Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb Hadisə

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

Fevralın 4-də Qaradağ rayon İcra Hakimiyyətinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş hesabat iclası keçirilib. Hesabat iclası çərsivəsində Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin yekun nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, habelə jurnalistlərin maarifləndirilməsi məqsədilə regionlarda konfransların keçirildiyini də diqqətə çatdırıb. Vüqar Səfərli bildirib ki, müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə fərdi jurnalist yazıları müsabiqələrinin təşkilində məqsəd kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin genişləndirilməsi, jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır.
İcraçı direktor Fondun Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə noyabrın 25-dən dekabrın 25-dək keçirdiyi müsabiqəyə 26 redaksiyadan 50 yazının daxil olduğunu diqqətə çatdırıb. Vüqar Səfərli bildirib ki, müsabiqə üzrə ümumilikdə 25 nəfərin mükafatlandırılması barədə qərar çıxarılıb.
Fondun 2014-cü ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələri diqqət mərkəzində saxladığını deyən icraçı direktor KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edən çoxsaylı layihələrin həyata keçirildiyini vurğulayıb. Vüqar Səfərli dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə edilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ötən il Fond tərəfindən keçirilmiş fərdi jurnalist müsabiqələri barədə məlumat verib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib. Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov KİV-lərlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinə və birgə müsabiqələrin təşkilinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən , 1-ci yerə "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru Aqşin Hümbətov, 2-ci yerə "Mövqe" qəzetinin baş redaktoru Rasim Bayramov və "Kaspi" qəzetinin müxbiri Lalə Kazakova, 3-cü yerə isə "İki sahil" qəzetinin bölmə müdiri Elçin Namazov, "525-ci qəzet"in redaktoru İsgəndər Həsənov və "Azərbaycan Dövlət Teleqraf Agentliyi" nin müxbiri Əsəd Məmmədov layiq görülüblər.

XC