

Bakü – 20.07.25. Tapdıq Əlibəyli /Türkel Media/: Laçın yağı tapdağından azad olunduğu gün yazmışdım:
Azaddır Laçın!
Yolunu açın...
Bu günlərdə Türk Ağsaqqalları Birliyinin (#TAİB) təmsilçiləri olaraq Qarabağ səfərimizdə Laçında da olduq. Sevincimiz, kövrəlməyimiz, qürur duymağımız, duyğulanmağımız təbii haldır... Mənə elə gəldi ki, el məhəbbəti qazanmış sənətkar, Əməkdar artist Məhəbbət Kazımov da Laçında olduğumuz müddətdə bizimləydi. Qəribə hisslər ağuşunda hara üz tutdumsa, sanki "Laçınım" oxuyurdu ... ehtizazlı səsi bütün varlığımı sardi...
Kaş ki bu günü görəydi və ayrı bir "Laçinım" oxuyaydı.
...İllər öncə Məhəbbət Kazımovun “Laçınım” mahnısı el şənliklərində, toy-düyündə, efirlərdə səslənər-səslənməz dillər əzbəri oldu. Müğənninin möhür- ifasına çevrilən bu mahnının məndə doğurduğu düşüncə və təəssüratları vaxtilə “Yanğını sevdim yandığım zaman” adlı bir yazımda qələmə almışam.
“Nisgil odu” (2005) adlı kitabımada yer alan həmin mətni bənzərsiz Sənətkarın ruhuna salam olaraq təqdim edirəm: Əzəli-əbədi ülviliklər - Tanrı qüdrəti, torpaq qüvvəti, yurd məhəbbəti, söz heyrəti sırasına şaqraq səsli müğənni Məhəbbət Kazımovun ifasında səslənən “Laçınım” mahnısı ilə səsin ecazkar təsir gücü, hikməti də qatıldı. Səsin bu qədər ovsununa, sehrinə inanmazdım, bəlkə də. Bəlkə də, səsin nuruna boyana-boyana bu qədər kövrəlməzdim, ancaq kövrəltdi məni Məhəbbət öz səsiylə:
Seyr etdim səsinlə dağ şəlaləsin,
Qoxudum dağların gül rayihəsin.
Dinlədim Laçının həsrət nəğməsin,
“Laçınım” mahnısı oxunan zamtövlükdə
Dinlədikcə, qəsbkara rəğmən nifrətimizə bülöv çəkən bu səs vətən həsrətinin yanğısını ovxarından keçirərək pərdə-pərdə haraya, çağırışa dönür. Elə bu ovqatla da üz tutdum Məhəbbətin görüşünə. Söhbətimiz əsnasında mənə bir məqam da aydın oldu ki, bu səsin sahibi bütöv varlığı ilə oxuduğu bu nəğməni yaşayır, misra-misra yanıb külə dönür. Yağı tapdağında əsir qalmış dağlar sinəsinə dağ çəkir. Axı Laçın onun dünyaya göz açdığı vətən torpağıdır.
Oxu, sən qardaşım, oxu , Məhəbbət,
Səsin işığında sökülür zülmət.
Bilirəm alırsan ümiddən qüvvət,
“Laçınım” mahnısı oxunan zaman.
Gör neçə vaxtdır həsrətik işğal altında qalan yurd yerlərimizə. Aramızda olan uzaqlıq isə göz məsafəsi qədərdir. Yəni doğurdanmı bu qədər yaxınlıqla bu qədər uzaqlıq arasında bu həsrətin sonu olmayacaq? Həsrət odunda qovrula-qovrula göynəyəcəyik. Necə ki, Məhəbbət Kazımov “Laçınım, Laçınım ...”-deyə haray çəkib göynəyir.
Ürəyim atlandı bu həzin səsdən,
Gah zildən süzülür, gah da ki, pəsdən,
Qurtulmaq istəyir bülbül qəfəsdən,
“Laçınım” mahnısı oxunan zaman.
Vətən həsrətini içində yaşadan müğənni səsiylə qartal olub Laçının göylərində uçanda, bulaq olub torpağına süzüləndə, yağış olub düzlərinə çilənəndə mələklərin kirpiyi nəm çəkdi, Tanrı səbrinin qapısı diksindi. Mənim isə ruhumu ovudacaq müsralar yarpaqlandı:
Dağların zirvəsi qartal oylağı,
Qıy vurur Məhəbbət, qartal sayağı,
Canlanır önümdə orman, yayalağı,
“Laçınım” mahnısı oxunan zaman.
Vətən övladlarının nalə nidaları kimi süslənmişdir Laçının həsrət nəğməsi. Bu nəğmə təkcə Laçının yox, neçə-neçə yurd yerlərimizin həsrət nəğməsidir. Mayasında bir od, bir atəş var:
Yaman qərbsəyib dağları bahar,
Didərgin olanı düşüb boran, qar,
Yandırır sinəmi sönən ocaqlar,
“Laçınım” mahnısı oxunan zaman.
Qulaqlarımda Məhəbbətin sehrli səsi, dilimdə şehli sətirlərin sərinliyi, qəlbimdə ümid alovunda yanan kədərimin - yurdddaşlarının üzünə həsrət qaldığı sinəsi dağlı dağlarımızın azad, bütöv Azərbaycanımızın qoynuna qovuşacaq günün ümidi ilə ayrılıram müğənnidən:
Gəlib ehtizaza, riqqətə qəlbim,
Kədərə bələndim, qəmə bələndim,
İntiqama səslər müqəddəs dərdim,
“Laçınım” mahnısı oxunan zaman.
P.S Axirətin abad, ruhun şad olsun, unudulmaz sənətkarımız Məhəbbət Kazımov! Başqa "Laçınım" lar başqa ifa- avazlarda yəqin ki, oxunacaq, amma sənin "Laçınım"ın özün kimi heç vaxt unudulmayacaq.
Zirvə işığında, dağlar qoynunda Zəfərlə dalğalanan Bayrağımızın möhtəşəmlik ovqatında düşünürəm ki, Məhəbbətin "Laçınım"ı Laçın məhəbbətim...