Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği Hadisə

Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği

Bu sahədə aktiv iştirakla bağlı təlim keçirilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi "Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək" layihəsi çərçivəsində Masallı rayonundakı Gənclər Mərkəzində "Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak" mövzusunda təlim keçirilib. Bu barədə “Xalq cəbhəsi”nə adıçəkilən təşkilatdan məlumat verilib. Təlimdə müxtəlif ali məktəblərdə təhsil alan, o cümlədən, turizm sahəsində işləyən 20 gənc, qonaq qismində isə QHT, KİV və müvafiq qurumların nümayəndələri iştirak ediblər. Təlimçi qismində jurnalist, Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlunun çıxış etdiyi təlimdə Ermənistanla informasiya savaşı, eləcə də digər ölkələrlə turizm sahəsində rəqabət kontekstində turizmin təbliği yolları, bu məqsədlə mənbələr və araşdırma yolları sözügedən kateqoriyaya aid gənclərə izah edilib. Tədbirin sonunda təlimi uğurla bitirmiş iştirakçılara sertifikat verilib.
Qeyd edək ki, yuxarıda sözügedən təlimdən başqa, layihə çərçivəsində artıq Bakıa və İsmayıllıda "Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak", həmçinin Bakıda "Azərbaycan turizminin təbliğində ideoloji hazırlıq", "Peşəkar turizm fəaliyyətində Azərbaycan turizminin təbliği zamanı texniki vərdişlərin artırılması" mövzularında təlimlər keçirilib. Bundan əlavə, Şuranın dəstəyilə yaradılmış "Yenimedia.info" saytının Azərbaycan turizminin təbliğinə həsr edilmiş məqalələrlə yenilənməkdədir. Layihənin sonunda "Turizm işçilərinin turizmin təbliğində ideoloji hazırlığı" adlı kitabçanın çapı nəzərdə tutulur.