“Kitabi-Dədə Qorqud” dastanları Mədəniyyət

“Kitabi-Dədə Qorqud” dastanları

Dastanı tədqiq edənlərin fikrincə, hadisələrin çoxu tarixidir, ancaq burada ziddiyyətlər də var

I yazı

"Kitabi-Dədə Qorqud" dastanı Türk Dünyasının qiymətli bir xəzinəsidir. Bu adla yaddaşımıza həkk olunan qədim oğuz dastanları Türk Dünyasının yaratdığı milli mədəniyyətin ən zəngin, ulu qaynaqlarından biridir. "Kitabi-Dədə Qorqud" dastanı əsrlərdən gələn bahar çiçəkləri kimi təravətli, həmişə təzə-tər qalan mədəniyyət bağçasıdır. Bu qiymətli sənət əsəri Azərbaycan şifahi və yazılı ədəbiyyatının, tarixinin babasıdır. "Kitabi-Dədə Qorqud" dastanı oğuzların əfsanəvi keçmişini poetik dildə bizə çatdırır.
Dastanı tədqiq edənlərin fikrincə, dastanda olan hadisələrin çoxu tarixidir, ancaq burada ziddiyyətlər də var. Tərcüməçilər bunu əllərinə gəlib çıxan son nüsxənin daim dəyişə-dəyişə bu hala düşməsi ilə əlaqələndirirlər. Məsələ ondadır ki, oğuzlarla bağlı çoxlu sayda epik əfsanələr mövcuddur. Bu əfsanələr müxtəlif şəkildə mənbələrə düşüb. Tərcüməçiləri çaşdıran da budur. Oğuz-türkmən mənbələrinin tədqiqatçısı A.N.Kononov bununla bağlı yazır ki, türkmənlərin əfsanəvi Oğuzdan yaranması ilə bağlı olan türkmən epik əfsanələri demək olar ki, öyrənilməyib. Bu əfsanələr özünəməxsus bir özəlliklə olduqca qədimlərdə -türkmənlər islamı qəbul etməmişdən əvvəl yaranıb.
Dədə Qorqudun tarixi şəxsiyyət hesab edilməsi isə danılmazdır. XIII-XIV əsr tarixçisi Rəşidəddinin məşhur "Came-ət-təvarix" adlı əsərinin Türkiyədə saxlanılan nüsxəsində Dədə Qorqud VII əsrdə Məhəmməd peyğəmbərin dövründə yaşamış bir şəxs kimi qələmə alınıb. Çox təəssüf ki, dastan tarixilik baxımından az tədqiq olunub. Dastanın nə vaxt yazıya alınması barədə mübahisələr olsa da, tədqiqatçıların əksəriyyəti onun XII-XIV əsrlərdən qabaq yazıya alındığı fikrindədirlər. Dastanın bəzi boylarının IX əsrdən qabaq yazıya alındığını qeyd edənlər də var. Tərcüməçilər dastanları bütövlükdə tarixi yox, bəlkə epik əsər hesab edirlər. Kitaba yazılan müqəddimədə oğuz ittifaqlarının həyat tərzi, əxlaq-etika normaları, şamanizmlə bağlı cəhətləri, islam dininə münasibətləri və dövlət quruluşu haqqında maraqlı fikirlərə rast gəlirik. Dastanlar təhlil olunaraq göstərilir ki, oğuzlar İç və Daş Oğuz deyə iki qrupa bölünürlər. Onların arasında ciddi bir fərq yoxdur. Onların hamısının ümumi rəhbəri, başbiləni Bayandır xandır. Ancaq əsl qəhrəmanlıq göstərən, hamının sevimlisi isə Salur Qazan xandır.
Dastanlar öz igidliyi və qəhrəmanlığı ilə fərqlənən bəylərin şəninə həsr olunub. Dastanlardakı qəhrəmanlar, xüsusilə Dədə Qorqud həddindən artıq idealizə edilir və nəticədə reallıqdan uzaqlaşır. Tərcüməçilərin fikrincə, fövqəltəbii ünsürlər (oğuz qəhrəmanları, eləcə də Dədə Qorqud haqqında mübaliğələr) türk xalqlarının folklorundan gəlir. Dastanlarda verilən düşmənlərin adları da türk adlarıdır, özləri də ziddiyyətlidir. Belə ki, Şəklü Məlik dörd döyüşdə dörd dəfə öldürülür. Bunlar boyların bir şəxs (ozan) tərəfindən yaradılmadığını göstərir. Maraqlı məqamlardan biri də Dədə Qorqudun tarixi şəxsiyyət olması və hansı dövrdə yaşaması ilə bağlıdır. Bu məsələdə fikirlərin haçalanması dastanların ayrı-ayrı dövrlərdə yarandığının bariz nümunəsidir. Tərcüməçilərin bəziləri belə hesab edirlər ki, Dədə Qorqud oğuzların X-XI əsrlərdə Yenikənddə (paytaxt) hökmranlığı vaxtı dövlət xadimi, diplomat olub. Kiçik Asiyada isə o, müqəddəsləşdirilib, övliya səviyyəsinə qaldırılmış əfsanəvi bir adama çevrilib.
"Kitabi-Dədə Qorqud" dastanının yaranma tarixi haqqında fikirlər haçalanır. Bir sıra tədqiqatçılar da qeyd edirlər ki, boylar IX-X əsrlərdə meydana çıxıb, yazıya alınıb, ancaq ədəbi cəhətdən XV əsrdə tamamilə yenidən işlənib, cilalanıb. Tədqiqatçılardan V.M.Jirmunskiyə görə, bu boylardan bəzisi hətta V-VII əsrlərə gedib çıxır (Domrul və b.). 1962-ci ildə H.Araslı tərəfindən "Kitabi-Dədə Qorqud" yenidən nəşr olunur. Girişdə H.Araslı həmin dastanların XI-XII əsrlərdə qələmə alındığını, XV-XVI əsrlərdə yenidən üzünün köçürüldüyünü qeyd edir. H.Araslıya görə, bu dastanlar haqqında çoxlu mübahisələr var və hələ bu "mübahisələrə yekun vuran dərin elmi-tədqiqat əsəri yaranmayıb". Onun fikrincə, dastanların ilk variantı - orijinalda Azərbaycanda yazıya alınıb. H.Araslı göstərir ki, Dədə Qorqud adı və bir çox motivlər türk xalqlarının (qazax, qırğız, başqırd, türkmən və b.) şifahi ədəbiyyatında qeyd olunur. Bizi də burada daha çox boyların yenidən üzünün hansı vaxtlarda köçürüldüyü maraqlandırır. Tədqiqatçıların çoxu bunu XV əsrə, daha doğrusu, XV əsrin II yarısına aid edirlər.
Bu zaman XV əsrdə Azərbaycanın siyasi səhnəsində Qaraqoyunlu, Ağqoyunlu dövlətləri, bir də Ərdəbil şeyxliyi, Kiçik Asiyada isə Osmanlı dövləti, onun qonşuluğunda, Qara dəniz sahillərində Trabzon imperatorluğu var idi. Ağqoyunlular qaraqoyunlularla və osmanlılarla pis münasibətdə, Ərdəbil şeyxliyi ilə isə yaxşı münasibətdə idilər. Ağqoyunlularla Trabzon arasındakı əlaqələrə gəlincə, Ağqoyunlu sultanları tez-tez ora səfərlər edir və bol qənimətlə qayıdırdılar. Onlar arasında qız qohumluğu da var idi. Osmanlı dövləti gücləndikdən sonra maraqlar ağqoyunlularla Trabzonu birləşdirdi və müttəfiq oldular. Daha doğrusu, Trabzon sanki ağqoyunluların vassalına çevridi. İndi isə keçək bu xəritəni çəkməkdə əsl məqsədimizə... Apardığımız tədqiqatlar bizə imkan verir deyək ki, "Kitabi-Dədə Qorqud" dastanları məhz XV əsrdə, ağqoyunlular və osmanlılar tərəfindən yenidən işlənib və cilalanıb.
Dastanlara ağqoyunlulara dair yeniliklər əlavə olunub. Bəlli olur ki, Dədə Qorqud öncəgörəndir, övliyadır, müqəddəs bir şəxsdir. Hər bir şeyi qabaqcadan görür. Baxın, kitabın giriş hissəsində VII əsrdə yaşayan Dədə Qorqud XV əsrə dair hadisələrdən xəbər verir. Bildirir ki, axırda xanlıq geriyə - Qayıya dönər, heç kim əllərindən hakimiyyəti ala bilməz. Göründüyü kimi, Qorqud ata Osmanlı nəslinə işarə edir. Bəllidir ki, ağqoyunlular da, osmanlılar da 24 oğuz tayfalarından yaranıblar. Hər biri də özünün Oğuzun şəcərəsindən gəldiyini qeyd edir. Lakin ağqoyunlular bayandurilər, osmanlılar isə Qayı tayfasına məxsusdurlar. Bəllidir ki, ağqoyunlular ilkin dönəmlərdə osmanlılardan güclü olmaqla, daha böyük ərazidə məskunlaşmışdılar. İstər ağqoyunlular, istərsə də osmanlılar bütün türk elinə rəhbərlikdə iddialı idilər. Bu məsələdə ağqoyunlularla ziddiyyətləri olan qaraqoyunlular (baharlı tayfası) osmanlılarla müttəfiq idilər. Göründüyü kimi, məsələ aydınlaşır. Yəni XV əsrdə əlavə olunan bu deyim Dədə Qorqudun adından verilir və osmanlılara işarə olunur. Ağqoyunlular hesab edirdilər ki, xanlıq yalnız bayandurilərə məxsusdur. Osmanlılar da hesab edirdilər ki, xanlıq Qayı tayfasına məxsusdur. Bu mənada dastanın yazılmasına dair V.V.Bartoldun fikirləri maraqlıdır. O, yazır: "Boyların tədqiqi göstərir ki, dastan Osmanlı hakimiyyətinin qəti şəkildə Kiçik Asiyada möhkəmlənməsindən qabaq yazıla bilməzdi. Dastanda Osmanın adının verilməsi buna sübutdur. Daha doğrusu, dastan Sultan II Murad (1421-1451) üçün tarixçi Əli Yazıçıoğlu tərəfindən yazıya alınıb". Bu mənada V.A.Qordlevskinin də fikirləri maraqlıdır. O, qeyd edir ki, "Əli Yazıçıoğlu tərəfindən dastanın yazılması Osmanlı hakimiyyətinin daimiliyi barədə ideoloji baza yaratmaqdan başqa bir şey deyil. Ona görə də dastanda ipin ucu Osmanlı sultanlarından başlayaraq səlcuqlardan keçməklə oğuzların əcdadı sayılan Oğuz xana qədər aparılır". Bu məsələni Əli Yazıçıoğlunun ardınca XVI-XVII əsr Osmanlı tarixçiləri də qeyd edirlər. Məsələn, Ədirnədən (Adrianopol) olan Osmanlı tarixçisi Ruhi XVI əsrin əvvəlində yazırdı: "Qorqud ata söyləyib ki, Oğuz xanın vəsiyyətinə görə, xanlıq sonuncu Qayı xanın varislərinə keçəcək və bu, dünyanın sonuna qədər belə olacaq". Bunu münəccimbaşı da özünün "Tarix" (1676-cı il) əsərində təkrarlayır: "Qədim zamanlarda türkmən tayfalarının içərisində müqəddəs bir mömin var idi. Onun adı Qorqud ata idi. Bir gün o, belə buyurdu ki, Oğuz xanın vəsiyyətinə görə, səltənət sonda Qayı xanın nəvə-nəticələrinə keçəcək. Bu, sona qədər belə davam edəcək". Bütün bunları araşdıran V.V.Bartold belə bir fikir ortaya atır ki, görəsən, bu sözləri tarixçi Əli Yazıçıoğlu Dədə Qorqudun dilindən götürüb, yoxsa əksinə, özü artırıb? Göründüyü kimi, Dədə Qorquda istinadən verilən bu öncəgörmənin tarixi ənənəsi şübhə altına düşür. Orta əsrlərin məşhur tarixçisi Rəşidəddinin (XIV əsrin əvvəli) və Əbülqazi xan Xivəlinin (1660-cı il) məlumatlarına görə, "Dədə Qorqudun əfsanəvi zamanlarında, yəni IX-X əsrlərdə Oğuz xanları Qayı tayfasından seçilirdilər.
Rəşidəddin məlumat verir ki, Dədə Qorqud Bayat tayfasındandır. Bu məsələ "Kitabi-Dədə Qorqud"da daha geniş əksini tapır. Orada Dədə Qorqudun Bayat boyundan olduğu verilir. Bu iki mənbədəki məlumatların üst-üstə düşməsini qədim ənənələr təsdiqləyir. Bunlardan fərqli olaraq Əbülqazinin göstərdiyi "Dədə Qorqudun əsli Qayı tayfasındandır" sözləri görünür ki, yenidir, daha doğrusu, dastana əlavə edilib. Bu da çox güman ki, Qayı tayfasının adının xüsusi olaraq qeyd olunması və xanlığın yalnız onlara məxsus olduğunu əsaslandırmaqdan irəli gəlir. Əbülqazinin məlumatına görə, Qayı Oğuz xaqanın böyük nəvəsidir. Oğuz xanları və onların nəvələri də Dədə Qorqud zamanında xüsusi seçilirdilər. Diqqətlə fikir versəniz, dastana bu əlavə Osmanlı hakimiyyəti dövründə olunub və Osmanlı iqtidarının maraqlarına xidmət edirdi. Maraqlıdır ki, Səlcuqların imperiyası zamanında Dədə Qorqudun bu cür peyğəmbərliyi barədə yazmağa əsas yox idi. Bu mənada V.V.Bartoldun fikirləri yerinə düşür. O, hesab edir ki, bu məsələnin ortaya çıxması, xüsusilə də XV əsrdən tez olmayaraq osmanlılar arasında yayılması Ağqoyunlu sülaləsi (Bayandurilər sülaləsi) ilə osmanlılar (Qayı tayfası) arasındakı rəqabətlə bağlıdır. Belə olan halda doğrudan da Dədə Qorqudun dastandakı öncəgörməsi (xanlığın Qayı tayfasına məxsus olması barədə) şübhə altına düşür.
Tədqiqatçılardan K.İnostrançev qeyd edir ki, XV əsrin II yarısında Osmanlı yüksək dairələri (feodalları) arasında oğuzların həyatına dair epik rəvayətlər çox məşhur idi. Bunu həmin dövrdə Sultan II Bəyazidin oğluna Qorqud, qardaşı oğluna Oğuzxan adlarının verilməsi də sübut edir. Hər iki şahzadənin doğum illəri XV əsrin 60-70-ci illərini əhatə edir. V.A.Qordlevski də göstərir ki, XV əsrdə Osmanlı sultanları özlərini səlcuqların qanuni varisləri sayırdılar.

Dilavər Əzimli,
tarixçi