Ermənistanın hərbi helikopteri vuruldu Hadisə

Ermənistanın hərbi helikopteri vuruldu

Azərbaycan MN: "Mi-24 tipli düşmən helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib"

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.
Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.
Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.
Erməni mənbələr də Azərbaycan silahlı qüvvələri tərəfindən Ermənistan ordusunun vertolyotunun vurulması faktını təsdiq edib. Ermənistan ordusunun işğal zonasındakı bölməsinin mətbuat xidmətinin açıqlamasına görə helikopterdə üç pilot olub və hamısı ölüb.
Qeyd edək ki, indiyədək Ermənistan ordusunda cəmi 12 Mi-24 tipli helikopter olub. Mi-24 tipli vertolyota hərəkətli pulemyot quraşdırılıb. Pulemyot 900 patron tutumuna malikdir. Hərbi texnikada həmçinin tank əlehinə kompleks mövcuddur.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni hərbi vertolyotunun vurulması böyük rezonansa səbəb olub. Hərbi ekspert Üzeyir Cəfərov modern.az-a açıqlamasında erməni tərəfinin bu hərəkətini daha bir təxribat xarakterli hadisə kimi qiymətləndirib: "Bu hadisədən sonra genişmiqyaslı döyüşlərin baş verəcəyini düşünmürəm. Çünki bugünkü hadisə Ermənistan tərəfinin özbaşınalığı ucbatından baş verib".
Ekspertin sözlərinə görə, bu vəziyyəti yaradan Ermənistan tərəfinin məsuliyyətsizliyidir: "Düşünürəm ki, bu, ilk növbədə açıq təxribat və Azərbaycanın döyüş hazırlığını yoxlamaq məqsədilə ola bilər. Çünki son günlər erməni tərəfi genişmiqyaslı təlimlər keçirdiklərinə dair bəyanatlar verir, indiyə kimi görünməmiş hərbi texnika, şəxsi heyət cəlb olunduğunu açıqlayırdı.
Onsuz da bizim əsgərlər günün 24 saatını döyüş hazırlığı vəziyyətindədirlər, onlar hər an döyüşə hazırdırlar. Son zamanlar isə əsgərlərimiz vəziyyətə bir qədər də gücləndirilmiş rejimdə nəzarət edirdilər".
Üzeyir Cəfərov deyir ki, onların "Mİ-24" vertolyotunun öz mövqelərini keçib bizim mövqelərə yaxınlaşması, neytral əraziyə gəlib çıxması sıradan hadisə deyil: "Amma onlar unudurlar ki, bizim hərbi hava qüvvələrimiz Xankəndidə, hətta Ermənistanın işğal altında saxladığı ərazilərdə belə, hər şeyi nəzarətdə saxlayır və istənilən an onlara zərbə yetirə bilər".
Ekspert Azərbaycan hərbi qüvvələrinin verdiyi qərarı çox yüksək qiymətləndirib. "Hesab edirəm ki, Azərbaycan tərəfindən verilən qərar çox düzgündür. Bəlkə bundan sonra ermənilər özlərini yığışdırar, başa düşərlər ki, nə qədər gec deyil, işğal olunmuş əraziləri boşaldıb, daimi dislokasiya yerlərinə qayıtmalıdırlar".