Afət Abbasova: Qara Qarayev Şərq və Qərb musiqi dünyasını birləşdirən nadir bəstəkarlardandır Mədəniyyət

Afət Abbasova: Qara Qarayev Şərq və Qərb musiqi dünyasını birləşdirən nadir bəstəkarlardandır

Qara Qarayevə həsr olunmuş tədbirin məhz Prezident Kitabxanasında keçirilməsi təsadüfi deyil. Çünki kitabxanalar təkcə kitabların mühafizə olunduğu məkan deyil, eyni zamanda milli mədəniyyətimizin yaddaşını yaşadan və gələcək nəsillərə ötürən mühüm mədəni ocaqlardır. Burada Qara Qarayevin yaradıcılığının xatırlanması və yenidən dəyərləndirilməsi bizim mənəvi borcumuzdur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova bildirib.

Onun sözlərinə görə, Qara Qarayev Şərq və Qərb musiqi dünyası arasında körpü rolunu oynayan nadir bəstəkarlardandır: “Qara Qarayev yalnız “İldırımlı yollarla” simfoniyası və “Yeddi gözəl” baletini bəstələmiş olsaydı belə, bu iki əsər onun adının dünya musiqi tarixində əbədi yaşaması üçün kifayət edərdi. Onun yaradıcılığı dərin məzmunu, yüksək sənətkarlığı və orijinal musiqi dili ilə seçilir”, – deyə direktor əlavə edib.

Professor Afət Abbasova vurğulayıb ki, Qara Qarayev irsinin daha geniş təbliği və ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət daşıyır. “Prezident Kitabxanasının rəsmi saytının xəbər bölməsində, eləcə də müxtəlif televiziya və media resurslarında bu mövzunun işıqlandırılması bəstəkarın irsinin daha geniş auditoriyaya tanıdılmasına əlavə təkan verəcək, cəmiyyətin mədəni yaddaşında böyük sənətkarın yerini təsbit edəcək”, - deyə o əlavə edib.

Həmçinin professor Afət Abbasova qeyd edib ki, Prezident Kitabxanasında dünyaşöhrətli bəstəkar, akademik Qara Qarayevin zəngin yaradıcılığına həsr olunmuş "Qara Qarayev" adlı virtual sərgi hazırlanıb. Burada bəstəkarın müəllifi olduğu əsərlər və onun haqqında yazılmış kitablar öz əksini tapıb. Virtual sərgidə Qara Qarayevin yaradıcılıq yolunun əsas mərhələləri, musiqi irsinin formalaşması və inkişaf xüsusiyyətləri, eləcə də Azərbaycan professional musiqisinin təşəkkülündə və inkişafında oynadığı mühüm rol geniş şəkildə təqdim olunur.