Respublika Gənclər Kitabxanasında Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş biblioqrafik icmal hazırlanıb Mədəniyyət

Respublika Gənclər Kitabxanasında Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş biblioqrafik icmal hazırlanıb

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Fikrət Qoca – Azərbaycan poeziyasında yeni ovqat” adlı biblioqrafik icmal hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan materialda Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının, akademik Bəkir Nəbiyevin “Şair fərdiyyəti”, yazıçı-publisist Pərvinin “Cildlərə sığmayan şair” adlı məqalələrinin tam mətni, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır.

Biblioqrafik icmalda Fikrət Qocanın əsərləri, ön söz yazdığı, redaktə və tərtib etdiyi, məsləhətçisi olduğu kitabların, haqqında qələmə alınan nəşrlərin, məqalələrin biblioqrafik icmalı, şairin dövri mətbuatda dərc edilən şeir və yazılarının siyahısı verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan icmalda müəllifin müxtəlif illərdə dərc edilən “Seçilmiş əsərləri”, “Hələlik, qiyamətəcən...,” “Taleyin ağır taleyi”, “Ömrümdən anlar”, “Adi həqiqətlər” və haqqında qələmə alınan “Əbədiyyətə qovuşan “Od oğlu”, “Fikrət Qocanın yaradıcılıq yolu”, “Azərbaycan poeziya çələngi” kimi 50-dən çox kitabın qısa annotasiyası və biblioqrafik təsviri təqdim edilir.