Nəqliyyat Nazirliyindən DYP-nin funksiyasına daha bir müdaxilə Hadisə

Nəqliyyat Nazirliyindən DYP-nin funksiyasına daha bir müdaxilə

Yeni yaradılan Parklamaya Nəzarət Sisteminin nəzarət kamerasının qeydə aldığı nəqliyyat vasitəsinin sahibinə cərimə tətbiq olunacaq

Bakıda Parklamaya Nəzarət Sistemi (IPCS) yaradılıb. Bu barədə "Trend"in sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı məlumat verib.
NİİM-in rəsmi bildirib ki, nəqliyyat vasitələrinin qanunsuz olaraq parklanması nəqliyyat axınına mane olan və yollarda tıxacın yaranmasına səbəb olan əsas amillərdən biridir. Qanunsuz parklanan nəqliyyat vasitələri nəqliyyat axınında maneələr yaratmaqla bərabər, avtobusların dayanacaqlara daxil olmasına da maneçilik törədir: "NİİM-də mövcud olan Nəqliyyatda Siqnala Nəzarət sistemində şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığının qarşısının alınması məqsədilə tətbiq olunan "yaşıl dalğa" əmri yol kənarında qanunsuz parklanan nəqliyyat vasitələri səbəbindən tam icra olunmur. Buna misal olaraq 28 May küçəsi ilə Rəşid Behbudov prospektinin kəsişməsi, Rəşid Behbudov prospekti (Mərkəzi Bankın qarşısı), Azadlıq prospekti (Neft Akademiyasının qarşısı) və s. göstərmək olar".
Ş.Mehmanqızı qeyd edib ki, mövcud problemləri nəzarə alaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində Parklamaya Nəzarət Sistemi yaradılıb: "Sistem nəqliyyat vasitələrinin parklanma qaydalarına nəzarəti həyata keçirir və qaydaların pozulması aşkar edildiyi halda sanksiyaların tətbiqini nəzərdə tutur. Nəqliyyat vasitəsinin parklamanın qadağan edildiyi yerdə dayanması Sistem tərəfindən parklama qaydalarının pozulması kimi qiymətləndirilir".
Onun sözlərinə görə, hər bir dirək üzərində iki kamera mövcuddur ki, onlardan biri müşahidə digəri isə nəzarət kamerasıdır. Nəqliyyat vasitələrinin aşkar edilməsi və onlara müəyyən sanksiyaların tətbiqi avtomatik rejimdə növbəti qaydada həyata keçirilir: "Avtomobil yollarını daim nəzarətdə saxlayan parklamaya nəzarət kameralarının köməyi ilə bu nəqliyyat vasitəsi aşkar edilir. Parklamaya nəzarət sistemi vasitəsilə həmin nəqliyyat vasitəsinin dövlət nömrə nişanının tanınması prosesi həyata keçirilir. Dövlət nömrə nişanına uyğun olaraq nəqliyyat vasitəsinin sahibi müəyyənləşdirilir".
NİİM-in sözçüsü deyib ki, hazırda nəqliyyat vasitələrinin qadağan olunmuş ərazilərdə saxlanması müddəti müəyyən olunmuş dəqiqə ilə məhdudlaşdırılıb: "Əgər hər hansı bir nəqliyyat vasitəsi parklanmaya icazə verilməyən ərazidə müəyyən olunmuş dəqiqədən artıq durubsa, onu nəzarət kamerası avtomatik olaraq ikinci dəfə qeydə alır və nəqliyyat vasitəsinin sahibinə cərimə tətbiq olunur".
Hər bir cərimə vərəqəsinə nəqliyyat vasitəsinin 4 fotoşəkli daxil edilir. Bunlardan ikisi avtomobilin ilkin gorüntüsü, sonrakı ikisi isə son görüntüsüdür. Tətbiq olunan cərimə vərəqələrində digər avtomobillərin dövlət nömrə nişanlarının və piyadaların görüntülərinin gizli saxlanılması təmin olunur.
Qeyd edək ki, Bakıda qanunsuz parklanma faktlarının ən çox qeydə alındığı küçə və prospektlərin adları və statistikası açıqlanıb. Şəfa Mehmanqızı bildirib ki, 2014-cü ilin ilk 3 ayı ərzində NİİM tərəfindən qeydə alınan qanunsuz parklanma faktlarına daha çox paytaxtın Azadlıq və Bülbül prospektləri, eləcə də 28 May, Üzeyir Hacıbəyov və Rəşid Behbudov küçələrində rast gəlinib.
Onun sözlərinə görə, ümumilikdə bu ilin I rübü ərzində adıçəkilən yollarda 3674 qanunsuz parklanma faktı qeydə alınıb.
Xatırladaq ki, prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Bakının küçə və prospektlərindəki qanunsuz parkinq məsələsi ilə bağlı iradını bildirib. Dövlət başçısının iradından sonra aprelin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 17-də paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi barədə sərəncam imzalayıb.
3 gün öncə isə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) paytaxtda avtomobillərin küçələrdə parklanması üçün 288 müvəqqəti duracaq yerinin yaradılması barədə təklif göndərib. Bununla bağlı NİİM və BŞİH arasında müzakirələr aparılıb. Təklif edilən müvəqqəti duracaqlarda eyni anda 6422 avtomobil saxlamaq mümkün olacaq. Bir avtomobil üçün eni 2.75 m, uzunluğu 6.10 m olan standart yer nəzərdə tutulur.