“Fərman prezident İlham Əliyevin sosial siyasətinin təzahürüdür” Hadisə

“Fərman prezident İlham Əliyevin sosial siyasətinin təzahürüdür”

Elman Nəsirov: "Bu, bir daha prezidentin öz sosial siyasətini davam etdirdiyini təsdiqlədi"

Rauf Əliyev: "Bu, qaçqın və məcburi köçkünlərin daim prezidentin diqqət və nəzarətində olduğunu bir daha göstərdi"

"Bəzi məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı fərman prezident İlham Əliyevin sosial siyasətinin təzahürüdür". Bunu millət vəkili Elman Nəsirov deyib. O, bildirib ki, bu fərman bir daha prezidentin öz sosial siyasətini davam etdirdiyini təsdiqlədi:"Bundan əvvəl dövlət başçısı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına vəsaitlər ayırdı. Bunlar onu göstərir ki, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, həyat şəraitinin normallaşdırılması hər zaman prezidentin diqqət mərkəzindədir. Bu il yanvarın 23-də dövlət başçısının imzaladığı sərəncamla məcburi köçkün və onlara bərabər tutulan şəxslərin hər birinə yemək və kommunal xərclər üçün aylıq 36 manat müavinət təyin edildi. Bundan sonra isə prezident məskunlaşdığı ərazilərdə sayğacların quraşdırılması mümkün olmayan məcburi köçkünlərin kommunal xidmətlərinin onlar yeni yaşayış məntəqələrinə köçürülənə qədər dövlət hesabına ödənilməsi barədə fərman imzaladı. Yəni, yataqxanalarda, pansionatlarda, yarımçıq tikililərdə və digər qeyri-yaşayış yerlərində məskunlaşan məcburi köçkün və onlara bərabər tutulan ailələrin kommunal xidmət haqları yenə də dövlət hesabına ödəniləcək. Hesab edirəm ki, bu, Azərbaycan prezidentinin məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı mühüm addımıdır".
Millət vəkili Rauf Əliyev deyib ki, prezidentin məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı fərmanı dövlətimizdə həssas təbəqədən olan şəxslərə göstərilən diqqətin bariz nümunəsidir. Onun sözlərinə görə, fərmana əsasən tətbiq ediləcək güzəştlər yataqxanalarda, sanatoriyalarda yaşayan məcburi köçkünlərə şamil ediləcək: "Çünki həmin binalarda qazlaşdırma problemi var. Bu problem dövlət başçısının bundan əvvəl verdiyi fərmandan irəli gələn məsələlərin yerinə yetirilməsinə maneə yaratdığı üçün prezident fərmana dəyişiklik etdi. Həmin yerlərə yeni layihə çəkib qazla təmin etmək hazırda çox çətin prosesdir. Bu baxımdan prezident bütün bunları nəzərə alaraq, yataqxanalarda, sanatoriyalarda yaşayan məcburi köçkünlərin kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı fərman imzaladı. Bu, qaçqın və məcburi köçkünlərin daim prezidentin diqqət və nəzarətində olduğunu bir daha göstərdi".
Prezidentin tapşırığı əsasında müxtəlif regionlarda qaçqın və məcburi köçkünlər üçün evlərin tikintisinin davam etdirildiyini deyən millət vəkili qeyd edib ki, ümumiyyətlə, ölkəmizdə sözügedən təbəqədən olan insanların sosial və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində lazımı işlər görülür: "Qaçqın və məcburi köçkünlərə kömək etmək hər birimizin borcudur. Çünki, onlar düşmənlərimizin etnik təmizləmə siyasəti nəticəsində bu vəziyyətə düşüblər. Biz torpaqlarımızın düşməndən geri qaytarılması ilə bağlı aparılan siyasətin, Ölkə başçısının ətrafında sıx birləşməliyik. Bu gün dünyada gedən proseslərə baxdıqda müharibələrin, terrorların, torpaqların zəbt olunduğunu görürük. Artıq Avropada qaçqın və məcburi köçkünün nə olduğunu yaxşı bilir. 1990-92-ci illərdə Azərbaycan qaçqın və məcburi köçkünlərin sayına görə birinci yerdə idisə, bu gün elə ölkələr var ki, onlar bizi keçiblər. Artıq bir çox ölkələr bu prosesin ağırlığını dərk etməyə başlayıblar. Lakin həmin ölkələrdən fərqli olaraq ölkəmizdə sabitlik hökm sürür. Bu da Azərbaycan prezidentinin həyata keçirdiyi düzgün siyasətin nəticəsidir".
R. Əliyev əlavə edib, dövlət başçısının qaçqın və məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı fərmanı müvəqqəti xarakter dayışır: "Çünki, ölkə başçısının tapşırığı əsasında, sözügedən şəraitdə yaşayan məcburi köçkünlərə evlərin tikilməsi üçün Mərdəkan və Sabunçuda torpaq sahəsi ayrılıb. Bu addımların hər biri göstərir ki, dövlət başçısı həssas təbəqədən olan şəxslərə xüsusi nəzarət edir, onların problemlərin həll istiqamətində lazımı addımlar atılır. Təbii ki, bu müvəqqətidir. Vaxt gələcək torpaqlarımız geri qaytarılacaq və həmin insanlar öz dədə-baba yurdlarına qayıdıb yüksək səviyyədə yaşayacaqlar".