
Doğma Vətəninə, xalqına sevgisi ilahidən gəldiyinə görə Anar özünü biləndən onlara ürəkdən bağlanıb. İlk istək-arzusu da həyatını xeyirxah işlərə sərf etməklə millətinə daha çox fayda vermək olub. Sabirabad şəhərində dünyaya göz açan Anar Bahadurov 44 günlük haqq savaşımızda ömrünün 28-ci baharında şəhidlik zirvəsinə ucalıb. Həyat yolu nə qədər qısa olsa da, tökdüyü qanla Vətəninə, xalqına gərək olanını görüb. Belə ki, Azərbaycan Ordusunun tərkibində dığaları od qoyub, 30 il əsir qalan Qarabağımızı əsarətdən qurtarmaqla tarix qarşısında xalqımızın başını uca, üzünü ağ, alnını açıq edib. Bu şərəfli yolda özü isə qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna dönərək əbədi yaşamaq üçün milyonların ürəyinə köçüb. Dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığına görə medalları da öz yerində...
Şərəf dolu bir həyat sürən, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə gələcək nəsillərə nümunə olacaq hünər göstərən Anar Sabirabad şəhərində məktəbə gedib. Yeddinci sinifdə oxuyanda Şirvan şəhərindəki liseyə qəbul olub. Liseydə həm dərslərində, həm də ictimai tədbirlərdə fərqlənib, bilik yarışlarında yüksək yerlər tutaraq sertifikatlar alıb. Məktəbi bitirdikdən sonra 640 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Burada ödənişsiz oxuyub, savadı, yüksək mədəniyyət ilə hamının sevimlisinə çevrilib. Xaricdə magistratura oxumaq üçün imtahan verib, mümkün 100 baldan 95 bal toplayaraq ölkə üzrə beşinci nəticəyə sahib çıxıb. Ona əldə etdiyi nəticəyə uyğun bir neçə universitet təklif olunub. Anar Köln şəhərində hüquq üzrə magistratura təhsili almağa qərar verib. Lakin seçimini etdikdən sonra ermənilərin işğalçılıq siyasətini vicdanına sığışdıra bilməyən Vətən qeyrətli oğul təhsilini donduraraq ordu sıralarına gedib.
Cəbhə bölgəsində xidmətə başlayıb. Fədakarlığı, mərdliyi ona komandirlərin, əsgərlərin hörmətini qazandırıb. Ən əsası Anar döyüş meydanında yağıya öz yerini göstərməkdən ötrü hərbi sirləri dərindən öyrənib, silahların taktiki-texniki xüsusiyyətlərinə mükəmməl yiyələnib. Keçdiyi təlim-məşqlərdə yüksək döyüş keyfiyyəti nümayiş edib, özünü Vətən torpaqların azadlığı naminə müharibədə qələbə qazanmağa hazırlayıb. Məqamı gələndə məqsəd və amalına çatmaq üçün hərbi bilik və bacarığını daim artırıb. Beləcə, nümunəvi əsgər kimi üzüağ 2016-cı ildə hərbi xidmətdən evə gəlib. İmkan tapıb Almaniyada təhsilini yüksək göstəricilər ilə başa vurub. Oradan qayıdandan sonra IELTS imtahanı verərək sertifikat alıb, həmçinin rus dilini öyrənib. Məqsədi prokurorluq orqanlarında işləmək olan Anar Şərq dillərinə və mədəniyyətinə də böyük maraq göstərib.
27 sentyabr 2020-ci ildə Vətən torpaqların erməni işğalından azad olunması uğrunda İkinci Qarabağ müharibəsi başlayanda könüllü odun, alovun içinə girib və ön sıralarda vuruşmağı özünə şərəf bilib. İlk gündən düşməni məhv etmək, qələbə qazanmaq əzmi ilə silaha sarılıb. Dığalara sarsıdıcı zərbələr vurub, əsgərlik zamanı təlim-məşqlərdə qazandığı təcrübə ona hər addımda uğur gətirib.
İgid döyüşçü Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa uğrunda ölüm-dirim vuruşlarda, sözün əsl mənasında, tarix yazıb. Bir qayda olaraq dəqiq atəş zərbələri hesabına erməni işğalçılarını məhv edib, bütün çətinliklərə sinə gərərək daim irəli addımlayıb. Nəticədə Anar kimi oğlanların qarşısında dayana bilməyən erməni işğalçıları ağır itkilər verərək geri qaçmağa üz qoyublar. Qəsbkarların mövqeləri azad olunduqca anbaan Qarabağa gedən yollar açılıb, qələbə yaxınlaşıb. Təəssüf ki, qəhrəmanlıq və fədakarlıq nümunələri göstərən cəsur döyüşçü zəfərimizin bir addımlığında, yəni noyabrın 8-də səhər saatlarında Qubadlıdan Şuşaya gedərkən dağlarda həlledici ağır döyüşlər zamanı şəhadətə qovuşub. 9 noyabr 2020-ci ildə Sabirabad rayonu, Şəhidlik Xiyabanında dəfn olunub.
Zəfər Orucoğlu