Rubl ipoteka böhranı yaratdı Dünya

Rubl ipoteka böhranı yaratdı

Rusiya valyutası dəyərini sürətlə itirməkdədir

Cavid

Dünyada ən çox xristian pravoslavlarının yaşadığı Rusiyada rus rublu yenə də dəyərini itirməkdə davam edir. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması və Qərbin iqtisadi sanksiyaları səbəbindən 2014-cü ili rublun sürətlə dəyərini itirməsi fonunda başa vuran bu ölkə Yeni ilə də iqtisadi problemlerlə girdi. Yanvarın 6-da 1 dollar 63, 1 avro isə 75 rubla satılıb.
Yeni ili ənənəvi olaraq iki həftəlik bayram tətili ilə qeyd edən Rusiya hələlik bu əhval-ruhiyyədən ayrılmayıb. Amma bu zahiri sakitlik Moskva birjasında keçirilən yeni ilin ilk satışlarına təsir etmədi. ABŞ dolları yenə də rus rublu qarşısında bahalaşdı. İndi bir ABŞ dolları 63 rubldan satılır. Dünya bazarlarında neftin qiymətinin yeni ilin ilk günlərində ucuzlaşmaqda davam etməsi rus rublunu önümüzdəki günlərdə də çalxantılı bir dönəmin gözlədiyindən xəbər verir. İqtisadi böhrana görə bayram əhvalını pozmamağa çalışan Moskva sakinlərinin yeni illə bağlı optimist proqnozları diqqət çəkir.
Moskva sakini Sergey Zaxarov deyir ki, indiki vəziyyət ona çox təsir edir: "Çünki, mən ticarətlə məşğul oluram və satışlar çox azalıb. Ancaq mən hökumətimizə inanıram. Ümid edirəm ki, onlar lazımi tədbirləri görəcəklər və 2015-ci ilin ikinci yarısında böhran başa çatacaq".
Rublun sürətlə dəyər itirməsinin ən çox təsir etdiyi sahələrdən biri isə daşınmaz əmlak sektorudur. Rusiya əmlak bazarındakı bütün alqı-satqılar rublla həyata keçirildiyi üçün indi Moskvada evlərin qiyməti dollar nisbətdə yarı-yarıya ucuzlaşıb. Moskvada evlərin ortalama qiyməti hər kvadrat metr üçün 5 min dollar idisə, indi bu rəqəm 3 min dollardan da aşağı düşüb.
Dünya bazarlarında neft qiymətlərinin ucuzlaşmasına paralel olaraq Rusiya neft satışından əldə etdiyi gəliri əvvəlki səviyyədə qoruya bilmək üçün neft istehsalını artırma yolunu seçib. Dekabr ayında Rusiyada günlük neft hasilatı 10 min 667 barelə çıxıb ki, bu da son 20 ilin ən yüksək rəqəmidir.
O da qeyd olunur ki, Rusiyada rublun uçuruma doğru yuvarlanması ölkədə ipoteka proqramından istifadə edən minlərlə mənzil sahibini az qala çıxılmaz vəziyyətdə qoyub.
2008-2009-cu illərdə maliyyə böhranından əvvəl ipoteka götürmüş gənc ailələr banklara axışaraq, yeni müqavilə şərtləri razılaşdırmağa çalışır. Rublun son aylar yarıdan çox dəyərini itirməsi fonunda, həmin ailələr işləsələr belə, ipoteka borcu üzrə aylıq annuitetləri ödəyə bilmir.
Yaranmış vəziyyətdən ən çox əziyyət çəkənlər, ipotekanı qlobal maliyyə böhranından əvvəl xarici valyuta ilə götürənlərdir. Yelena Qoqoberidze sahib olduğu mənzilin ipoteka borcunu aylıq olaraq dollarla ödəyir. Dediyinə görə ailəsi ilə birgə 2009-cu ildə maliyyə böhranını bir təhər adlaya bilib, ancaq indiki rubl böhranın öhdəsindən gəlmək onlar üçün müşkül məsələyə çevrilib: "Dekabrda dolların kursundakı qəfil dəyişiklik, ipoteka borcunu tam ödəcəyimizə bir ümid yeri qoymadı. İpoteka aldığımız 2008-ci illə müqayisə etsək, o vaxt dollar 24 rubla dəyişdirilirdi, hazırda dolların kursu 60 rubldur, hətta pik həddə 80 rubla da yaxınlaşmışdı, indi təsəvvür edin bu illər ərzində bizim ödənişlər nə qədər yüksəlib".
O bankdan ipoteka borcunu dollardan rubla çevirməyi xahiş etsə də, bank onun ərizəsini rədd edib. Bank belə bir sxemin olmadığını əsas gətirsə də, bəziləri digər banklarla valyuta dəyişikliyi ilə bağlı orta məxrəcə gələ bilib. Rusiya bank analitiklərinə görə, bankların ən çox xarici valyuta, yəni avro və dollarla verdiyi ipoteka kreditləri 3.5% faizlə rəsmiləşdirilir. Sosial şəbəkədə təsis olunmuş "Bütov Rusiya İpoteka ödəyiciləri Birliyi" qrupunun məlumatına görə, hazırda rusiyada xarici valyutayla götürülmüş ipotekaya götürülmüş mənzillərdə yaşayanların sayı 250 mindən çoxdur. Mülki satmaq onların üçün heç də çıxış yolu deyil. Evlər Rusiya ərazisində olduğundan bir mənalı olaraq alqı-satqıda rublla rəsmiləşdiriləcək, ipoteka borcu isə olduğu kimi dollarla qalacaq. Moskvanın daşınmaz əmlak agenti Yuri Yufryakova görə vəziyyətdən əsas çıxış yolundan biri, banklarla ipoteka borcunun təkrar struktrurlaşdırılmasına dair danışıqlar aparmaqdır. Qeyd edək ki, dünən rusiya valyuta bazarlarında bir dollar 63 dollar dəyişdirilib.
Rus rublunun ucuzlaşması Azərbaycanın şimal bölgəsi bazarlarına da təsirsiz ötüşmür. Bu təsir fermerləri narazı salsa da, istehlakçıların ürəyincədir.
Rusiyada rublun dəyərinin kəskin düşməsi bölgədəki fermerlərin də xarici bazara çıxışını məhdudlaşdırıb. İlboyu əziyyətlə məhsul yetişdirən bağbanlar indi onu yalnız daxili bazarda satmağa məcburdur. Bu isə heç də onların ürəyincə deyil.
"Xaçmaz, Quba bazarlarına məhsullar aparırıq. Bu alıcı üçün sərfəlidir, ucuzluqdur hər şey boldur. Ancaq bizim üçün sərf eləmir, qazana bilmirik də, baha başa gəlir", – deyə fermer Tahir Məmmədov bildirdi.
Digər fermer Cəlal Harunov da yaranmış vəziyyətdən narazıdır: "Daxili bazarda gəlir istehsal etdiyimiz dəyərdən çox aşağıdır. Bu gün yerli bazarda məhsulumuzu vermişik. Yetişdirdiyimiz məhsulun bir hissəsini yerli bazarda satırıq. Qiymət fərqi isə 30-50 qəpik arasında dəyişir".
Fermerlərdən fərqli olaraq, mövcud vəziyyət alıcılar üçün sərfəlidir. Xaçmaz bazarındakı ucuzluqdan alıcılar həvəslə danışdı.
Alıcılar yerli bazarda qiymətlərin stabil qalmasını, Rusiyaya məhsul aparmaq fikrində olan fermerlər isə sərfəli alış-veriş arzu edir. Bazarınsa öz qanunları var ki, bu da zaman-zaman ya satıcının, ya da alıcının xeyrinə olur.