Sürücülük vəsiqəsinin verilməsində yenilik Hadisə

Sürücülük vəsiqəsinin verilməsində yenilik

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək.
Bu barədə məsələ Milli Məclisin iclasında müzakirə edilən "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq.
Həmçinin təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək. Belə ki, dəyişiklikdə imtahan prosesinin videoçəkilişinin aparılması nəzərdə tutulur.
Deputat Əli Hüseynli bildirib ki, imtahan prosedurunun videokameralarla təchiz olunması nəzərdə tutulur: "Təklif olunan layihə əlavə imkan verir ki, vətəndaşlar özləri seçim etsinlər ki, hansı idarəetmə üzrə hüquq əldə etmək istəyirlər. Beləliklə, avtomatik idarəetmə hüququ əldə etmək istəyənlərə və mexaniki idarəetmə ilə bağlı hüquq vətəndaşların öz seçimi əsasında onlara veriləcək".
Ə.Hüseynli əlavə edib ki, Azərbaycan ərazisində xarici ölkələrə məxsus sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar tətbiq olunur, xarici sürücülük vəsiqələrinin bir ay müddətinə istifadəsinə icazə və əcnəbilərə sürücülüklə bağlı yeni hüquqlar verilir.
Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna 35-1 (Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi) maddəsinin əlavə edilməsi təklif edilir.
Yeni maddənin I hissəsinə əsasən, Azərbaycan vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərazində idarə etmək hüququna malikdir. Azərbaycan vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Maddənin II hissəsinə əsasən, Azərbaycanda müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu qanunun 35-ci maddəsinin VI–VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.
Maddənin III hissəsinə əsasən isə yuxarıdakı hissələrdə (I-II) nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır.
Deputat Çingiz Qənizadə mexaniki və avtomatik idarəetmə ilə bağlı dəyişikliyin mütərəqqi olduğunu vurğulayıb.
"Çünki indiyə qədər avtomatik vasitələrlə sürücülük imtahanına hazırlaşan şəxslər sonradan mexaniki vasitələri idarə edirdi və problemlər yaranırdı".
Çingiz Qənizadə digər bir məsələdən də bəhs edib: "Vaxtilə Nəqliyyat Nazirliyinin çox böyük səlahiyyətləri var idi. Hətta "nəqliyyat qoçuları"nı da televiziya ilə izləyirdik. Bu gün yol hərəkətini tənzimləyən, nəzarət edən böyük bir qurum var və yenə də Nəqliyyat Nazirliyinin tabeliyindədir. Niyə bu qurum Dövlət Yol polisinin nəzarətinə verilmir? Hansı ki, işıqforlar işləməyəndə yol polisi operativ şəkildə vəziyyətə müdaxilə edir".
Spiker Oqtay Əsədov bildirib ki, Çingiz Qənizadə təmsil olunduğu komitədə məsələni müzakirə edib təkliflər versin.
Dəyişikliklər səsə qoyularaq qəbul olunub.
Xatırladaq ki, bu vaxta qədər avtomat və mexaniki idarəetmə ilə bağlı ümumi imtahan verilirdi və sürücülük vəsiqəsi alınırdı.
Qeyd edək ki, bununla bağlı qanunun hazırda qüvvədə olan variantında heç bir müddəa nəzərdə tutulmayıb.