“Kreml prosesləri savaş müstəvisinə çəkir” Gündəm

“Kreml prosesləri savaş müstəvisinə çəkir”

“Son dövrlərdə ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar nisbətən intensiv xarakter daşıyır. Ancaq hələlik real irəliləyiş mövcud deyil. Ona qədər də Ukrayna savaşının dayandırılması üzrə sülh danışıqlarında kifayət qədər ciddi cəhdlər göstərilib. Eyni zamanda, dəfələrlə bu savaşın sona çatma müddəti ilə bağlı ehtimallar irəli sürülüb. Ancaq bütün bunların heç biri real olaraq pozitiv nəticələnməyib. İndi növbəti raund başlayır. Ona qədərki raundlarda görüşlər keçirilsə, müzakirələr açılsa da, demək olar ki, münaqişə tərəfləri masadan nəticəsiz ayrılıblar”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli söyləyib.

E.Xalidbəyli bildirib ki, budəfəki görüşdə hansısa irəliləyişlərin olma ehtimalı o qədər də inandırıcı görünmür: “Çünki burada əsas məsələlərdən biri ondan ibarətdir ki, Avropa dövlətləri sülh prosesinə qatılmaq niyyətində israrlı görünürlər. Onların da əsas tələbləri ondan ibarətdir ki, Rusiya sülh sazişi imzalandıqdan sonra Ukraynaya heç vaxt hərbi müdaxilə etməyəcəyi barədə zəmanət verməlidir. Avropada hesab edirlər ki, belə bir zəmanət yalnız Ukraynanı deyil, Avropa ölkələrinin də təhlükəsizliyi üçün böyük önəm daşıyır. Yəni Ukraynanı hələ də Avropa və Rusiya arasında təhlükəsizlik buferi kimi görürlər”.

Politoloqun sözlərinə görə, digər tərəfdən Avropa Birliyi (AB) Ukraynanı 2027-ci ilə qədər qismən üzvlüyə qəbul etmək niyyətini artıq bəyan edib: “Rusiyada isə buna ciddi şəkildə etiraz edirlər. Çünki Kremldə anlayırlar ki, əgər Ukrayna AB-nin qismən də olsa üzvü olarsa, o zaman həm AB dövlətlərinin, həm də AB dövlətləri üzərindən NATO-nun hüquqi və siyasi cəhətdən dəstəyini özü üçün təmin etmiş olacaq. Çünki AB ölkələrinin böyük əksəriyyəti NATO-nun üzvləridir. Ukrayna da AB-nin üzvü olduqdan sonra Rusiyanın hər hansı müdaxiləsinə AB ölkələri də reaksiya vermək məcburiyyətindədir və bu, dolayısı ilə NATO çərçivəsinə qədər gedib çıxa biləcək bir prosesdir”.

O həmçinin deyib ki, yaxın gələcəkdə əgər Ukrayna AB-nin qismən üzvü olarsa, o zaman Rusiya və NATO arasında qarşıdurmaya qədər gərginləşəcək bir prosesin başlanma ehtimalı var: “Kreml belə bir təhlükənin olduğunu nəzərə alaraq sülh danışıqlarından daha çox hərbi gərginliyin artırılmasına yönəlik addımlar atır. Son məlumatlara görə Rusiya iyun ayına qədər Ukraynaya qarşı daha dağıdıcı hərbi əməliyyatlar keçirmək üçün qüvvə toplamağa başlayıb. Bunun alternativi olaraq sülh variantının ön plana keçməsi üçün Kreml Rusiya və ABŞ arasında əldə olunmuş gizli anlaşmaların icrasını tələb edir. İndiki mərhələdə də bu, o qədər də real görünmür. Yəni belə anlaşılır ki, Kreml prosesləri savaş müstəvisinə çəkir və sülh masasında əlini möhkəmlətmək niyyəti güdür. Bu baxımdan hesab etmək olar ki, danışıqlar aparılmış olsa belə yaxın vaxtlarda Ukrayna savaşının dayandırılma ehtimalı o qədər də inandırıcı deyil”.

Röya İsrafilova