"Bütün məsuliyyət sülhməramlıların üzərinə düşür" Hadisə

"Bütün məsuliyyət sülhməramlıların üzərinə düşür"

Artıq 4 gündür Şuşada ermənilərin törətdikləri ekoloji terror əleyhinə keçirilən aksiya davam edir. Hər gün günlərlə ictimai fəal, vətəndaş cəmiyyəti təmsilçisi Bakıdan və müxtəlif regionlardan buraya gəlir. Hamımızın bir nəfər kimi tələbi ermənilərin ərazilərimizdə həyata keçirdikləri talanlardan, ekoloji cinayətlərdən əl çəkmələri və sülhməramlıların aidiyyəti üzrə dövlət qurumunun əməldaşlarına monitorinq aparılması üçün icazə verməsindən ibarətdir.

Bunu "Xalq Cəbhəsi"nə aksiya iştirakçısı Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev bildirib.

QHT sədri deyib ki, aksiya heç bir siyasi məqsəd daşımır: "Dörd gün keçməsinə baxmayaraq bizim tələbimizə heç bir müsbət reaksiya yoxdur. Dünən xoşməramımızı ifadə etmək üçün sülhün rəmzi olaraq 44 ədəd göyərçin havaya buraxıldı. Onu da bildiririk ki, Laçın yolu aksiyaçılar tərəfindən deyil, Rusiya sülhməramlıları tərəfindən bağlanıb. Buna görə də yolun bağlanması ilə bağlı bütün məsuliyyət sülhməramlıların üzərinə düşür. Tələbimiz yerinə yetirilməsə biz burada aylarla da qalmağa hazırıq".
Cavid