Orxan Vətənini canından artıq sevirdi Hadisə

Orxan Vətənini canından artıq sevirdi

Biləsuvar elinin Zəhmətabad kəndində boya-başa çatan Orxan Mehman oğlu Mirzəyev 44 günlük haqq savaşımızda 30 illik torpaq həsrətinə öz qanı, canı bahasına son qoyan Vətən şəhidlərdən biridir. O, müharibə meydanına girdiyi andan yağının kabusuna çevrilib, şərəfli döyüş yolu keçməklə, sözün əsl mənasında tarix yazıb. Vətənə, torpağa məhəbbəti sayəsində neçə-neçə ağır sınaqdan zəfərlə çıxıb, Şuşa da 27 yaşında şəhadətə qovuşub. Beləcə, qazanılan qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilib Orxan. Ürəklərdə özünə əbədi yer edən Biləsuvarın igid oğlu həm də ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları əsasında “Vətən uğrunda”, Füzulinin, Şuşanın azadlığına görə medallarına layiq görülüb.
Qəlbində doğma Azərbaycanın hər qarışına sonsuz məhəbbətlə, erməni dığalarına nifrətlə Orxan orta məktəbi başa vurub. Həyatı dərk etdiyi gündən milli orduda xidmət etmək, yağıdan qisas almaq bu, Vətən sevdalı gəncin əsas amalına dönüb. Odur ki, hər şeyi kənara qoyub, cəbhə bölgəsində əlinə silah alıb Vətənin keşiyində durub. Fədakarlığı, mərdliyi, qorxmazlığı ona əsgərlərin, zabitlərin hörmətini qazandırıb. Vətənə oğulluq borcunu şərəflə yerinə yetirməklə bərabər, ağır təlimlərə belə ürəklə qatılıb, həmişə uğurlar qazanıb. Həmçinin müharibə zamanı lazım olan silahların dilini öyrənməyə çalışıb. Bir yandan da yurduna dadanmış yağıdan qisas almaq üçün Qarabağın azadlığı uğrunda tezliklə müharibənin başlamasını gözləyib.
Vətənini canından artıq sevən Orxan nümunəvi əsgər kimi xidmətini başa vurub. Qaldı ki, erməni dığalardan alacağı öcə görə yenidən şanlı formanı geyinib və hər qarış Vətən torpağının azad olunacaq günədək ömrünü hərbiyə bağlamağa qərar verib. Azərbaycan Daxili işlər Nazirliyin Daxili Qoşunlarda xidmətini davam edib. Çavuş rütbəsində ən qaynar nöqtələrdə düşmənlə bir-neçə dəfə üz-üzə gəlib, onun layiqli cəzasını verə bilib. Eləcə qəlbi Vətən eşqi ilə döyünən Orxan yağıya əsir düşən əzəli yurd yerimiz- Qarabağ naminə hər an oddan-alovdan keçməyə hazır durub.
Nəhayət, 27 sentyabr 2020-ci ildə Orxanın arzuladığı gün gəlib. İstəyinə çatmaq üçün əlinə silah götürüb, minlərlə Vətən qeyrətli igidlərin cərgəsində yerini səngərdə alıb. Elə İlk döyüş günü gücünü dığalara göstərib. Belə ki, yüksək şəxsi rəşadət, şücaət nümayiş etdirib, qeyri-bərabər savaşda dəqiq atəşlə düşmənə ciddi itkilər verib. Daha sonra Füzulidə vuruşub, üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Hər dəfə ulu torpaqların bağrına Azərbaycanın üçrəngli zəfər bayrağı sancılananda düşmənlə sona qədər mübarizə aparmağa qollarına yeni güc gəlib, özündə tükənməz qüvvə hiss edib. Müharibə zamanı bir gün belə, silahını yerə qoymayıb. Mənfur işğalçılara qan qusdura-qusdura Şuşaya qədər gedib çıxıb. O, 7 noyabr 2020-ci ildə müqəddəs Vətən torpaqlarının yağı tapdağından qurtulması üçün son döyüşə atılıb. Arzuladığı qisasını dığalardan aldıqdan sonra əbədi ürəyi dayanıb, əlçatmaz, ünyetməz göylərə ucalıb.
Biləsuvar camaatı Vətən müharibəsində düşmən üzərində qazanılan zəfərdə misilsiz payı olan, Azərbaycanın yeni şanlı tarixinə adını yazan qəhrəman oğlu Orxan Mirzəyevi heç vaxt unutmur, kiçik də, böyük də onunla fəxr edir.
Zəfər Orucoğlu