Yavlinskidən sensasiyalı bəyanat Dünya

Yavlinskidən sensasiyalı bəyanat

"Krım Ukraynaya qaytarılmalıdır"

Cavid

Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Frans 24" telekanalına müsahibəsində deyib ki, Ukraynanın cənub-şərqində ikinci Krım olmayacaq, Krım rus torpağıdır. Rusiyanın xarici işlər naziri Ukrayna prezidenti Pyotr Poroşenkonun hakimiyyətinin legitimliyini tanıyıb və bildirib ki, Rusiya Donbas hövzəsində Krım ssenarisini təkrarlamaq niyyətində deyil.
"Prezident Pyotr Poroşenko hazırda Ukrayna üçün ən yaxşı şansdır", - Lavrov telekanala müsahibəsində bildirib.
O, qeyd edib ki, Kiyev və Moskva daimi dialoq aparır: "Deyə bilmirəm ki, bizim Ukrayna prezidenti Pyotr Poroşenko ilə əlaqələrdə hər hansı çətinliklərimiz var. Ən azından iki ölkənin rəhbərləri səviyyəsində dialoq aparılır. Rusiya Ukraynanın Donbas hövzəsini zəbt etməyə hazırlaşmır. Donetsk və Luqansk vilayətlərinin muxtariyyət dərəcəsinə gəlincə, bunu ukraynalıların özləri həll etməlidir. Rusiya Ukraynanın federasiya halına salınmasını və ya muxtariyyəti təklif etmir".
Ukraynalı ekspertlər isə bildirir ki, Rusiya rəhbərliyi "Novorossiya" layihəsinin icrasının başa çatdırılması haqqında informasiyaları yaymağa çalışır, ancaq bu informasiyalar real hərəkətlərdə özünü göstərmir.
Qeyd olunur ki, hadisələrin bu cür inkişafı Donbas hövzəsində münaqişənin yeni mərhələsindən xəbər verə bilər.
Rusiyanın "Yabloko" partiyasının lideri Qriqori Yavlinski isə sensasiyalı bəyanatla çıxış edib. O, Krımın Ukraynaya qaytarılmasını çıxış yolu olduğunu deyib.
"Bu problemin Rusiyanı bütün həyatı boyu izləməməsi üçün Krımdan imtina etmək lazımdır". Yavlinski partiya siyasi şurasının iclasında belə deyib.
Siyasətçinin fikrincə, "Krımın statusuna dair Ukrayna qanunları əsasında 2-ci legitim referendum keçirmək", beynəlxalq müşahidəçilərin iştirakı ilə Rusiya və Ukrayna arasında "təhlükəsizlik kəməri" yaratmaq, ticarət və qaz tədarükü sahəsində iqtisadi münasibətləri tənzimləmək lazımdır.
Ağ Evin mətbuat katibi Coş Ernest isə bildirib ki, prezident Obamanın bu həftənin sonuna kimi "Ukraynada azadlığa dəstək aktı"nı imzalayacağı gözlənir.
Dekabrın 13-də amerika konqresi yeni qanun layihəsi qəbul edib. Qanun layihəsində Rusiyanın müdafiə və enerji kompleksinə qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulub.
Qanun Ukraynaya yardım üçün 350 milyon dollar ayrılmasına,hərbi təchizata imkan verir.
Ukrayna prezidenti Pyotr Poroşenko isə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltmanom ilə görüşündə bildirib ki, Rusiya "humanitar yardım" bəhanəsi ilə tanklar üçün yanacaq və blokpostlar üçün tikinti materiallarını daşıyır. Ukrayna prezidenti bu vəziyyəti qəbuledilməz adlandırıb.
"Humanitar karvanın yoxlanılması zamanı yalnız son avtomobildə ərzaq məhsullarının olduğu məlum idi. Qalan avtomobillərdə isə tanklar üçün yanacaq və blokpostların yaradılması üçün tikinti materialları var idi. Bu tamamilə qəbuledilməzdir", - prezident vurğulayıb.
Bu arada Avropanı qorxuda saxlayan Rusiyanın ən təhlükəli raketləri Kalininqraddan geri aparıldığı söylənilir. Rusiya Müdafiə Nazirliyi Kalininqradda yerləşən Qərb Hərbi Dairəsinin taktiki "İskəndər-M" raket briqadasının dislokasiya yerini dəyişdirəcəyini bildirib.
Verilən rəsmi açıqlamada bildirilir ki, dislokasiya Qərb Hərbi Dairəsində keçirilmiş təlimlərdən sonra həyata keçirilib.
Qeyd edək ki, ən yeni silahlar hesab olunan "İskəndər-M" raketləri NATO-nun Şərqi Avropada raket əleyhinə medafiə sistemləri quraşdırmaq istəyinə cavab olaraq Kalininqrada yerləşdirilmişdi.
Ukrayna böhranı səbəbindən Qərbin tətbiq etdiyi sanksiyalar fonunda Kreml rəhbərliyinin hərəkəti geri addım kimi də qiymətləndirmək olar. Belə ki, Avropa ölkələrini və Rusiyanı hüç cürə razı salmayan sanksiyalar hər iki tərəfə milyardlar bahasına başa gəldiyindən Moskva ilə ABŞ istisna olmaqla digər Qərb ölkələri ilə anlaşması da istisna olunmur. Dəfələrlə Rusiya rəsmiləri oxşar təkliflə Avropa ölkələrinə müraciət etmişdilər.
Ekspertlər hesab edirlər ki, raketlərin geri çəkilməsi Putinin taktiki addımı da ola bilər. Bununla Putin sanksiyaların yumşaldılmasına və ölkəsini bürüyən iqtisadi böhrandan çıxmaq üçün zaman qazanmasına da hesablanmış ola bilər.
Politoloq Vəfa Quluzadə Rusiyada müşahidə edilən iqtisadi böhran fonunda Moskvanın Ukrayna siyasətini şərh edərkən deyib ki, Rusiya prezidenti Vladimir Putin çıxılmaz vəziyyətdə qalıb. Əgər Rusiya Krımdan çıxsa, Donbas və Donetskdən birdən-birə əl çəksə, onun daxildə vəziyyəti çox pis olacaq.
Ekspertin sözlərinə görə Rusiya Ukraynadan əlini üzməsi Vladimir Putinin xarici siyasətinin iflasa uğraması deməkdir. Analitikin fikrincə, buna görə Kreml Ukrayna ilə bağlı siyasətində hələlik redaktələr etmək fikrində deyil. Vəfa Quluzadə hesab edir ki, Rusiya iqtisadiyyatının böhranlı vəziyyətdə olması, təkcə Qərbin ona qarşı tətbiq etdiyi sanksiyaların nəticəsi deyil. "Rusiya əslində Ukraynadakı münaqişədən əvvəl çökməyə başlamışdı. Putin düşünürdü ki, Krımı almaqla rus xalqının fikrində dəyişiklik edəcək və qələbə əhval-ruhiyyəsi yaradacaq. O elə hesab edirdi ki, bununla Rusiya iqtisadiyyatını xilas edəcək. Amma bunlar heç biri baş vermədi. Ona görə də Rusiyada vəziyyət olduqca ağırdır".
Politoloq bildirib ki, Rusiyada inqilabın baş verməsi üçün hüququn aliliyi, demokratiya və azadlıq əsas rol oynayır. Vəfa Quluzadə qeyd edib ki, çar Rusiyası vaxtında rus xalqına azadlıq verilsəydi, ABŞ indi Rusiya ilə müqayisədə geridə qalmış dövlət olardı.
"Rusiya elitası isə heç vaxt buna imkan verməyib. Bu, indi də belədir. Rusiyanın inkişafı üçün rus xalqına azadlıq lazımdır. Hesab edirəm ki, Rusiyada böyük dəyişikliklər olacaq",-deyə Vəfa Quluzadə bildirib.