
Son illərdə dünyada baş verən geosiyasi və geoiqtisadi dəyişikliklər Avropa ilə Asiya arasında nəqliyyat marşrutlarının şaxələndirilməsini zərurətə çevirib. Təchizat zəncirlərinin dayanıqlığının artırılması və alternativ ticarət yollarının inkişafı fonunda Orta Dəhlizin əhəmiyyəti sürətlə artır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi də tanınan bu xətt Azərbaycan üçün də yeni iqtisadi və geosiyasi imkanlar yaradır.
Orta Dəhliz Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi üzərindən Azərbaycana, buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanır. Dəmir yolu, dəniz və avtomobil nəqliyyatını birləşdirən marşrut Avropa-Asiya ticarətində alternativ bağlantı formalaşdırır. Azərbaycanın bu marşrutdakı mövqeyi ilk növbədə əlverişli coğrafi yerləşmə və son illərdə yaradılmış müasir nəqliyyat infrastrukturu ilə şərtlənir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, avtomobil yolları və digər layihələr ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Dünya Bankı sentyabrın 27-də Orta Dəhliz üzrə ikinci hesabatını dərc etməyə hazırlaşır. Hesabat Transxəzər Nəqliyyat Dəhlizinin bütün doqquz iştirakçı ölkəsini əhatə edəcək. Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda nəqliyyat və logistika məsələləri üzrə baş mütəxəssisi Luis Blankas Bakıda keçirilən “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi çərçivəsində bildirib. Onun sözlərinə görə, Dünya Bankının Orta Dəhliz üzrə ilk hesabatı 2023-cü ildə hazırlanıb. O qeyd edib ki, həmin hesabat dəhlizin keçdiyi yalnız üç ölkəni əhatə edib və mümkün olduğu qədər əhatəli olmayıb.
“Hazırda əvvəlki hesabatın davamı olacaq yeni əsas hesabat hazırlayırıq. Hesabat sentyabrın 27-də dərc olunacaq”, – deyən Blankas qeyd edib ki, yeni hesabat Orta Dəhlizin bütün doqquz iştirakçı ölkəsini, eləcə də bütün yük növlərini, infrastrukturu, xidmətlərin göstərilməsini, transsərhəd əməkdaşlığı, ticarət prosedurlarının sadələşdirilməsini və dəhlizin iqtisadi nəticələrini əhatə edir. Bu, həqiqətən də hərtərəfli hesabatdır. Hesabatın təqdimatı ilə bağlı ilk tədbir oktyabrın 1-də Tbilisidə keçiriləcək. O qeyd edib ki, tədbir canlı yayımlanacaq, daha sonra isə onun videoyazısı əlçatan olacaq.
“Biz həmçinin dəhlizin digər hissələrində nəticələrin təqdimatı ilə bağlı əlavə tədbirlər keçirəcəyik. Böyük ehtimalla, bu tədbirlər Astanada, Türkiyədə və ola bilsin ki, Bakı da daxil olmaqla regionun digər yerlərində təşkil olunacaq”, – deyə o bildirib. Dünya Bankının hesabatında dəhlizin inkişafı ilə bağlı ən mühüm, kritik və təxirəsalınmaz 16 məsələ müəyyən edilib. Onların ümumi təxmini dəyəri təxminən 25 milyard ABŞ dollarıdır. Yaxşı xəbər ondan ibarətdir ki, onların əksəriyyəti artıq həyata keçirilir. Bu 25 milyard ABŞ dollarının dörddə üçündən çoxu həcmində investisiyalar artıq icra mərhələsindədir.
O, nümunələrdən biri kimi İstanbulda Bosfor boğazından alternativ keçidin yaradılması layihəsini göstərib və bildirib ki, bu layihə Türkiyə istiqamətində Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dünya Bankı aparıcı maliyyələşdirici qurumdur, lakin yeganə qurum deyil. Maliyyələşməyə bir çox tərəfdaşımız da cəlb olunub: Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, İslam İnkişaf Bankı. Bu əməliyyatın həcmi 8,2 milyard ABŞ dollarıdır.
O, həmçinin Divriği ilə Gürcüstan sərhədi arasındakı 660 kilometrlik dəmir yolu xəttinin modernləşdirilməsinin zəruriliyini qeyd edib. Orta Dəhlizin Çin-Qazaxıstan sərhədindən Türkiyə-Bolqarıstan sərhədinədək bütün uzunluğu boyunca ən məhdud imkanlara malik hissə Divriqi ilə Gürcüstan sərhədi arasındakı dəmir yolu xəttidir. Hazırda bu xətt Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və İslam İnkişaf Bankının maliyyələşdirməsi ilə yenidən qurulur və modernləşdirilir. Əməliyyatın həcmi 1,2 milyard ABŞ dollarıdır. Blankas daha bir nümunə kimi Gürcüstanın dəniz limanlarının yükötürmə qabiliyyətini göstərib. Poti demək olar ki, öz texniki imkanlarının son həddinə çatıb: konteyner terminalının yüklənmə səviyyəsi 98 faiz təşkil edir.Gürcüstan hökuməti Dünya Bankı və Asiya İnkişaf Bankının da iştirak edəcəyi Anakliya limanını inkişaf etdirir. Bu amillər bizi prioritet investisiyaları müəyyənləşdirməyə vadar edir. Bu, yalnız ilk və şübhəsiz ki, zəruri addımdır, lakin heç də kifayət deyil. İlk növbədə, yük axınlarının emalına imkan verən güclər yaradılmalıdır.
Orta Dəhlizin Azərbaycan hissəsində Ələt limanı xüsusi əhəmiyyət daşıyır. Xəzərin qərb sahilində yerləşən bu mühüm nəqliyyat qovşağı Mərkəzi Asiyadan gələn yüklərin Azərbaycan üzərindən Qərbə daşınmasına imkan verir. Limanın yaxınlığında yaradılan Ələt Azad İqtisadi Zonası isə tranzit imkanlarını istehsal və xidmət sahələrinin inkişafı ilə birləşdirmək üçün yeni perspektivlər açır.
Azərbaycan üçün əsas məqsəd yalnız tranzit yüklərin həcmini artırmaq deyil. Ölkə yükdaşımalar ətrafında logistika, anbar, emal, qablaşdırma, maliyyə və digər xidmət sahələrini inkişaf etdirməklə daha böyük əlavə dəyər əldə edə bilər.
Bu baxımdan Orta Dəhliz Azərbaycan iqtisadiyyatı üçün sadəcə nəqliyyat marşrutu deyil, regional logistika və ticarət mərkəzinə çevrilmək imkanıdır.
Orta Dəhlizin inkişafı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətlərinə də yeni dinamika verir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər region ölkələri üçün Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan isə Xəzərin qərb sahilində yerləşən əsas bağlantı nöqtəsi kimi bu prosesdə mühüm tərəfdaşdır.
Əməkdaşlığın yalnız tranzit daşımaları ilə məhdudlaşmaması üçün birgə logistika layihələrinin, ticarət və sənaye kooperasiyasının, kənd təsərrüfatı məhsullarının emalı və ixracının genişləndirilməsi mümkündür. Beləliklə, Orta Dəhliz region ölkələri arasında nəqliyyat bağlantısından daha geniş – iqtisadi əməkdaşlıq platformasına çevrilə bilər.
Azərbaycanın Orta Dəhlizdəki rolunu gücləndirə biləcək istiqamətlərdən biri də Zəngəzur dəhlizi ilə bağlı nəqliyyat bağlantılarının inkişafıdır. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi Şərq-Qərb marşrutunun imkanlarını artırmaqla yanaşı, Türkiyə və Avropa istiqamətində əlavə bağlantı formalaşdıra bilər.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol, dəmir yolu və hava nəqliyyatı layihələri də Azərbaycanın yeni regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dövriyyəyə tam inteqrasiyası gələcəkdə bu marşrutların potensialını daha da artıra bilər.
Müasir nəqliyyat dəhlizləri yalnız fiziki infrastruktura deyil, həm də rəqəmsal imkanlara əsaslanır. Gömrük prosedurlarının sürətləndirilməsi, elektron sənədləşmə, yüklərin real vaxtda izlənilməsi və sərhəd-keçid proseslərinin avtomatlaşdırılması Orta Dəhlizin rəqabət qabiliyyətini yüksəldə bilər. Azərbaycan üçün digər prioritet istiqamət “yaşıl logistika”dır. Dəmir yolu daşımalarının genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və alternativ enerji mənbələrindən istifadə marşrutun ekoloji göstəricilərini yaxşılaşdırmaqla yanaşı, Azərbaycanın yaşıl enerji siyasəti ilə də uzlaşır.
Orta Dəhlizin potensialından tam istifadə etmək üçün marşrut boyunca ölkələr arasında tarif və gömrük prosedurlarının uyğunlaşdırılması, sərhəd keçidlərinin sürətləndirilməsi və nəqliyyat infrastrukturlarının ötürücülük qabiliyyətinin artırılması vacibdir.
Xəzər dənizində yükdaşıma imkanlarının genişləndirilməsi, dəmir yolu və liman infrastrukturlarının inkişafı da xüsusi əhəmiyyət daşıyır. Lakin Azərbaycanın qarşısında duran əsas vəzifə tranzit imkanlarını yüksək əlavə dəyər yaradan fəaliyyətlərlə birləşdirməkdir.
Bunun üçün sənaye parkları, logistika mərkəzləri və Ələt Azad İqtisadi Zonası kimi platformaların imkanlarından səmərəli istifadə edilməlidir. Məqsəd Azərbaycandan keçən yükün yalnız daşınmasını deyil, onun müəyyən hissəsinin ölkə daxilində emalını, çeşidlənməsini və yeni məhsul formasında ixracını təmin etməkdir. İndi əsas məsələ mövcud üstünlüklərdən maksimum istifadə etməkdir. Bunun üçün nəqliyyat dəhlizi ətrafında logistika, istehsal, ticarət və xidmət sahələrinin inkişafı, rəqəmsallaşma və “yaşıl” texnologiyaların tətbiqi ön plana çıxır.
Beləliklə, Orta Dəhliz Azərbaycan üçün yalnız tranzit marşrutu deyil, ölkənin regional logistika, ticarət və istehsal mərkəzinə çevrilməsi üçün strateji platformadır. Bu imkanın reallaşdırılması Azərbaycanın həm iqtisadi, həm də regional mövqeyini uzunmüddətli perspektivdə daha da gücləndirə bilər.
Mahir Həmzəoğlu