Putinin planı iflasa uğrayır Dünya

Putinin planı iflasa uğrayır

"Novorossiya" layihəsi həyata keçmir

Cavid
"Putinin "Novorossiya" layihəsi uğursuzluğa düçar oldu". ABŞ-ın "The Daily Beast" nəşri Rusiya prezidenti Vladimir Putinin "Novorossiya" planının iflasa uğradığını yazıb. Nəşrin yazdığına görə, "Novorossiya"nın yaradılması ilə bağlı Rusiya prezidenti Vladimir Putinin möhtəşəm planını həyata keçirmək mümkün olmadı. "Novorossiya" layihəsinin lap əvvəldən dağıldığını qeyd edən nəşr hesab edir ki, Moskva Donbas hövzəsi üçün məsuliyyəti Kiyevin üzərinə atmaq istəyir.
"Şərqi Ukraynadakı ruspərəst döyüşçülərin liderləri öz uğursuzluğunu açıq etiraf edirlər. Kremlin ideoloqları istəyirdilər ki, "Novorossiya"nı Donetskdən Odessaya qədər uzatsın və Krıma nəqliyyat dəhlizi yaradılsın. Rus millətçiləri hesab edirdilər ki, Rusiya "DXR" və "LXR" üsyançıları ilə birlikdə bütün "Novorossiya"nı zəbt etməli idilər. Amma layihə lap əvvəldən dağıldı, üsyançıların liderləri uğursuzluğa görə məsuliyyəti başqalarının üzərinə atırlar", - ABŞ nəşri bildirib.
Bu yaxınlarda isə "DXR" separatçı rejimin keçmiş "baş naziri" Aleksandr Boroday və separatçıların liderlərindən olan İqor Bezler verdikləri müsahibədə etiraf ediblər ki, "Novorossiya" layihəsi uğursuzluğa düçar oldu. Onlar uğursuzluğunu Qərbin sanksiyalarından sonra Rusiyada yaranan indiki iqtisadi böhranla izah ediblər.
Amerika nəşri qeyd edir ki, Putin və onun məsləhətçilərinin möhtəşəm "Novorossiya" layihəsi Ukraynanın şərqi və cənubi-şərqində yerləşən şəhərləri çox hissəsi, həmçinin Ukraynanın Qara dənizindəki strateji limanı Odessa və Azov dənizi sahilindəki Mariupol limanının tutulmasını nəzərdə tuturdu: "Amma hazırda "Novorossiya" layihəsi dağıdılmış Luqansk və Donetsk vilayətlərinin yalnız bir hissəsinə qədər geriləyib. Moskva iqtisadi böhranın dərinləşməsi ilə istəyir ki, Kiyev Donetsk və Luqansk üçün məsuliyyəti öz üzərinə götürsün. Belə ki, son iki ay ərzində, Putin "Novorossiya" terminindən istifadə etməkdən çəkinir və özünün əsas bəyanatlarını "Müqəddəs Krım" üzərində cəmləyib".
Ukraynanın "5 kanal"ın efirində ukraynalı jurnalist Pyotr Şuklinov isə bildirib ki, Kreml aktiv hücum əməliyyatları ssenarisinin icrasını sürətləndirməyə qərar verib.
Onun sözlərinə görə, Rusiya resursların tükəndiyini anlayaraq prosesi sürətləndirmək niyyətindədir. Jurnalist qeyd edib ki, separatçılar yeni il ərəfəsində gün ərzində 30 dəfə atəşkəsi pozurdusa, hazırda bu rəqəm təxminən 60-a qədər yüksəlib.
"Moskva aktiv hücum əməliyyatlarına hazırlaşır. Biz əvvəl hesab edirdik ki, bu, yazda olacaq, amma artıq proseslər başlayır. Putin anlayır ki, Kremldə yazılmış ssenarini sürətləndirmək lazımdır. Vaxt azdır, resurslar tükənir, daha sürətlə hərəkət etmək lazımdır", - Şuklinov fikrini əsaslandırıb.
Ukraynalı jurnalist həmçinin hesab edir ki, Kreml hakimiyyəti toqquşma zonasını genişləndirmək üçün Odessa, Xarkov, Zaporojye və Xerson vilayətlərində vəziyyəti gərginləşdirməyə çalışacaq.
Xatırladaq ki, Fransa, Rusiya və Ukraynadan ibarət olan "Normandiya formatı"nın 15 yanvar tarixində Astanada keçirilməsi planlaşdırılan görüşü baş tutmayıb. Görüş qeyri-müəyyən vaxta – bir neçə həftəliyə təxirə salınıb.
Bu arada Rusiya Dumasının deputatı Frans Klinseviç ABŞ-ı hədələyib.
Deputat ABŞ-ın Əfqanıstandakı silahları Ukrayanaya təhvil verəcəyi təqdirdə ölkəsinin adekvat addım ataraq Donbası silahlandıracağını deyib. Deputatın ssenarisinə əsasən bu təqdirdə qondarma Donetsk və Luqansk respublikalarının silahlanması bibaşa Rusiyanın payına düşəcək.

Ekspertlərin Vaşinqtonun belə radikal addım atmasına inanmadıqlarına baxmayaraq, Donbas Rusiya və ABŞ hərbi potensialının toqquşduğu nöqtə kimi qiymətləndirilir.
Milli strategiya institutunun prezidenti Mixail Remizov təklifi nəzərə alaraq, "Fikirləşirəm ABŞ tam şəkildə buna getməz. Ən azından bunun belə olmayacağı barədə bir çox texniki səbəb var. Çünki ABŞ və Ukrayna elə yaxın olmadığından aviasiya işə düşməlidir və əlbətdəki tranzit Rusiyadan keçə bilməz"- deyə o bildirib.
Onun fikrincə onsuz da Ukraynanın hərbi-texniki təchizatı bütün Qərb ölkələri tərəfindən çoxdan həyata keçirilir. Belə bir məqamda ABŞ-ın kəskin hərbi addımlar atması gözlənilmir.
Rusiyalı politoloq Aleksandr Duqin Putinin ABŞ tərəfindən devrilməsi ssenarisini üç hissəyə bölüb:
"1) "Novorossiya" məhv edilir və Qərbin təsiri burada güclənir. Putin imperializminin dayandırılmasına nail olduqdan sonra Krımın geri qaytarılması məsələsi qarşıya qoyulur;
2) Moskvanın Donbas liderlərini satması onlara qarşı nifrətin oyanmasına səbəb olur;
3) Vətənpərvərlərin Rusiyadan qovulması onların müxafilət cəbhəsində yer almasına səbəb olur. Bu isə onlara hava kimi lazımdır".
Politoloq artıq Rusiya cəmiyyətində Putinə qarşı münasibətin dəyişdiyini bildirib:
"ABŞ və Rusiyanın milli satqınları tərəfindən Putinin devrilməsi üçün hazırlanan plan növbəti dəfə rusların aldadılmasıdır. Bizim hər birimizə bu işdə iştirak etmək təklif olunur. Putini bu yola vadar edən şəxslər mütləq şəkildə onun nəticələri haqqında fikirləşiblər".
Ötən gün isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov latviyalı həmkarı Edqars Rinkeviçlə keçirdiyi mətbuat konfransında deyib ki, Rusiyanın rəsmi şəxsləri Moskvanın SSRİ-ni bərpa etməyə hazırlaşdığını bildirməyiblər.
Sergey Lavrov Latviyadan olan jurnalistin Rusiyanın SSRİ-ni bərpa etməyə çalışması ilə bağlı verdiyi suala cavab verərkən bildirib ki, konkret mənbə göstərilməlidir.
"Siz əvvəl dediniz ki, Rusiyanın Sovet İttifaqını bərpa etmək arzusu hamını qorxya salıb. Mən xahiş edirəm ki, sizdə konkret mənbələr varsa göstərin. Mənə Rusiya rəsmi nümayəndələrindən Sovet İttifaqının bərpası və "rus dünyası"nı bir araya gətirmək haqqındakı çıxışlarından sitat gətirin. Görək kim Sovet İttifaqının bərpasını və ya "rus dünyasını" bir araya gətirməyi təklif edib",-deyə XİN başçısı bildirib.
İslam Kərimov isə Putinin SSRİ-sindən imtina etdiyini deyib: "Özbəkistan keçmiş SSRİ-yə oxşar birliklərə heç vaxt daxil olmayacaq".
Özbəkistan prezident İslam Kərimov parlamentin Aşağı Palatasının yeni seçılmış üzvlərinin ilk toplantısındakı çıxışı zamanı bəyan edib.
"Hazırda bəzi dövlətlər keçmiş sovetlər ittifaqı sisteminin qaytarılmasına cəhd göstərir. Bəzi xarici televiziya kanalları Lenin və Stalin dövrünü tərifləyən verilişlər yayımlayır. Belə yanaşma bizim üçün qəbuledilməzdir. Bizim xalqımızın maraqlaına cavab verən öz inkişaf yolumuz var. Mən bir daha bildirirəm ki, keçmişə qayıtmayacağıq. Özbəkistan heç vaxt keçmiş SSRİ-yə oxşar birliklərə daxil olmayacaq", - İ.Kərimov çıxışında vurğulayıb.
Özbəkistan prezidenti bidirib ki, ölkəsi Avrasiya İttifaqına, yaxud Gömrük Birliyinə, eləcə də heç bir hərbi-siyasi bloka üzv olmayacaq: "Mən birbaşa deyirəm. Özbəkistan Avrasiya İttifaqı və Gömrük Birliyinə daxil olmayacaq".