“Dövlət Miqrasiya Xidməti hazırda bu işlə məşğuldur” Hadisə

“Dövlət Miqrasiya Xidməti hazırda bu işlə məşğuldur”

Vitse-spiker Rusiya pasportlarının verilməsi məsələsinə münasibət bildirib

"Bu günlərdə Milli Məclisin Regional məsələlər komitəsi bələdiyyələrin sayı ilə bağlı bir qanunvericilik aktını plenar iclasa tövsiyə etdilər. 21 rayon üzrə 204 bələdiyyə birləşdirilərək yerində 94 bələdiyyə yaradılacaq. Həyat inkişaf edir, bələdiyyə seçkiləri yaxınlaşdıqca lazım olsa, bələdiyyə ilə bağlı qanunvericilikdə digər dəyişikliklərin edilməsi mümkündür".
APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov söyləyib.
Z.Əsgərov bələdiyyə sədrlərinin seçki yolu ilə birbaşa seçilməsi ilə bağlı məsələyə də toxunub: "Bu barədə indidən konkret fikir deyə bilmərəm. Bələdiyyə seçkiləri yaxınlaşdıqca gündəmdə duracaq məsələlərlə bağlı dəyişikliklər edib, qərar qəbul etmək olar".
Vitse-spiker keçmiş SSRİ, o cümlədən Azərbaycan vətəndaşlarına Rusiya pasportu almaq üçün sadələşdirilmiş qaydanın tətbiqi ilə bağlı yaranmış vəziyyətə də münasibət bildirib: "Ümumvətəndaş pasportu məsələsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənir, Dövlət Miqrasiya Xidməti də hazırda bu işlə məşğuldur".
Z. Əsgərov bildirib ki, vətəndaşlığın əldə edilməsi, itirilməsi prosedurları Azərbaycan Konstitusiyası və qanunvericiliyində aydın göstərilib: "Bu məsələ Azərbaycan Konstitusiyası və qanunlarına müvafiq olaraq tənzimlənməlidir".