Rus-türk yaxınlaşması: Türk ordusu Qafqaza qayıdır? Dünya

Rus-türk yaxınlaşması: Türk ordusu Qafqaza qayıdır?

"Rusiya-Türkiyə yaxınlaşmasının Qafqaza mənfi təsiri olmayacaq". Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.
"Bir həftə öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İrəvana göndərdiyi mesajında Azərbaycana qarşı istənilən təxribatın qarşısında Türkiyənin dayanacağını söylədi. Üstəlik, Naxçıvanda Türkiyənin baza statuslu hərbi qüvvələri yerləşdirilir. Azərbaycan-Türkiyə münasibətləri daha da yüksək səviyyəyə qalxır. Türkiyə, Azərbaycan və Gürcüstan ordularının birgə təliminin keçirilməsi, eyni zamanda bölgədən keçən neft-qaz kəmərlərinin birgə qorunması haqqında ümumi razılıq əldə olunub. Artıq bir dəfə bu ölkələr birgə qərargah təlimləri də keçiriblər. Türkiyə nə Azərbaycan, nə də Gürcüstana mənfi təsir göstərəcək addım atacaq", - deyə o bildirib.
Politoloqun fikrincə, Türkiyəyə Azərbaycan və Gürcüstanla hərbi ittifaq yaratmaq hava və su kimi lazımdır:"Türkiyə Qafqaz dövlətidir. Naxçıvana gəlincə isə burada Türkiyənin xüsusi səlahiyyətləri var. Qars müqaviləsinə əsasən, Naxçıvan üçün yaranan istənilən təhdid zamanı Türkiyə birbaşa məsuliyyəti üzərinə götürür. Ermənistandakı Rusiyanın Gümrü bazasına alternativ olaraq Naxçıvanda, eləcə də Gürcüstanda Türkiyənin baza yaratmaq istəməsi məntiqə uyğundur. Rusiya buna heç bir halda etiraz edə bilməz. Türkiyə-Rusiya münasibətlərinin dərinləşməsi müəyyən bir limitə qədər olacaq. Bu limitdən o yana iki dövlət arasında yaxınlaşma olmayacaq. Çünki Türkiyə NATO dövlətidir. Rusiya-Türkiyə münasibətlərinin dərinləşib strateji xarakter alacağını proqnozlaşdırmıram".
Qeyd edək ki, son zamanlar Türkiyə-Rusiya münasibətlərində daha ciddi yaxınlaşma var. Artıq tərəflər arasında Suriya məsələsində razılıq əldə olunub. Üstəlik, Rusiya rəsmilərinin tez-tez Türkiyəyə səfərləri müşahidə edilir. Türkiyəyə sonuncu dəfə Rusiya Müdafiə naziri Sergey Şoyqunun səfər edib, Prezident Ərdoğanla məxfi görüşməsi də bu qəbildəndir.
Onu da bildirək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün əvvəl ölkəsində səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdü.
Rusiyanın "Svobodnaya pressa" nəşri İstanbulun Tarabya sarayında bağlı qapılar arxasında baş tutan görüşü qiymətləndirib.
Nəşr qeyd edir ki, Moskva PYD terror təşkilatının ABŞ-a yaxınlaşmasından sonra təşkilatın nəzarətində olan Suriyanın Afrin bölgəsindən uzaqlaşmağa qərar verib. Bu baxımdan, Türkiyənin Afrində həyata keçirəcəyi əməliyyata Rusiyanın da dəstək verəcəyi bildirilir.
Türkiyənin həyata keçirəcəyi əməliyyatın "Fərat Qılıncı" adlandırılacağını yazan "Svobodnaya pressa" 70 gün davam edəcək əməliyyatın gedişatında bölgədəki 41 PYD hədəfinin məhv edilməsinin planlaşdırıldığını qeyd edib.
Nəşr yazır ki, PYD-nin rəhbəri Saleh Müslim əməliyyata mane olmaq üçün ABŞ-dan kömək gözləyir.