“ABŞ bundan sonra dünya jandarmı olmayacaq“ Dünya

“ABŞ bundan sonra dünya jandarmı olmayacaq“

ABŞ prezidenti gözlənilmədən İraqa, sonra isə Almaniyaya gedib və həmin ölkələrdə dislokasiya edilən hərbçilərlə görüşüb. O, Almaniyadakı Ramstein Hava Qüvvələri Bazasında hərbçilər üçün üstündə "Make America Great Again" yazılmış qırmızı beysbol kepkalarını imzalayıb, əsgərlərlə şelfi çəkdirib.
İraqdakı Əl-Əsəd bazasında isə o, qonşu Suriyadan 2 min hərbçini çıxarmaq qərarını müdafiə edib, deyib ki, İslam Dövləti (İŞİD) qruplaşması demək olar məğlub edilib və hər hansı şəkildə baş qaldırarlarsa, İraqdakı ABŞ əsgərləri onların öhdəsindən gələ bilər.
"Heç bir ölkənin bizim ordunun onları qoruması üçün istifadə etməsinə imkan vermək istəmirik. Buna görə ödəniş etmirlər, etməli olacaqlar", – Tramp Birləşmiş Ştatların qlobal polis rolunun başa çatdığını elan edərkən söyləyib. "Bütün dünyaya yayılmışıq. Çox adamın eşitmədiyi ölkələrdə mövcuduq. Səmimi desəm, gülünc səslənir", – o vurğulayıb.
Suriyadakı ABŞ əsgərləri İŞİD-ə qarşı savaşan kürd yaraqlılarına yardım edirdi. Tramp səfəri zamanı İraq rəhbərliyi ilə də görüşməliydi, amma onun necə keçirilməsi barədə razılıq olmadığından görüş təxirə salınıb. Ağ Evin sahibi Bağdadın yaxınlığındakı ABŞ hərbi bazasında hərbçilərlə görüşü zamanı deyib ki, rəsmi Vaşinqtonun dünya polisinin rolunu oynamaq fikri yoxdur və planetdəki bütün münaqişələrin həll edilməsində cavabdehlik daşımır: "ABŞ bundan sonra dünya jandarmı olmayacaq".
"Ümid edirəm ki, Suriyadan qoşunların çıxarılması haqda qərar düzgündür. Mən öncədən də demişdim ki, bizim Suriyadakı missiyamız İŞİD-i və onun mövqelərini məhv etməkdir. 8 il öncə elan etdik ki, Suriyaya 3 aylıq gedəcəyik, ancaq indiyədək orda qalmışıq. Hazırda biz düzgün addım atırıq və başladığımız işi sona çatdırmaq istəyirik. Türkiyə prezidenti Ərdoğan söz verib ki, Suriyada İŞİD terror təşkilatını tamamilə məhv edəcək". Tramp belə deyib.
Tramp İraqdan sonra Almaniyaya gələrək Ramşteyn avia bazasında bir çox hərbçilərlə görüş keçirib. Bu haqda informasiyanı Associated Press agentliyi yayıb.