Botanika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir Hadisə

Botanika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva, Etnobotanika şöbəsinin elmi işçisi Nuri Mövsümova və Təhsil şöbəsinin müdiri Kəmalə Əsədova Böyük Britaniyanın London şəhərində elmi ezamiyyətdə olublar.

Botanika İnstitutundan Trend-ə bildirilib ki, ezamiyyətin məqsədi Kyu Kral Botanika Bağlarının Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə birgə həyata keçirilmiş layihənin müzakirəsi olub. Minilliyin Toxum Bankının layihə koordinatoru Aishay Faruk ilə görüşdə “Təhlükə altında olan biomüxtəlifliyin qaynar nöqtələri" layihəsi üzrə həyata keçirilmiş tədqiqat işlərinin nəticələrinə və perspektivlərinə dair müzakirələr aparılıb. Həmçinin Kyu Kral Botanika Bağlarının proqram rəhbəri Bob Allkinlə birlikdə Azərbaycanın zəngin dərman bitki növlərinə dair məlumat mübadiləsi aparılıb, planlaşdırılan birgə yeni layihə müzakirə edilib və ilkin addımlar atılıb. Yeni layihə üzrə Kyu Kral Botanika Bağlarının “Sağlamlıq üçün bitkilər” təşəbbüsü altında dərman bitkilərinin qlobal kataloqunun genişləndirilməsi üçün tədqiqatlara başlanılmasına start verilib. Bu tədqiqatların mərhələli və uzunmüddətli aparılması nəzərdə tutulub.
Səfər çərçivəsində əməkdaşlar Kyu Kral Botanika Bağlarının Herbari fondu və tədqiqat sahələri ilə yaxından tanış olub, burada bitkilərin saxlanma və mühafizə şəraiti üzrə bir sıra mütəxəssislərlə fikir mübadiləsi aparıblar.