Aynur Camalqızı Prezidentə müraciət edib Hadisə

Aynur Camalqızı Prezidentə müraciət edib

"Azərbaycan mətbuatı Sizə minnətdardır"

Gündəlik Teleqraf" MMC-yə daxil olan media orqanlarının rəhbəri Aynur Camalqızı Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: "Azərbaycanın dövlət müstəqilliyi Sizin uğurlu siyasətiniz sayəsində ən qüdrətli dövrünü yaşayır. Məhz Sizin möhtəşəm dəstəyiniz nəticəsində bu dövrü Azərbaycan mətbuatının da qızıl dövrü adlandırmaq olar.
Ümummilli liderimiz Heydər Əliyevin xalqın dəvəti ilə hakimiyyətə qayıdışından sonra başlanğıcı dahi mütəfəkkir Həsən bəy Zərdabidən götürülən Azərbaycan mətbuatı özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan dövlətçiliyini dağılmaq təhlükəsindən xilas edən və bugünkü qüdrətli Azərbaycanımızın təməllərini atan ümummilli liderimiz müstəqil mətbuatımızın da təməllərini atdı. Postsovet məkanında mətbuatın qarşısındakı əsas baryer olan senzuranın ümummilli liderimiz tərəfindən ləğvi də buna ən bariz nümunədir.
Hörmətli cənab Prezident!
Azərbaycan mətbuatı Sizin ümummilli liderimizin ənənələrini uğurla davam etdirməyiniz sayəsində öz qızıl dövrünü yaşamaqdadır. Sizin təşəbbüsünüzlə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və Fondun uğurla həyata keçirdiyi layihələr, jurnalistlərin ən böyük problemi olan mənzil məsələsinin həlli istiqamətində gördüyünüz işlər, Milli Mətbuatımızın 130, 135, 140 illik yubileylərini yüksək səviyyədə keçirməklə bağlı sərəncamlarınız Azərbaycan mətbuatına yeni nəfəs verib. Məhz bu stimulun nəticəsidir ki, Azərbaycan mediası milli maraqların qorunmasında öz funksiyaları çərçivəsində yaxından iştirak edir və zaman-zaman ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının təşkilatçılarına tutarlı cavablar verir.
Azərbaycan mətbuatının gücü və sanbalı məhz Sizin qayğınız nəticəsində formalaşıb. Təsadüfi deyil ki, Azərbaycanın çoxsaylı nümunələri sırasında mətbuata göstərilən dövlət dəstəyini də dünyanın bir çox ölkələrində örnək olaraq tətbiq edirlər.
Hörmətli cənab Prezident!
Bu gün 140 illiyini qeyd edən Azərbaycan mətbuatı Sizin qayğınız sayəsində ən güclü dövrünə qədəm qoyub. Jurnalistlərin Dostu olaraq Siz həmişə mətbuatımızın yanında olmusunuz, milli jurnalistika ənənələrimizin formalaşmasına böyük töhfə vermişiniz. Bu gün bütün Azərbaycan mətbuatı Sizə minnətdardır. Çünki Siz əməyi olan heç kəsi unutmursunuz. Bu sırada "Gündəlik Teleqraf" MMC-yə daxil olan media orqanlarının da adının olması, bir əməkdaşımızı "Əməkdar Jurnalist" fəxri adı, üç əməkdaşımızı "Tərəqqi" medalı ilə təltif etməyiniz bizim üçün böyük şərəfdir.
Cənab Prezident!
Sizin diqqətiniz bizim işimizə böyük stimul verir. Biz həmişə olduğu kimi, bundan sonra da Sizin Azərbaycan dövlətinin müstəqilliyi uğrunda apardığınız mübarizəni, gördüyünüz nəhəng işləri və atdığınız bütün addımları dəstəkləyəcəyimizi bir daha bəyan edirik.
Çox hörmətli cənab Prezident!
"Gündəlik Teleqraf" MMC adından bizə indiyə qədər verdiyiniz dəstəyə və mətbuatımızın 140 illiyi ərəfəsində göstərdiyiniz diqqətə görə Sizə dərin təşəkkürümüzü bildirir, hər zaman səmimiyyətlə dəstəklədiyimiz fəaliyyətinizdə böyük uğurlar arzulayırıq".