Tramplar üçün xoşagəlməz sürpriz Dünya

Tramplar üçün xoşagəlməz sürpriz

Trampın arvadının şəhəri tərk etməsi tələb olunur, Çin prezidentdən üz döndərir, seçicilər mövqelərini dəyişirlər...

Nyu-York əhalisi Trampın arvadından şəhəri tərk etməsini tələb edib. Xarici media xəbər verir ki, 100.000 insan ABŞ prezidentinin xanımı Melaniya Trampın Nyu-Yorku tərk etməsi tələbi ilə petitsiya imzalayıb. Məlum olduğu kimi Melaniya Tramp oğlunun təhsil ilini başa vurana kimi Nyu-Yorkda qalacaqlarını elan etdikdən sonra petitsiyaya imza atanların sayı daha da çoxalıb.
Ekspertlər hesablayıblar ki, birinci ledinin Nyu-Yorkda təhlükəsizliyini təmin etmək üçün vergi ödəyiciləri hər gün 1 milyon dollara yaxın əlavə pul ödəməlidirlər. Petitsiyaya imza edənlər Nyu-York qubernatoru Endryu Kuomoya və şəhərin meri De Blazioya müraciətlərində tələb edirlər ki, 5-ci avenyudakı 58 mərtəbəli binanın penthausunda Melaniya və oğlunun təhlükəsizliyindən imtina etsinlər. Petitsiya müəllifi yazır ki, birinci ledinin mühafizəsinə ayrılmış vəsait yollara, məktəblərə, yeni iş yerlərinə və şəhərin başqa xərclərinə sərf olunmalıdır. "Vergi şəhərin yaxşılaşmasına yönəlməlidir, bir nəfərin təhlükəsizliyinə yox" – petitsiyada yazılır.
ABŞ-da prezident ailəsinin hər bir üzvünün xərcləri Konqres tərəfindən təsdiqlənir və ayrılan pullardan əlavə xərc barədə cəmiyyət də xəbərdar olur. Hər hansı bir şıltaqlığa, ərköyünlüyə yol verilmir. Mətbuat onu da yazır ki, ABŞ-ın Texas ştatından olan 38 seçicidən biri öz mövqeyini dəyişib. Xarici media xəbər verir ki, Dallasdan olan həkim Kristofer Suprun Donald Trampın xeyrinə səs verməkdən imtina edib.
Həkim "The New York Times" üçün yazdığı məqaləsində bildirib ki, Trampı layiqli namizəd hesab etmir. "Fikrimcə, Tramp kifayət qədər təcrübəyə malik deyil", - deyə o bildirib. Suprun qeyd edib ki, dekabrın 19-da keçiriləcək səsvermənin gedişatında Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə keçmiş namizədlərdən biri – Ohayo ştatının qubernatoru Con Keysikaya səs vermək niyyətindədir. Həkim əlavə edib ki, ABŞ üçün hələ hər şey itirilməyib və seçicilər "düzgün qərar" qəbul edə bilərlər.
Qeyd edək ki, daha əvvəl Donald Trampa səs verəcək Seçicilər Kollegiyasının 6 nümayəndəsi mövqelərini dəyişib. Bu arada Çin də Trampdan üz döndərir. Belə ki, Çində çoxları Donald Trampın ABŞ prezidenti seçilməsini alqışlayaraq, buna Pekinin qələbəsi kimi baxlb hesab edirdi ki, biznesmen kimi onun münasibətlərə yanaşması rəqibinkindən daha açıq olacaq. Lakin telefon zəngi və Tvitterdə bir neçə açıqlamadan sonra bu baxış dəyişir. Çində çoxları indi onun prezidentliyinin əvvəl düşündükləri kimi o qədər asan olmayacağını anlamağa başlayıb. Eyni zamanda, Pekinin mümkün diplomatik və iqtisadi reaksiyası ilə bağlı müzakirələr aparılır.
Keçən həftənin cümə günü prezident seçilmiş Donald Tramp on illərdir diplomatik ehtiyat mərhələsindən sonra ilk dəfə olaraq Tayvanın prezidenti Tsay İnqvenə birbaşa telefon edib. Bu telefon zəngi Pekini olduqca narahat edib. Təkcə Trampın bunu edən ilk prezident seçilmiş şəxs olduğuna görə deyil. Həm də ona görə ki, sonradan Tvitter səhifəsində bu haqda məlumat verən Tramp Tayvan liderinin rəsmi titulunu prezident Tsay kimi göstərib.
Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsərək münasibətləri Pekinlə qurub. Çin həm də demokratik üsulla idarə olunan adanın Çin Xalq Respublikasının bir hissəsini olduğunu iddia edir. Diplomatik münasibətlərin bu şəkildə dəyişilməsinə dair razılığın bir hissəsi olaraq, Vaşinqton Tayvanla siyasi əlaqələri kəsməyə razılıq verib. Vaşinqtonda Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, ABŞ rəsmiləri Pekinlə əlaqə saxlayıb və Trampın telefon zəngindən sonra "vahid Çin" siyasətini bir daha təkrar ediblər. Pekində diplomatik protokolun pozulması şokundan sonra Tramp Tvitter səhifəsində Pekin vaxtı ilə daha iki mesaj yerləşdirib.
"Çin valyutasının dəyərini aşağı salanda (bu bizim şirkətlər üçün rəqabəti çətinləşdirir) bizim buna razı olduğumuzu soruşmuşdumu?",- deyə o, ilk mesajında bildirib və sonra davam etdirib: "Bizim onların ölkəsinə gedən məhsullara yüksək vergilər tətbiq edib (ABŞ onlara vergi qoymur), ya da Cənubi Çin dənizinin ortasında nəhəng hərbi kompleks tikəndə? Mən belə düşünmürəm!"
Pekin indiyə kimi Trampla bağlı tənqidlərini minimum səviyyədə saxlayıb və Çinin cavabı çoxlarının gözlədiyi kimi sərt olmayıb. Çinin Xarici İşlər Naziriyi telefon söhbətini Tayvan tərəfindən "kiçik fənd" adlandırıb. Çin eyni zamanda, Birləşmiş Ştatlarda müvafiq orqanlar və ABŞ-ın Pekindəki səfirliyinə "xüsusi təqdimat" etdiyini bildirib.
Bazar ertəsi günü brifinq zamanı Xarici İşlər Naziriyiin sözçüsü Lu Kanq nə insidentlə, nə də Trampın Cənubi Cin dənizi kimi həssas mövzunun da toxunulduğu son Tvitter mesajları ilə bağlı əlavə açıqlama verməyib. Çin telefon zənginə görə Tayvanı günahlandırıb, lakin Birləşmiş Ştatlara da diplomatik etiraz bildirərək, "vahid Çin" siyasətinin Birləşmiş Ştatlarla münasibətlərin əsasında durduğunu bəyan edib.