12:09
665
Ölkəmizdə mütəmadi təşkil edilən xatirə gecələri, yubiley tədbirləri və konsertlər gənclərin səhnə təcrübəsi qazanmasına, tamaşaçı ilə canlı ünsiyyət qurmasına imkan yaradır. İstedadlı gənclər çoxdur. Lakin bəzən onlar təhsil müddətində əldə etdikləri bilik və bacarıqları canlı auditoriya qarşısında tətbiq etməkdə çətinlik çəkirlər. Məhz buna görə də belə tədbirlərin keçirilməsi vacibdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, şair-yazıçı İlqar Fəhmi bildirib.
O qeyd edib ki, əvvəlcə daha kiçikmiqyaslı proqramlarda çıxış etmək, sonra isə tədricən daha böyük səhnələrə doğru irəliləmək gənc ifaçıların inkişafı üçün düzgün mərhələli yoldur. Bu proses onları gələcəkdə böyük konsert salonlarında, hətta iri məkanlarda çıxış etməyə hazırlayır.
“Şəxsi müşahidələrim göstərir ki, bəzi gənc xanəndələr bir il əvvəl səhnədə tamam fərqli idilərsə, mütəmadi çıxışlar nəticəsində qısa müddətdə daha peşəkar, daha sərbəst və təcrübəli olurlar”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, belə tədbirlər iki mühüm missiyaya xidmət edir: bir tərəfdən sənətkarların xatirəsini yaşadır, digər tərəfdən isə sağlam sənət mühitində gənclərin yetişməsinə və peşəkarlaşmasına ciddi təkan verir.