Oktyabrın 1-dən bu şəxslərdən də COVID pasportu tələb oluna bilər Hadisə

Oktyabrın 1-dən bu şəxslərdən də COVID pasportu tələb oluna bilər

Oktyabr ayının 1-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVİD-19 pasportu olmayan bütün taksi sürücülərinə qarşı reydlər keçiriləcək. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabr ayının 1-dən koronavirus infeksiyasına qarşı hər iki peyvənd olunmayan taksi sürücüləri barədə qanuna müvafiq tədbirlər görüləcək.

Bu reydlər yalnız taksi sürücülərinə aid ediləcək, yoxsa bütün sərnişindaşıma sürücülərinə?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir: "Bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə əks olunub.

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.

Müəyyən olunan norma və qaydaların təmin olunması istiqamətində DİN əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Polis əməkdaşlarının avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatını yoxlaması qanunauyğundur".

E.Hacıyev deyib ki, bütün tədbirlər koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınmasına yönəlib.