mənasını yeni-yeni başa düşürük. Mən "Müharibə islamın ürəyinə yerləşəcək" cümləsindəki "ürəyin" həmişə Məkkə olduğuna, Kəbə olduğuna inandım. Yeni qlobal işğalın əsas ünvanının Məkkə olduğuna inandım. Böhranı addım-addım izləyin, ayaq izlərinin hara çatacağını, harada dayanacağını çox açıq şəkildə görəcəksiniz".

Qüds-Məkkə xətti

Yazarın sözlərinə görə, beynəlxalq güclər islamın sərhədlərində "soyuq müharibə"dən qalan qarşıdurmaları ilk olaraq Mesopotamiyaya daşıdılar.
"Daha sonra Şimali Afrikanı zəiflədərək hərəkətsiz vəziyyətə gətirdilər. Bir addım sonra isə Qüds-Məkkə xəttini vurmağa başladılar. İsrail üzərindən Qüdsü "girov" alanlar indi Kəbəni mühasirəyə almağa, "girov" götürməyə çalışırlar. Kəbənin ətrafındakı bütün ölkələri bir-bir zəiflədərək və parçalayaraq oyundan kənarlaşdırmaq istəyirlər. Suriya böhranından sonra son halqaya, daxili halqanı hədəf alacaqlar, birbaşa Kəbənin ətrafındakı halqanı vuracaqlar", - Karagül yazıb.

"Türkiyəni işğal edirlər"

Onun sözlərinə görə, hazırkı prosesləri oxumaq I Dünya Müharibəsindəki cəbhələrini oxumaq qədər əhəmiyyətlidir: "Osmanlı siyasi xəritəsini darmadağın edənlər coğrafiyanı ikinci dəfə dağıtmaq istəyirlər. Bəlkə bundan sonra dövlətlər qalmayacaq, dövlətçiklər, şəhər dövlətləri olacaq".
"Yeni Şafak" qəzetinin yazarı qeyd edir ki, bütün bu prosesləri planlaşdıranlar Türkiyəni işğal etməyə başladılar: "Şəhərlərimizi, mahallarımızı işğal etdilər. Ölkənin cənubi-şərqini suriyalaşdırmağa çalışırlar, Türkiyəni Suriya üzərindən boğmaq istəyirlər. Türkiyəyə qalib gələ gəlməyəcəklərini bildikləri üçün Rusiyanı üzərimizə saldılar. Moskvanın çubuğu ilə bizi döyməyə çalışırlar. Rusiya, İran, İraq və PKK Türkiyəyə qarşı ortaq cəbhədir. Bu cəbhənin əsas məqsədi Türkiyəni zərərsizləşdirərək Suriyanı nəzarət altına almaqdır. Suriyadan sonra da ünvan Bəsrə körfəzidir. Cizrə və Silopidə baş verənlər PKK üzərindən həyata keçirilən işğal əməliyyatıdır. Türkiyəyə açıq şəkildə "torpaqlarını işğal edirik, sən sus!" deyirlər. Hansı ölkə belə bir işğala göz yuma bilər? Hansı ölkə suverenlik haqlarını bir terror təşkilatına qurban verə bilər?" Türkiyə PKK üzərindən həyata keçirilən bu layihənin hansı dövlətlərin oyunu olduğunu bilməyəcək qədər yazıq bir ölkədirmi? Bizlər PKK və YPG-nin Cizrə və Silopidəki işğalının bir təşkilatın işğalı olmadığını, arxasında hansı ölkələrin olduğunu bilməyəcək qədər şüursuz bir millət ola bilərikmi? Bu mahallarda əməliyyat başlayacaq və Türkiyə bu çirkli hesabları alt-üst edəcək. Bundan sonra səslərin haralardan gəldiyinə diqqət yetirin. Səs haradan gəlirsə, işğalın arxasındakı güclər də onlardır. Türkiyə diri və güclü bir ölkədir, onların işğal planlarını boşa çıxaracaq, Suriyanın simalında və Qafqazda hörülməyə çalışılan divarı yıxacaq".
İbrahim Karagülün sözlərinə görə, Bağdaddan yüksələn anti-Türkiyə bəyanatları fars zehniyyətinin ərəb dilində ifadəsidir. Yazar qeyd edir ki, Ankaranın Mosul əməliyyatı hərbi taktika və güc hesablaşmaları baxımından fövqəladə bir addım idi: "Onlar müdaxiləni Suriyadan gözləyirdilər, amma türk əsgəri İraqın Mosul bölgəsinə yerləşdi. Mosul əməliyyatı ilə Silopi və Cizrə əməliyyatları bir-birini tamamlayır. Çünki mahallarımıza hədəf alan işğal ilə Şimali Suriya dəhlizi onların ortaq hücumları idi. Artıq yalnız diplomatiya dövrü başa çatıb. Güc çox şeyi dəyişdirəcək. Səlcuqlunu, Osmanlını var edən, xaçlılar və monqollara müqavimət göstərən iradə qazanacaq. Bu iradə tarixin bir çox dövrlərində bölgənin yeni xəritəsini formalandırdı. Bu iradə xəritəni bir daha çəkəcək…"