Evlilikdən imtina deyil, şüurlu seçim: gənclər ailə qurmağa niyə tələsmir? Gündəm

Evlilikdən imtina deyil, şüurlu seçim: gənclər ailə qurmağa niyə tələsmir?

Müasir dünyada baş verən sosial-iqtisadi və mədəni transformasiyalar cəmiyyətin ən kiçik, lakin ən mühüm nüvəsi olan ailə institutuna da dərin təsir göstərir. Son illərdə istər qlobal miqyasda, istərsə də Azərbaycanda nikah yaşının yüksəlməsi və evliliklərin daha gec yaşlara təxirə salınması meyli açıq şəkildə müşahid olunur. Lakin bu mənzərəni ilk baxışdan göründüyü kimi gənclərin ailə dəyərlərindən uzaqlaşması, milli-mənəvi köklərdən qopması və ya evlilikdən tamamilə imtina etməsi kimi qiymətləndirmək birmənalı olaraq yanlış yanaşmadır. Reallıq odur ki, cəmiyyətimizdə ailə qurmaq modeli köklü şəkildə formaca və məzmunca dəyişir; gənclər artıq bu addımı sosial bir məcburiyyət, "yaşın gətirdiyi" adi bir həyat mərhələsi və ya cəmiyyətin təzyiqi ilə atılan bir addım kimi deyil, dərin maddi, emosional və psixoloji hazırlıq tələb edən şüurlu bir məsuliyyət kimi qəbul edirlər.
Əvvəlki nəsillərin həyat modelində təhsil almaq, işə başlamaq və ailə qurmaq bir-birini sürətlə əvəz edən standart mərhələlər idi. Bu gün isə gəncliyin prioritetlər sistemində ciddi yerdəyişmə baş verib. Əvvəlcə keyfiyyətli təhsil almaq, əmək bazarında öz yerini tutmaq, fərdi karyera qurmaq və tam maddi müstəqillik əldə etmək ön plana keçib. Xüsusilə qadınların təhsildə və iqtisadi həyatda rolunun kəskin artması onların fərdi seçimlərini genişləndirərək ailəyə baxış bucağını dəyişib. Bununla yanaşı, mənzil təminatı, kirayə qiymətləri, toy və məişət xərclərinin ağırlığı kimi iqtisadi amillər, eləcə də uğursuz nikahlardan doğan psixoloji çətinliklər gəncləri daha ehtiyatlı addım atmalı edir.

“Gənclərin ailə qurmaq modeli dəyişir”

Deputat Könül Nurullayeva “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, gənclərin evliliyə marağının azalmasını ailə institutundan uzaqlaşma kimi qiymətləndirmək düzgün deyil.

Onun sözlərinə görə, müasir dövrdə gənclərin ailəyə münasibəti dəyişir və onlar ailə qurmaq qərarını daha çox maddi və emosional hazırlıqla əlaqələndirirlər: “Bu gün dünyada ilk nikaha daxilolmanın orta yaşı 1990-cı illərin əvvəlindən etibarən ciddi yüksəlib. Qadınlarda bu göstərici təxminən 25 yaşdan 32-yə, kişilərdə isə 28 yaşdan 34-ə çatıb. Əsas dəyişiklik isə gənclərin ailəyə münasibətində baş verir. Əvvəllər təhsil, iş və ailə qurmaq bir-birinin ardınca gələn həyat mərhələləri idisə, indi gənclər əvvəlcə təhsil almaq, peşə qazanmaq, maddi müstəqillik əldə etmək və karyera qurmaq istəyirlər”.
K.Nurullayeva qeyd edib ki, bu baxımdan “gənclər ailə istəmir” yanaşması doğru deyil: “Əslində gənclər ailə qurmaq istəyini əvvəlki nəsillərə nisbətən daha çox maddi və emosional hazırlıq şərti ilə əlaqələndirirlər. Əvvəlki nəsillərdə “müəyyən yaşa çatdınsa, evlənməlisən” fikri daha güclü idisə, indi gənclər “düzgün insanla, düzgün vaxtda və hazır olduğum zaman evlənməliyəm” düşüncəsinə üstünlük verirlər”.
Deputat Azərbaycandakı göstəricilərə də diqqət çəkib: “Azərbaycanda da nikah göstəriciləri illər üzrə dəyişir. 2024-cü ildə ölkəmizdə hər 1000 nəfərə düşən rəsmi nikahların sayı 4,9 olub. 2025-ci ilin ilk yarısında da nikah əmsalı 4,9 təşkil edib və əvvəlki ilin eyni dövründəki 4,4 göstəricisindən yüksək olub. 2022-ci ildə isə bu rəqəm 6,1 idi”.
Onun sözlərinə görə, qadınların təhsil və əmək bazarında iştirakının artması, fərdi seçimlərin genişlənməsi və ailə modelinin dəyişməsi də prosesə birbaşa təsir edən amillərdəndir: “Bu, mütləq şəkildə ailədən uzaqlaşma demək deyil. Əksinə, bir çox gənc üçün ailə daha yüksək uyğunluq və məsuliyyət tələb edən münasibətə çevrilib. Hesab edirəm ki, bu gün dünyada baş verən proses gənclərin ailə qurmaqdan imtina etməsi deyil, ailə qurmaq modelinin dəyişməsidir”.
K.Nurullayeva vurğulayıb ki, Azərbaycan cəmiyyətində ailə institutu və milli-mənəvi dəyərlər hələ də mühüm yer tutur: “Azərbaycan cəmiyyətində ailəyə münasibətdə qarşılıqlı hörmət, valideyn məsuliyyəti və övlad qayğısı kimi dəyərlər bu gün də xüsusi əhəmiyyət daşıyır. Ailə institutu cəmiyyətin sosial dayaqlarından biri olmaqla yanaşı, milli-mənəvi dəyərlərin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır. Ailənin möhkəmliyi bütövlükdə cəmiyyətin sosial sabitliyinə və demoqrafik inkişafına təsir edən amillərdəndir”.
Deputat hesab edir ki, əsas məqsəd gəncləri ailə qurmağa məcbur etmək deyil, ailə qurmaq istəyənlər üçün əlverişli şərait yaratmaqdır: “Gəncləri ailə qurmağa məcbur etmək yox, ailə qurmaq istəyən gənclərin bunu daha asan və davamlı şəkildə edə biləcəyini təmin edən şərait yaratmaq daha vacibdir. Bunun üçün onların təhsil, məşğulluq, mənzil və sosial imkanlarının yaxşılaşdırılması mühüm əhəmiyyət daşıyır”.

Gənclər niyə evliliyi təxirə salır?

Psixoloq Nizami Orucov bildirib ki, gənclərin evliliyə marağının azalmasını yalnız bir səbəblə izah etmək düzgün deyil.
Onun sözlərinə görə, bu prosesə iqtisadi, sosial və psixoloji amillər birlikdə təsir edir: “Əvvəllər evlilik daha çox həyatın təbii və gözlənilən mərhələsi kimi qəbul olunurdu. Bu gün isə gənclər əvvəlcə təhsillərini başa vurmaq, iş tapmaq, karyera qurmaq və maddi cəhətdən müstəqil olmaq istəyirlər. Buna görə də ailə qurmaq qərarını daha gec yaşlara saxlayan gənclərin sayı artır”.
N.Orucov vurğulayıb ki, mənzil probleminin olması, kirayə qiymətlərinin yüksəkliyi, toy və digər ailə qurma xərclərinin çoxluğu, eləcə də sabit gəlirin olmaması da gənclərin qərarına ciddi təsir göstərir: “İnsan özünü maddi baxımdan hazır hiss etmədikdə ailə qurmaq qərarını təxirə sala bilər. Lakin hər gəncin evliliyi gecikdirməsinin səbəbi maddi problem deyil. Bəzi gənclər üçün təhsil, karyera, şəxsi inkişaf və maddi müstəqillik hazırda daha ön plandadır. Uğursuz evliliklər, ailədaxili konfliktlər və boşanma hallarının çoxluğu da bəzi gənclərdə ailə qurmaqla bağlı qorxu və tərəddüd yaradır. Sosial şəbəkələr də gənclərin münasibətlərə baxışına təsir edən amillərdəndir. Burada həm idealizə olunmuş münasibətlərin, həm də ailədaxili problemlərin geniş şəkildə nümayiş etdirilməsi gənclərin gözləntilərini dəyişə bilər”.

N.Orucov hesab edir ki, əsas məqsəd gəncləri daha tez evləndirmək deyil, onların ailə qurmaq üçün sağlam şəraitə sahib olmasını təmin etməkdir: “Gənclərin məşğulluq və mənzil imkanlarının yaxşılaşdırılması, ailə qurmaqla bağlı maddi yükün azaldılması ilə yanaşı, münasibətlər və ailə həyatı barədə psixoloji maarifləndirmənin gücləndirilməsi də vacibdir”.
N.Orucov həmçinin gənclərə evliliklə bağlı sosial təzyiq göstərilməsinin düzgün olmadığını bildirib: “Yaşın keçir, hamı evlənib, sən də evlən kimi təzyiqlər insanın daha sağlam qərar verməsinə kömək etmir. Əksinə, insanın hazır olmadığı halda ailə qurmasına və sonradan ciddi problemlərlə qarşılaşmasına səbəb ola bilər. Əsas hədəf sadəcə gənclərin evlənməsi deyil, onların öz istəyi ilə, məsuliyyətini anlayaraq və sağlam münasibət üzərində ailə qurmasına şərait yaradılmasıdır”.

Günel Elxan