Mətbuat Şurası qəzet yayımı ilə bağlı toplantı keçirdi Hadisə

Mətbuat Şurası qəzet yayımı ilə bağlı toplantı keçirdi

Dünən Azərbaycan Mətbuat Şurasının qəzet yayımındakı vəziyyəti araşdıran komissiyasının təşkilatçılığı ilə mövcud sahədəki durumla bağlı "dəyirmi masa" keçirilib. Kütləvi informasiya vasitələrinin baş redaktorlarının və Bakı şəhərindəki yeni köşklərdə yayım işini reallaşdıran "Əks-səda" firması rəhbərliyinin qatıldığı toplantını MŞ sədri Əflatun Amaşov açıb.
Əflatun Amaşov rəhbərlik etdiyi qurumun qəzet yayımı sahəsindəki vəziyyəti hər zaman diqqət mərkəzində saxladığını vurğulayıb. Bu məqsədlə MŞ-nin vaxtilə işçi qrupu formalaşdırdığını diqqətə çatdıran Şura sədri ötən ildən başlayaraq mövcud fəaliyyətin ayrıca komissiyanın xəttilə nəzarətdə saxlanıldığını bildirib. "Bu gün toplaşmağımızda əsas məqsəd Bakı şəhərində qəzetlərin yayımı ətrafında müzakirə aparmaqdır. Şuranın komissiyası məsələ ilə əlaqədar müxtəlif dövlət qurumları ilə danışıqlar aparıb. Söhbətlərdə yeni köşklərin qoyulmasından tutmuş səyyar satış məsələlərinə də diqqət yetirilib. Məlum olduğu kimi, bir müddət öncə səyyar satış tamamilə dayandırılmışdı. Lakin apardığımız müzakirələrdən sonra şəhərin tam mərkəz hissəsi istisna olmaqla digər yerlərdə bu iş qaydasına qoyulub. Təbii ki, məsələnin tam hüquqi mexanizminin formalaşması daha müsbət addım olardı. Ümumən Mətbuat Şurası mövcud istiqamətdəki təkliflərini ölkə rəhbərliyinə təqdim edib və bununla əlaqədar müzakirələr də davamlı xarakter daşıyır. O ki qaldı qəzet yayımının bilavasitə yayım firmaları tərəfindən aparılmasına, düşünürəm ki, bu işdə "Əks-səda" firması kifayət qədər təşəbbüs göstərib. Firmanın rəhbərliyi komissiyanın tövsiyələrinə həssas yanaşıb, monitorinqlərdə yaxından iştirak edib", - deyən MŞ sədri toplantıda "Əks-səda" firmasında qəzet yayımı ilə bağlı şərtlərin diqqətə çatdıralacağını vurğulayıb.
Şuranın qəzet yayımını araşdıran komissiyasının rəhbəri, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə komissiyanın gördüyü işlər barədə məlumat verib. O bildirib ki, ötən il noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin KİV nümayəndələri ilə görüşündən sonra qəzet yayımı sahəsində vəziyyətdə kifayət qədər irəliləyişlər var: "Əlbəttə, bu, ilk növbədə sahəyə sistemli yanaşma nəticəsində mümkün olmuşdu. MŞ 7 nəfərdən ibarət komissiyasını yaratdı. Komissiya yerlərdə monitorinqlər keçirdi. Müəyyənləşdirdik ki, yeni köşklərin qoyulmasına ehtiyac var. Köşklərin deslokasiya vəziyyəti ürəkaçan deyil. Əhalinin sıxlığı baxımdan elə yerlər var ki, orada yeni köşklərin qoyulmasına ehtiyac var", - deyən Vüqar Rəhimzadə bu kimi məsələlərin yoluna qoyulması məqsədilə işlərin davam etdirildiyini vurğulayıb. O, "Qasid" Mətbuat Yayımı Firmasının redaksiyalara borcuna da toxunaraq məsələnin problematik səciyyə daşıdığını əsaslandırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli qəzetlərin təmiz satışından müvafiq faiz tutulmasının vacibliyini bildirib. Mövcud istiqamətdəki tövsiyələrini "Əks-səda" firması rəhbərliyi ilə danışıqlarda diqqətə çatdırdığını deyən Vüqar Səfərli eyni zamanda sözügedən qurumun redaksiyalara satışla bağlı təqdim etməli olduğu arayışlarının məzmunu məsələsinə də toxunub. O bildirib ki, KİVDF məsələ ilə əlaqədar xüsusi forma hazırlayaraq "Əks-səda" rəhbərliyinə təqdim edib.
Paytaxtdakı yeni köşklərdə qəzet yayımını həyata keçirən "Əks-səda" firmasının rəhbəri Vüqar Həsənli qurumun Bakı şəhərində 150 köşkünün olduğunu bildirib. O, daha 60 yeni köşkün də yaxın zamanlarda fəaliyyətə başlayacağını diqqətə çatdırıb. Köşklərdə satış işinin təşkilinə gəlincə, Vüqar Həsənli MŞ rəhbərliyinin tövsiyyəsinin nəzərə alındığını vurğulayıb. O, rəhbərlik etdiyi firmanın bir çox aparıcı qəzetlərin redaksiyaları ilə müqavilələr bağladığı barədə məlumat verib. Bildirib ki, "Əks-səda" hər qəzetin bir nüsxəsi üçün satışdan gələn gəlirin maksimum 30 faizini tutacaq.
"Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı "Əks-səda" firmasının təklif etdiyi müqavilə formasının bu günkü şərait üçün məqbul olduğunu bildirib. MŞ İdarə Heyətinin üzvü, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu yeni köşklərin qoyulması işinin tezləşdirilməsinin vacibliyini əsaslandırıb. Qəzetlərin yayımı sistemindəki işlərin təkmilləşdirilməli olduğunu vurğulayan Rauf Arifoğlu bu baxımdan "Qasid"in qəzetlərə borcunun aradan qaldırılmasının zəruriliyini bildirib.
"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal bazar günü çıxan qəzetlərin yayımı məsələsinə toxunub. Bununla bağlı məlumat verilib ki, həftəlik, yəni nüsxələri bazar günü satışa çıxan qəzetlərin sayı az olduğundan hələlik həmin gün onların satışını təşkil etmək iqtisadi cəhətdən sərfəli deyil.
Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə qəzetlərin satışından gələn gəlirin tutulmasında maksimum 30 faiz həddinin müəyyənləşdirməsi məqbul qiymətləndirilib. Bildirilib ki, Şuranın komissiyası gələcəkdə digər satış firmalarının da bu şərtlərlə fəaliyyət göstərmələri üçün müvafiq danışıqlarını davam etdirsin. Qurum ümumən satış işində səmərəliliyi artırmaq məqsədilə mümkün variantların axtarılıb tapılması istiqamətində fəaliyyətini gücləndirsin.

XC