"İsrailin siyasi iradə nümayiş etdirməsi əsas şərtdir” Gündəm

"İsrailin siyasi iradə nümayiş etdirməsi əsas şərtdir”

“HƏMAS-ın vasitəçilərə verdiyi son siqnal bölgədəki reallıqları nəzərə alaraq xüsusi əhəmiyyət kəsb edir. Bu mövqe ondan xəbər verir ki, hərəkat ənənəvi şərtlərindən geri çəkilərək təşəbbüsü tamamilə İsrailin əlində qoyub. Əslində, bu həm də Qəzza zolağındakı hərbi və humanitar təzyiqlərin HƏMAS-ı güzəştlərə vadar etdiyini göstərir. Real vəziyyət, Qəzza zolağında hərbi balans İsrailin xeyrinə dəyişib. Humanitar böhran isə gündən-günə dərinləşir. Bu səbəbdən HƏMAS əvvəlki kimi “qoşunların çıxarılması” və “məcburi məhbus mübadiləsi” kimi şərtlərdən imtina edərək sadəcə 60 günlük atəşkəs və əsir məsələsinə fokuslanıb. Lakin bu qərar hələ yekun nəticə demək deyil. Çünki əsas söz indi İsrailin mövqeyindən asılıdır”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.

Politoloq texniki baxımdan atəşkəsin mümkün göründüyünü deyib: “Misir və Qətərin vasitəçilik səyləri davam edir, ABŞ də prosesə ciddi dəstək verir. Amma İsrailin Qəzzanı tam nəzarətə götürmək və təhlükəsizlik zəmanətlərini təmin etmək istəyi atəşkəsə mane olan əsas amildir. Yəni HƏMAS faktiki olaraq “əlini geri çəkib”, amma Tel-Əvivin daxili siyasi və strateji maraqları hələ də kompromisə tam imkan vermir. Nəticə etibarilə, atəşkəs qapısı açıqdır, lakin bu, ancaq regional və beynəlxalq güclərin təzyiqi ilə reallaşa bilər. HƏMAS-ın geri addımı sülhə yaxınlaşdıran addımdır, amma yekun razılaşma üçün İsrailin də siyasi iradə nümayiş etdirməsi əsas şərtdir”.

Röya İsrafilova