Pedaqoji Universitetdə “Açıq qapı günü” keçiriləcək Hadisə

Pedaqoji Universitetdə “Açıq qapı günü” keçiriləcək

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında Bakı şəhərinin ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. ADPU-dan bildiriblər ki, görüşün keçirilməsinin məqsədi universitetdə təşkili nəzərdə tutulan "Açıq qapı günü"nün vaxtını, forma və məzmununu müəyyən etmək, eləcə də əməkdaşlıq əlaqələri ilə bağlı fikir mübadiləsi aparmaq olub.
Belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayan ADPU-nun rektoru, professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, bu kimi tədbirlər fikir və təcrübə mübadiləsi aparmaq baxımından böyük əhəmiyyət daşıyır. Ali təhsil ocaqları ilə orta məktəblər arasında əlaqələr genişləndirilməli, bu münasibətlərin keyfiyyəti yüksəldilməlidir. Ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilən ADPU-da vahid bir prosesin tərkib hissəsi olaraq şəbəkə yaradılmalı, güclü müəllim potensialı formalaşdırmalıdır. Hazırda universitetdə "Ustad dərsləri" layihəsi həyata keçirilir. Layihəyə qabaqcıl təcrübəsi, yaradıcı fəaliyyəti, innovativ düşüncə tərzi ilə ölkə pedaqoji mühitində tanınan, ümumi təhsil orta məktəb müəllimlərinin bazasında adları yer alanlar, əməkdar müəllimlər, 2008-2015-ci illərdə keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri, orta məktəb müəllimlərinin diaqnostik qiymətləndirməsi zamanı yüksək nəticələr əldə edən, müxtəlif təltiflərə layiq görülən, həmçinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı" üzrə təhsil almış müəllimlər cəlb olunublar. Layihə çərçivəsində paytaxtın tanınmış məktəblərinin qabaqcıl müəllimləri yeni təlim metodları əsasında ADPU-da ustad dərsləri keçirlər.
Görüşdə ADPU-nun prorektoru, professor Malik Cəbrayılov və digər çıxış edənlər müəllimlərin bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarıqlarının artırılması, müasir tələblərə cavab verən yeni dərsliklərin yazılması, pedaqoji təcrübənin səmərəli təşkili, şagirdlərin elmi araşdırmalara cəlb edilməsi ilə bağlı fikir və təkliflərini bildiriblər. Sonda aprelin 15-də ADPU-da "Açıq qapı günü" keçirilməsi qərara alınıb.