Əhalinin sağlamlığı dövlət səviyyəsində qorunur Hadisə

Əhalinin sağlamlığı dövlət səviyyəsində qorunur

Azərbaycanda koronavirusla mübarizədə "lazımi tədbirlərin daha sürətli görülməsi üçün" 10 milyon manat vəsait ayrılıb
Dünya üzrə koronavirusa yoluxanların sayı artaraq 145 ölkədə ümumilikdə 145,825-ə çatıb.
Covid-19 yoluxucu xəstəliyindən ölənlərin ümumi sayı 5438 nəfər təşkil edir.
İtaliya və İran Çindən sonra epidemiyadan ən çox təsir görən ölkələr siyahısındadır. Hazırda infeksiyadan əziyyət çəkən insanların sayı 67837, sağalanların sayı isə 72550-ə çatıb.
Hazırda dünya ölkələri əhalinin sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirir: ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi və s.
Azərbaycan hökumətinin 14 mart tarixindən başlayaraq, aprel ayının sonuna qədər bəzi sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi haqda qərarı da məhz virusun yayılmasının qarşısını almağa hesablanıb. Digər ölkələrin təcrübəsi fonunda virusun yayılmasının qarşısını almaq üçün atıla biləcək əsas addım hələ ki belədir.
COVİD-19 virusunun qlobal pandemiya elan edilməsi fonunda dünyanın bir çox ölkələri kimi Azərbaycan hökuməti də lazımi səviyyədə qabaqlayıcı və mübarizə tədbirləri həyata keçirir. Sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirəyə və bəzən əsassız təşvişə səbəb olan mövzulardan biri koronavirusun geniş yayıldığı yüksək risk ölkələrində yaşayan Azərbaycan vətəndaşlarının, xüsusilə tələbələrin ölkəyə geri qayıtmaq istəyidir.
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu virusun geniş yayıldığı ölkələrdə Xaricdə Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin sağlamlıq və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi və zəruri hallarda ölkəmizə qayıtması ilə bağlı təxirəsalınmaz tədbirlər görməkdədir.
Fonddan verilən məlumata görə, bununla yanaşı, yarana biləcək hər hansı təhlükənin qarşısının alınması, eləcə də zəruri tədbirlərin operativ həyata keçirilməsi məqsədilə xaricdə təhsilini davam etdirən proqram iştirakçıları və onların təhsil aldıqları universitetlərlə sıx təmaslar davam etdirilir.
“Mütəmadi olaraq, tələbələrin ehtiyacları və müvəqqəti yerləşmə ölkəsində və şəhərindəki vəziyyətlə bağlı məlumatlar alınaraq, təhlil olunur, müvafiq ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizlə əlaqələndirilir. Zəruri hallarda və tələbələrin istəklərinə uyğun olaraq, onların ölkəmizə qaytarılması təmin olunur.
Xaricdə Təhsil Proqramı çərçivəsində hazırda ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, İsveç, Niderland, Norveç və Rusiya Federasiyasının aparıcı universitetlərində gənclərin təhsil prosesi dövlət tərəfindən dəstəklənir.
Gənclər Fondu, Koronavirus (COVİD – 19) pandemiyası ilə əlaqədar həmçinin gənclərin beynəlxalq tədbirlərdə iştirakı və beynəlxalq təşkilatlarda təcrübə proqramlarına da müəyyən məhdudiyyətlər tətbiq etməkdədir”, – deyə məlumatda qeyd olunub.
Koronavirusun yayılmasının ilk mərhələsində ÜST dövlətlər və onların vətəndaşları üçün bir sıra tövsiyə xarakterli qaydalar hazırlayıb. Virusun yüksək keçiricilik xüsusiyyətini nəzərə alaraq əsas tövsiyələrdən biri insanların olduqları yerdə fərdi karantin rejimində qalması, səyahət etməməsi və mümkün qədər az insanla təmasda olmasıdır. ÜST-nin qənaətinə görə səyahət edərkən insanın koronavirusa yoluxma riski çox yüksək olur. Çində virusun geniş vüsət aldığı zaman orada yaşayan Azərbaycan vətəndaşlarının əksəriyyəti Çin hökumətinin tətbiq etdiyi qaydalara riayət edərək orada qalmağa üstünlük vermişlər. İstisna olaraq Çin hökuməti ilə razılaşdırılmış əsasda epidemiyanın episentri olan Uxan şəhərindən 10-12 Azərbaycan vətəndaşı şəhərdən təxliyə edilərək vətənlərinə qaytarılıb. Çində epidemiyanın tüğyan etdiyi bir vaxtda belə Pekində çalışan Azərbaycan diplomatları və onların ailə üzvləri olduqları yerdə qalmış, karantin qaydalarına əməl etməklə öz fəaliyyətlərini və yaşayışlarını davam etdiriblər. Məhz bu qaydalara riayət etdiklərinə görə indiyə qədər onlar arasında heç bir yoluxma halı baş verməyib.
Nəzərə alınmalıdır ki, virusun yayıldığı ölkənin hüdudlarını tərk edən insan özü belə bilmədən potensial virus daşıyıcısına çevrilə bilər. Burada vətənə qayıtmadan öncə koronavirus testindən keçərək mənfi nəticə almasının heç bir fərqi yoxdur. Səyahət zamanı yoluxma təhlükəsi olduqca böyükdür. Azərbaycan müsbət mənada ailə dəyərləri və bağlarının, qohumluq münasibətlərinin yüksək olduğu bir ölkədir. İnsanlarımız öz yaxınlarına qarşı qayğıkeşliyi ilə seçilir, yaxınlarının problemlərinə görə narahatlıq hissi keçirirlər, bir-birilərinə dəstək göstərməyə çalışırlar. Bu, millətimizin ən gözəl xüsusiyyətlərindən biridir. Bizim mentalitetdə belə bir adət var ki, xaricdə təhsil alan və ya yaşayan övlad öz vətəninə geri qayıdarkən ilk növbədə öz ailəsi və qohum-əqrəbası ilə görüşür, ünsiyyətdə olur. Özü də bilmədən virusu öz ailə üzvləri və qohum-əqrəbasına keçirə bilər, xüsusilə ahıl yaşda olan ata-anaları və baba-nənələrini ölüm təhlükəsinə ata bilər. Gənclərin virusdan sağalması ehtimalı böyük olsa da, gələcək sağlamlıqları üçün fəsadsız ötüşəcəyini qətiyyətlə demək olmaz. Yaşlıların isə, xüsusilə xroniki xəstəlikləri olan böyüklərinin ölüm təhlükəsindən asanlıqla can qurtaracaqları real görünmür. Bunu həm övladlar, həm də onların valideynləri başa düşməlidirlər.
Koronavirusun peyda olduğu Çində infeksiyanın daha kütləvi şəkildə yayılmasının qarşısı məhz izolyativ tədbirlər sayəsində alındı və artıq bu ölkədə müsbətə doğru dəyişikliklər var. ABŞ eyni addımı atdı və mümkün təhlükənin miqyası azaldıldı. Avropa ölkələri də virusla mübarizənin əsas yolu kimi məhz izolyasiya tədbirlərini seçib. Çünki bəzi ölkələr koronavirusun çarəsini tapdıqlarını iddia etsə də, virusa qarşı dərmanın hazırlanması prosesi başa çatmayıb. İndiki halda yeganə xilas yolu izolyasiyadır.
Halbuki, Azərbaycanda vəziyyət digər ölkələrlə müqayisədə daha qənaətbəxşdir. Ümumdünya Səhiyyə Təşkilatı da bunu təsdiqləyir. Çünki vətəndaşların təhlükəsizliyini düşünən dövlət virusun Çində peyda olmasından dərhal sonra infeksiyaya qarşı müvafiq tədbirlər həyata keçirdi: sərhəd-keçid məntəqələrində və uçuşlara məhdudiyyətlər qoyuldu; səhiyyə müəssisələri gücləndirilmiş rejimə keçdi; təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırıldı;
İzolyasiya tədbirlərinin həyata keçirilməsi də vətəndaşların sağlamlığının qorunması istiqamətində sonuncu və ən vacib addımdır. Real vəziyyət bəlkə də belə bir zərurət yaratmırdı, lakin Azərbaycan hökuməti ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirməyi qərara aldı. Və burada əsas məqsəd dövlətin mümkün təhlükə qarşısında öz vətəndaşını düşünməsidir. ÜST-ün ekspertləri də qeyd edirlər ki, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.
Lakin qlobal təhlükənin Azərbaycanda təsirini minimallaşdırmaq təkcə dövlətin yox, həm də bütün cəmiyyətin və hər bir vətəndaşın üzərinə məsuliyyət qoyur. Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir. Tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaş maksimal şəkildə diqqətli və məsuliyyətli olmalı, tətbiq olunan qaydaların ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlar olduğunu bilməlidir.
Azərbaycanda qabaqlayıcı tədbirlərdən biri də virusa görə məktəbə getməyən şagirdlər üçün teledərslərə start verilməsidir. Azərbaycan Dövlət İqtisad Universitetində isə (UNEC) koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə artıq bütün dərslər distant formada təşkil edilir.
Məktəb və univerisitetlərin bağlı olması ölkədə də internetə tələbatı artırıb. Maraqlıdır, bu cür fövqəladə hallarda interneti hamıya əlçatan etmək üçün hansı tədbirlər görülməlidir? Pulsuz internet fikri məqsədəuyğundurmu?
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz qeyd edib ki, belə hallarda internet üzərindən təhsil teledərslərdən daha faydalıdır:
“Fors-major situasiya özü ilə müəyyən problemlər də gətirir. Yəni, real vəziyyətin nə olduğunu göstərir. Təhsil Nazirliyinin teledərsləri alternativ variant olaraq faydalı addımdır. Ortada böyük bir boşluq var. Boşluğu doldurmaq üçün Təhsil Nazirliyi teledərsləri verir.
Diasporla İş üzrə Dövlət Komitəsi də dünya azərbaycanlılarına müraciət edib. Müraciətdə qeyd olunub ki, xaricdə yaşayan azərbaycanlılarla əlaqəni daha da möhkəmləndirmək üçün bir neçə gündür yaradılan www.diaspora.support və [email protected] ünvanları aktivdir. İndiyə qədər www.diaspora.support və [email protected] elektron ünvanlarına xaricdən onlarla müraciət daxil olub və müraciətlər operativ cavablandırılıb. Soydaşlarımız www.diaspor.gov.az saytına daxil olaraq qeyd olunan məsələlərlə bağlı ətraflı məlumat ala bilərlər.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edərək bildirir ki, dünyanın bir çox ölkələrində virusun yayılması ilə əlaqədar Dövlət Komitəsi Azərbaycanlıların Koordinasiya Şuraları, Azərbaycan evləri, diaspor təşkilatları və fərdi şəxslər vasitəsilə xaricdə yaşayan soydaşlarımızla bağlı mütəmadi olaraq informasiyalar əldə edir, onların vəziyyəti ilə maraqlanır, maarifləndirici tövsiyələr verir və bütün mümkün vasitələrdən istifadə edərək soydaşlarımıza mənəvi dəstək olmağa çalışır. Xüsusilə də, virusun geniş yayıldığı, xeyli sayda azərbaycanlının məskunlaşdığı və təhsil aldığı İtaliyada yaşayan həmvətənlərimiz Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin diqqət mərkəzindədir.
Soydaşlarımızdan xahiş olunur ki, qeyd edilən mövzuda hər hansı bir problem və ya çətinliklə bağlı Komitənin sosial şəbəkə hesabları, elektron poçt ünvanı, həmçinin digər elektron ünvanlarına müraciət etsinlər. Öz səlahiyyət və imkanları çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi hər bir həmvətənimizə kömək etməyə hazırdır. Həmçinin tövsiyə olunur ki, azərbaycanlılar yaşadıqları ölkələrin hökumətlərinin koronavirusla bağlı qəbul etdiyi qayda və tələblərə ciddi əməl etsinlər.
Dövlət Komitəsi Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və Nazirlər Kabineti yanında Operativ Qərargahla (Qaynar xətt: *994-1542) intensiv əlaqə saxlayır.
Professor Adil Qeybullanın fikrincə, koronavirusa qalib gəlmək öz əlimizdədir, Dövlət üzərinə düşənləri edir, yetər ki, hər bir vətəndaş fərdi olaraq məsuliyyət hissini unutmasın.
Bütün ölkələr koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında işləməlidir.
A.Qeybulla bildirib ki, məhz ÜST-ün fonduna, eyni zamanda ölkədaxili tədbirlər üçün vəsait ayrılması nəticəsində virusun yayılması azalan istiqamətdə gedir: “Koronavirusun yaranma ocağı sayılan Çində də bu işlərə sərf edilən böyük vəsait sayəsində virusu lokallaşdıra bildilər. Karantin tədbirlərinin vaxtında görülməsi infeksiyanın lokallaşdırılması istiqamətində çox mühüm addımdır”.
Professor qeyd edib ki, bir aydan sonra proses tamamilə sönə bilər: “Çünki dünya üzrə çox intensiv işlər həyata keçirilir. Havanın istiləşməsi ilə paralel virusa yoluxan insanların immunitetində güclənmə yaranır. Bir aydan sonra koronavirusla bağlı göstəricilər enən xətt üzrə gedəcək”.
Onu da qeyd edəkki, koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıblar.
Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilıb.
Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.