
Azərbaycan və Ermənistan sülh prosesində artıq müəyyən yol qət edib. Son dövrlərdə iki ölkənin dövlət və hökumət başçıları arasında görüşlərin keçirilməsi Azərbaycan və Ermənistan arasında davamlı sülhün daha tez əldə olunması yolunda vacib amillərdən biri kimi qiymətləndirilir. Bu baxımdan avqustun 31-də Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş də diqqət çəkir. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində baş tutan görüşdə tərəflər davamlı sülhün möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması və regional bağlantıların gücləndirilməsi istiqamətində birbaşa təmasları davam etdirmək barədə razılığa gəliblər.
Bişkek görüşündən sonra Azərbaycan və Ermənistan arasında sülh prosesində konkret nəticələrin əldə olunması sürətlənə bilərmi?
Mühüm siyasi-hüquqi hadisə
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “” Xalq Cəbhəsi”nə bildirib ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş Cənubi Qafqazda post-münaqişə dövrünün normallaşma dinamikasına birbaşa təsir edən mühüm siyasi-hüquqi hadisədir: “Bu diplomatik təmas tərəflər arasında uzun müddətdir müzakirə olunan sülh sazişinin institusional çərçivəsini tamamlamaq və regionun Avrasiya logistik arxitekturasına inteqrasiyasını sürətləndirmək baxımından xüsusi strateji çəkiyə malikdir. Görüşün beynəlxalq hüquqi müstəvidə əsas ağırlıq mərkəzini "Sülh və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında" ikitərəfli saziş layihəsinin son mətni üzrə razılıqların əldə olunması təşkil edir. Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü əsas hüquqi tələb - Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edən Konstitusiyasındakı ərazi iddialarının ləğv edilməsi məsələsi Bişkekdə liderlər səviyyəsində birbaşa müzakirə mövzusuna çevrilir. Eyni zamanda, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların fəaliyyətinin hüquqi çərçivəyə salınması prosesi də bu danışıqların prioritet istiqamətlərindəndir”.
Bişkek təmasının ən mühüm xüsusiyyəti
Deputatın sözlərinə görə, Bişkek təmasının geosiyasi baxımdan ən mühüm xüsusiyyəti onun üçüncü tərəflərin - Qərb və ya Rusiya vasitəçiliyinin iştirakı olmadan, birbaşa ikitərəfli formatda reallaşmasıdır: “Bu model Cənubi Qafqazda kənar güclərin öz maraqlarını diktə etmək cəhdlərinin qarşısını alan effektiv diplomatik mexanizm kimi özünü doğruldur. Görüşün məhz ŞƏT kimi Avrasiya miqyaslı bir platformada keçirilməsi isə Çindən Avropaya uzanan Orta Dəhliz layihəsi çərçivəsində regional kommunikasiyaların, o cümlədən Zəngəzur koridorunun açılmasının geoiqtisadi vacibliyini bir daha nümayiş etdirir. Nəticə etibarilə, Əliyev-Paşinyan Bişkek görüşü Azərbaycanın regionda yalnız hərbi-siyasi deyil, həm də beynəlxalq hüquqa söykənən sülh quruculuğu prosesində həlledici strateji subyekt olduğunu göstərməklə Cənubi Qafqazda davamlı sülhün və sabitliyin hüquqi bazasını möhkəmləndirmək iradəsini təsdiqləyir”.
“Sülh prosesi kifayət qədər uzun yol qət edib”
Siyasi şərhçi Şəhla Cəlilzadə bildirib ki, Azərbaycan-Ermənistan sülh prosesi ötən bir ildə kifayət qədər uzun bir yol qət edib: “2025-ci ilin 8 avqustunda Vaşinqtonda sülh sazişinin mətninin paraflanmasından sonra tərəflər delimitasiya-demarkasiyanın davam etdirilməsi, iqtisadi əlaqələrin qurulması və qarşılıqlı etimad quruculuğu istiqamətində addımlar atılması öhdəliklərini götürdülər. Ötən ilin noyabr ayından başlayaraq iki ölkə arasında ticarət əlaqələrinə start verildi. Azərbaycan artıq Ermənistana sadəcə üçüncü ölkələrin məhsullarının tranzit ötürülməsi ilə deyil, həm də öz neft məhsullarının ixracı ilə ticarət əlaqələrini genişləndirir. Cənab Prezident İlham Əliyevin ŞƏT Zirvəsi çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə iqtisadi əlaqələri daha da inkişaf etdirmək məsələsi müzakirə olunub və bundan dərhal sonra Ermənistan rəsmiləri tezliklə ölkə məhsullarını Azərbaycana ixrac edəcəkləri barədə məlumat açıqlayıblar. Həm də qeyd oluna bilər ki, Kərki kəndinin Azərbaycana geri qaytarılması gündəmdədir”.
“Real əməkdaşlıq mexanizmləri qurulmaqdadır”
Ş.Cəlilzadə söyləyib ki, o cümlədən "TRIPP+" çərçivəsində yeni reallıqlar formalaşdırılır, bu, layihəyə yeni investorlar, yeni imkanlar əlavə edir: “Aydındır ki, məhz bu cür ali səviyyəli görüşlər münasibətlərin yeni ritmini formalaşdırır. Bütün bunlar deməyə əsas verir ki, tərəflər arasında sülh niyyəti sadəcə bəyanat olaraq qalmayıb və real əməkdaşlıq mexanizmləri qurulmaqdadır. Lakin sülhün institusionallaşması üçün ən vacib və yekun addımı Ermənistan öz Konstitusiyasına dəyişiklikləri həyata keçirərək atmalıdır. Belə ki, sülh sazişinin imzalanması və iki ölkə arasında birbaşa diplomatik münasibətlər mərhələsinə keçid edilməsi üçün bu, həyati əhəmiyyət daşıyır”.
Risk faktoru
O həmçinin deyib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən maddələri Konstitusiyasından çıxarması sülhün siyasi konyukturadan asılı olmayan dayanıqlılığını təmin etməklə yanaşı, həm də xalqlararası sülhün bərqərar olduğunu da nümayiş etdirmiş olacaq: “Əks təqdirdə, indinin özündə də Ermənistan daxili siyasi sistemində, eyni zamanda, ondan kənarda mövcud olan təsir qüvvələri, hər an sülhün pozulması istiqamətində addımlar ata bilərlər. Bu isə, ciddi risk faktoru yaradır. Azərbaycan və Ermənistan dövlət rəhbərləri və ardından digər rəsmilərin görüşləri qarşıda duran bu və digər məsələlərin həlli, o cümlədən sülhün institusionallaşdırılması istiqamətində atılan mühüm addım olaraq dəyərləndirilə bilər”.
“Danışıqlar sülh sazişinin imzalanmasına təkan verəcək”
“Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib ki, dialoq prosesi, belə görüşlərin keçirilməsi müsbət haldır: “Hesab edirəm ki, bu danışıqlar sülh sazişinin imzalanması prosesinə çox böyük təkan verə biləcək amildir. Şanxay Əməkdaşlıq Təşkilatı ciddi bir platformadır. Burada Azərbaycan ilə Ermənistanın dövlət və hökumət başçılarının bir araya gəlməsi sülh prosesində konkret nəticələrin əldə olunmasına xeyli dəstək olacaq. Düşünürəm ki, gələcəkdə də bu platformadan istifadə edərək danışıqlar prosesini və sülhün əldə olunması məsələsini sürətləndirmək və konkret nəticələrlə ayrılmaq mümkün olacaq”.
Röya İsrafilova