Rus-gürcü yaxınlaşması Dünya

Rus-gürcü yaxınlaşması

Qaranlıq məqamlar

Cavid

Rusiya ilə yaxınlaşma fonunda bəzi siyasi məqsədlərdən savayı, Gürcüstanın praqmatik davranaraq Türkiyə və Azərbaycandan iqtisadi asılılığı aradan qaldırması, ümumiyyətlə, son zamanlar Moskva ilə aparılan danışıqlar və bir çox iqtisadi layihələr ziddiyyətli görünür.
Bu barədə açıqlamasında politoloq İlqar Vəlizadə danışıb. Ekspert Rusiya-Gürcüstan yaxınlaşması ilə bağlı bir çox məqamlara aydınlıq gətirib: "Son zamanlar Gürcüstan Rusiya arasında danışıqlar nəticəsində əldə olunmuş razılıqlar fonunda regionda müəyyən dərəcədə iqtisadi proseslərə korrektə edilir. Belə ki, Rusiya Gürcüstanla bir çox sahələrdə, xüsusilə də enerji sahəsində əlaqələri bərpa etməyə çalışır. Tiflis isə burada öz siyasi məqsədlərini güdür. Xüsusilə də Osetiya ilə bağlı ümidlər var. Bununla yanaşı, Gürcüstan tərəfi həm də çox praqmatik davranaraq Türkiyə və Azərbaycanın iqtisadi asılılığından qurtulmağa çalışır. Əsas məqsəd bundan ibarətdir. Ümumilikdəisə hazırkı siyasət çox ziddiyyətli görünür. Bu, Gürcüstanda da birmənalı qarşılanmır. Çünki Tiflisin Rusiyanın təsiri altına düşməsi ehtimalları istisna edilmir".
Gürcüstanın təkcə Rusiya ilə yox, İranla da enerji sektorunda münasibətlərini inkişaf etdirməsinə toxunan politoloq bu əməkdaşlıqda Moskva və Tehranın planlı hesab apardığını deyib: "İranla Rusiya Gürcüstana tranzit ölkə kimi baxır. Rusiya Gürcüstan vasitəsilə Ermənistana və nə vaxtsa interkonnektor vasitəsilə İranın şimalına,İran isə Azərbaycan və Gürcüstan vasitəsilə Qara dəniz ölkələrinə qaz nəqlini arzu edir. Hər iki tərəfin öz planı var. Bu planlar isə daha çox siyasi hesablara söykənir. Real iqtisadi hesablamalar göstərir ki, ortada elə dəciddi mənfəətlər yoxdur. Çünki Gürcüstan və Ermənistan Rusiya üçün dar bazarlardır, perspektivlər isə sual altındadır.İrəvanın maliyyə imkanları günü-gündən azalır. Gürcüstan bazarı isə İran üçün heç vaxt maraqlı olmayıb. Bu mürəkkəblikləri nəzərə alsaq, sözügedən layihələrin problemsiz həyata keçəcəyini söyləmək çətindir".
İ.Vəlizadə son zamanlar Rusiya ilə yaxın münasibətlərə baxmayaraq, Gürcüstanın planlarında daha çox Qərbə inteqrasiyanın olduğunu bildirib: "Avropa İqtisadi Komissiyası Gürcüstanın Rusiya ilə imzaladığı sazişlərin assosiasiya şərtlərinə uyğun gəlmədiyini görsə, onda açıq şəkildə Gürcüstan hökuməti qarşısında tələb qoyula bilər. Ona görə də hazırda gürcü hakimiyyəti Moskva ilə danışıqlarda çox ehtiyatla davranır. Tiflis heç vaxt avropalı tərəfdaşlarının qəzəbinə tuş gəlmək istəməz. Gürcüstan tərəfi enerji xəttinin Osetiyadan keçməsini qəbul edərsə, onda problem yaranmayacaq. Əks təqdirdə, layihəni Rusiya-Azərbaycan-Gürcüstan vasitəsilə həyata keçirmək olar. Bütün hallarda Azərbaycan Rusiya və İranla tranzit əməkdaşlığa maraqlıdır. O şərtlə ki, Ermənistan bu layihədən kənarda qalsın".
Qeyd edək ki, "Qazprom" 2014-cü ildə Gürcüstana 0,3 milyard kub metr kommersiya xarakterli qaz ötürüb. Rəsmi Tiflis, ümumiyyətlə, Rusiyadan qaz alışını artırmaq istədiyini bəyan edib. Artıq tərəflər arasında Milan və Luksemburqda danışıqlar keçirilib. Rusiya ilə bərabər, Tiflis enerji mənbələrinin diversifikasiyası üçün İranla da danışıqlara başlamağı nəzərdə tutur. Gürcüstan müxalifəti isə hazırkı hakimiyyətin Rusiya ilə bağlı siyasətinə kəskin etiraz edir. Müxalifət "Gürcü arzusu" koalisiyasını Moskvanın maraqlarına xidmət etməkdə günahlandırır. Ekspertlər isə müqavilənin imzalanacağı təqdirdə Rusiyanın Cənubi Qafqazda təsirini artıracağını və Ermənistanın enerji ilə təchizatının daha da asanlaşacağını söyləyirlər.