Jurnalistlərin həmkarlar hərəkatı elan olundu Hadisə

Jurnalistlərin həmkarlar hərəkatı elan olundu

Bakıda "Jurnalistlərin Həmkarlar İttifaqının inkişaf etdirilməsi" layihəsinin təqdimatı olub

Dünən Beynəlxalq Məmtubat Mərkəzindədə "Jurnalistlərin Həmkarlar İttifaqının inkişaf etdirilməsi" layihəsinin təqdimatı keçirildi. Təqdimat Beynəlxalq Jurnalistlər Federasiyası və Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı tərəfindən baş tutub.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin sosial problemlərinin həllində, onların iş fəaliyyətinin yüksəlməsində, üzləşdikləri problemlərdə çıxış yolunu tapmaqda Jurnalistlərin Həmkarlar İttifaqının böyük köməyi ola bilər.
O deyib ki, əksər redaksiyalarda həmkarlar təşkilatları yoxdur və bu bir sıra problemlər, əsasən də jurnalistlərlə redaksiyalar arasında münasibətlərin qurulmasında problemlər yaradır.
Əflatun Amaşovun sözlərinə görə, redaksiyalarda Həmkarlar Təşkilatlarının olmaması əmək hüquqlarının qorunmasında da problemlər yaradır, jurnalistlərin öz hüquqlarının qorumaqda çətinliklər törədir. Bütün bunları nəzərə alaraq Mətbuat Şurası redaksiyalarda "Həmkarlar ili" elan edir.
Əflatun Amaşov deyib ki, bunun nəticəsində 2015-ci ilin yayına kimi redaksiyalarda daha güclü Həmkarlar Təşkilatları görəcəksiniz: "Bu təşkilatın yaranması bizə daha güclü, şəffaf jurnalistika verəcək. Bunun sayəsində jurnalistlərin həmrəyliyi güclənəcək. Bu məsələdə Azərbaycana Beynəlxalq Jurnalistlər Federasiyası yaxından kömək göstərəcək".
Əflatun Amaşov bildirib ki, jurnalistlərin sosial problemlərinin həllində, onların iş fəaliyyətinin yüksəlməsində, üzləşdikləri problemlərdə çıxış yolunu tapmaqda Jurnalistlərin Həmkarlar İttifaqının böyük köməyi ola bilər: "Sadaladıqlarım bu təşkilatın birbaşa səlahiyyətləridir. Azərbaycanda isə vəziyyət bir az fərqlidir. Demək olar ki, redaksiyaların çoxu Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqına qoşulmayıb. Çox cüzi hissəsi Mədəniyyət Həmkarlar İttifaqının üzvüdürlər".
Şura sədri qeyd edib ki, redaksiyalar bu təşkilata qoşulduqdan redaksiyalarda şəffaflıq yaranar, əmək haqlarında müəyyən yüksəlişlər ola bilər.
Beynəlxalq Jurnalistlər Federasiyasının Baş katibinin müavini Oliver Money Kirle bildirib ki, Azərbaycan cəmiyyəti üçün güclü həmkarlar təşkilatı vacibdir. Onun sözlərinə görə, Beynəlxalq Jurnalistlər Federasiyası dünyanın 170-dən çox ölkəsində özünün bölmələrini yaradıb. "BJF-in əsas məqsədi jurnalistlərin təhlükəsizliyinin qorunması və onların əmək haqlarının təmin edilməsidir: "Biz buna jurnalistlərin həmrəyliyi və BJF-nin təşkilatlanması yolu ilə nail oluruq. BJF üzvlərsiz heç nəyə nail ola bilməz".
Oliver Money Kirle deyib ki, hər hansı bir ölkədə azad, professional jurnalist hərəkatının yaradılması üçün yaxşı media qanunlarının olması vacibdir: "Ölkənin daxilində jurnalistlər üçün oturuşmuş media institutları və iş yerləri olmalıdır. Həmçinin, jurnalistlərin işlədiyi müəssisələrdə onların iş şərtlərini əks etdirən müqavilə olmalıdır. Buna görə də hər bir ölkəyə güclü və oturuşmuş jurnalist həmkarlar təşkilatı lazımdır. Bu məhz jurnalistlərin fəaliyyətindən asılıdır. Məhz jurnalistlər bunu güclü edə bilər".
Oliver Money Kirlenin sözlərinə görə, rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda və regionlarda görüşlər keçiriblər: "Burada alınan əsas mesaj isə yetərincə jurnalist təşkilatı və həmrəyliyin olmamasıdır. Bu layihə 3 illik layihədir. Maliyyə yardımı Avropa Komissiyasından gəlir və təkcə Azərbaycanda deyil, Ermənistan və Gürcüstanda da həyata keçiriləcək".
Qonaq bildirib ki, Jurnalistlər Federasiyası təkcə Avropanı deyil, bütün dünyanı əhatə edir və baş qərargahı Brüsseldə yerləşir: "Jurnalistlər problemlərinin həlli üçün birbaşa Baş qərargaha getməli deyillər. Bunun üçün üzv olan hər ölkədə Həmkarlar İttifaqı yaradılıb".
Tədbirdə BJF-nin Proqramlar departamentinin rəhbəri Adrein Kollin və ekspert Arjumand Vajid çıxış edərək layihə müddətində görüləcək işlərdən danışdılar.
Jurnalistlərinin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli layihənin icra mexanizmləri barədə məlumat verib. O, layihənin icrası zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq ediləcəyini, Konfederasiyanın təcrübəsindən yararlanacaqlarını bildirib.
Qeyd edək ki, tədbirdə 40-dək media nümayəndəsi iştirak edirdi.
Layihənin ideya müəllifi Beynəlxalq Jurnalistlər Federasiyasıdır. Donor Avropa Komissiyasıdır. Azərbaycan üzrə icraçısı isə Həmkarlar İttifaqına üzv olan jurnalistlərdir. Layihə 3 il davam edəcək.

XC