Daha bir qəhrəmanımızı tanıyın – Murad Hüseynzadə Hadisə

Daha bir qəhrəmanımızı tanıyın – Murad Hüseynzadə

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan oğullar elə bir tarix yazdılar ki, onların qəhrəmanlığı dillərdə dastana döndü və əbədiyyətədək yaşayacaq. 30 il həsrətində olduğumuz Zəfər sevincini qanları bahasına 44 günə bizə yaşadan igidlərin sırasında 22 il bundan əvvəl Lənkəran rayonunun Şağlaser kəndində dünyaya göz açmış Murad Mahmud oğlu Hüseynzadə də var.
Vətənə, torpağa sevgi ilə böyüyən Murad orta məktəbi başa vuranda hamı onun xalqa fayda vermək əzminə, sağlam əqidəsinə, gözəl əməllərə can atmasına heyran kəsilir. Murad 2013-2015-ci illərdə Lənkəran Zabitlər Evində oxumaqla “Tibb təlimatçısı” ixtisasına yiyələnir. Həqiqi hərbi xidmətə də əzəli yurd yerimiz olan Qarabağı azad görmək arzusu ilə yola düşür.
Murad cəbhə xətində Vətən qarşısında borcunu şərəflə verir. Qulluq dövründə çətin məqamlarda belə müqəddəs saydığı Vətən torpağına sipər, yağı düşmənə çəpər olmağı bacaran igid kimi tanınır. Erməni işğalçılarına nifrət bəsləməklə, zəfər günümüzə də ürəkdən inanır. Elə bu, inamla əsgəri xidmətini üzüağ başa vurub evinə dönür. Lənkəran Regional Narkoloji Xəstəxanasında ixtisası üzrə çalışır. Gözəl həyat naminə öz işinə təmiz, ulu duyğularla yanaşır. Qapısını döyənə səmimi, təmənnasız münasibət göstərir. Bacardıqca insanlara yaxşılıq etmək onun həyat kredosuna dönür.
Azərbaycan torpaqlarının azadlığı uğrunda ikinci Qarabağ müharibəsi başlananda Murad cəbhəyə yola düşür. Vətəni öz qanı bahasına yaşadan oğullarla Füzuli istiqamətdə yağıya qan uddurur. Məğlub olan işğalçılar rayonu tərk edib silah-sursatlarını belə götürmədən qaçırlar. Füzuli tamamilə azad edilir. Üç rəngli Azərbaycan bayrağı orada dalğalananda Murad başda olmaqla bütün Vətən oğulların ürəyi dağa dönür.
Murad bundan sonra Cəbrayılın, Qubadlının hər qarışı uğrunda əzmlə mübarizə aparır. 33 gün odun-alovun içində ağır döyüş yolu keçir. Düşməndən ürəyincə qisas aldıqdan sonra Qubadlıda şəhid olub əbədiyyətə qovuşur.
Şağlaser kənd sakini, jurnalist Ağaddin Babayev deyir: - Muradın cəsarətinə, səmimiyyətinə, saflığına söz ola bilməzdi. O, öz xalqını, Vətənini canından artıq sevirdi. Qarabağın düşmən tapdağında olması onu çox narahat edirdi. Murad Vətən torpaqlarının azadlığı naminə yaşına uyuşmayan bir qəhrəmanlıq göstərdi. Qana susayan düşməni qanda boğmaqla tarix yazdı. İndi bizim qəhrəman Muradla bütün Azərbaycan xalqı fəxr edir. Onu da deyim ki, dövlətimiz də igid Vətən oğlunun müharibədə göstərdiyi hünərə “Vətən uğrunda”, “Cəsarətli döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə yüksək dəyər verib. Doğrudur, Murad onları döşündə gəzdirə bilmədi. Amma bizim, eləcə də gələn nəsillər üçün yadigar qoydu.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü