Həmsədrlər XİN başçıları ilə görüşəcəklər Hadisə

Həmsədrlər XİN başçıları ilə görüşəcəklər

Ceyms Uorlik: "Regiona növbəti səfərimizin tarixi hələlik müəyyən olunmayıb"

"Keçən il ərzində biz bir neçə dəfə şahid olduq ki, təmas xətti boyu hər bir zorakılıq destabilizasiya yaradır və bu, tərəflər arasında təhlükəli eskalasiyaya gətirib çıxara bilər". Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik APA-nın sorğusuna cavabında deyib. Onun sözlərinə görə, hərbi əməliyyat Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə çözülməsi istiqamətində göstərilən səyləri poza bilər: "Biz tərəflərin fikirlərini eşitmək üçün müntəzəm olaraq regiona səfər edirik. Lakin regiona növbəti səfərimizin tarixi hələlik müəyyən olunmayıb. Yaxın bir neçə həftə ərzində xarici işlər nazirləri ilə görüşümüz baş tuta bilər. Biz ümid edirik ki, nazirlər bir-biri ilə görüşüb irəliyə aparan yolları müzakirə edə bilərlər. Biz, həmçinin, ümidvarıq ki, prezidentlər 2014-cü ilin oktyabr ayında Paris Sammitində üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalaraq, dialoqu davam edəcəklər. Münaqişənin danışıqlar yolu ilə həlli yalnız o zaman mümkün ola bilər ki, tərəflərin bir-biri ilə işləməsi üçün siyasi iradələri olsun".