Pakistan mediasında Xocalı faciəsinə dair məqalə dərc olunub Hadisə

Pakistan mediasında Xocalı faciəsinə dair məqalə dərc olunub

Pakistanın "National Herald Tribune", "Statestimes" qəzetlərində, həmçinin, "One Pakistan" informasiya agentliyində "Pakistan-Azərbaycan Media Forumu BMT Təhlükəsizlik Şurasının Kəşmir və Xocalı üzrə qətnamələrinin icrasını tələb etmişdir" adlı məqalə dərc olunub.
Məqalədə İnsan Hüquqları Günü ərəfəsində Pakistan-Azərbaycan Media Forumunun Pakistanın sabiq federal naziri, istefada olan general-leytenant Faiz Əli Çiştinin ali qonaq qismində iştirak etdiyi toplantısının keçirildiyi bildirilir.
Vurğulanır ki, iclasda forumun baş katibi Raca Caved Əli Batti Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun Xocalı soyqırımına dair bəyanatını yayımlayıb.
Bəyanatda D.Şikarov Xocalıda baş vermiş hadisələrin Ermənıstan-Azərbaycan münaqişəsinin ən qara səhifələrindən olduğunu bildirib. Sənəddə qeyd edilib ki, yeddi min əhalisi olan Xocalı şəhəri 1991–ci ildən başlayaraq erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılmış və fevral ayının 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələrinin hücumuna məruz qalaraq tamamilə məhv edilmişdir. Həmin dəhşətli gecə zamanı 83 azyaşlı uşaqlar, 116 qadın daxil olmaqla 613 nəfər, onlardan 56 nəfəri xüsusi amansızlıqla öldürülmüş, 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirmişdir. Minlərlə insan yaralanmış, əsir götürülmüş və ya itkin düşmüşdür.
Daha sonra qeyd olunur ki, işğalçı Ermənıstanın BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsi və Baş Assambleyasının müraciətləri, Qoşulmama Təşkilatı, İƏT, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarlarını icra etməkdən boyun qaçıraraq işğalçı siyasətini davam etdirir.