Milli qızıl külçələr istehsalı və yeni investisiya aləti İqtisadiyyat

Milli qızıl külçələr istehsalı və yeni investisiya aləti

“AzerGold” QSC tərəfindən yeni növ qızıl məhsulları satışa çıxarılıb. Belə ki, çəkisi 5,10, 20, 500, 1000 qram və 1, 10 unsiya olan qızıl külçələr kolleksiyasına alıcıların tələbatı nəzərə alınmaqla ilk dəfə olaraq 2, 50 və 100 qram çəkilərdə qızıl külçələr əlavə edilib. QSC-dən bildirilib ki, yeni növ məhsullar şirkətin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində qızılın dünya birjasındakı cari qiymətinə uyğun və istehsal xərclərini əhatə edən minimal marja ilə satışa çıxarılıb. Məhsullar, həmçinin onlayn satış platforması “www.azergold.gift” vasitəsilə alıcılara təqdim edilib. Əlavə olaraq, məhsulların mərkəzdə qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı - mübadiləsi də təmin olunur. Beləliklə, alıcıların təkcə dəyərli hədiyyə deyil, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən investisiya aləti qismində seçim imkanları daha da genişləndirilib.

“AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün hazırlanan ilk məhsullar 2018-ci ildə istehsal edilib. 3 müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının “Çələbi” naxışının əks olunmaqla Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlib. 2021-ci ildə Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı Qələbəyə həsr olunan “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin qalib layihələri əsasında isə daha iki dizaynda - 5, 10, 20 qramlıq çəkilərdə “Şuşa” və “Qarabağ” qızıl sikkə kolleksiyaları istehsal edilərək satışa çıxarılıb.

Hazırda Azərbaycanda iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı priaritet məsələdir. Qeyri-neft sektorunda isə ən perspektivli sahələrdən biri əlvan metalların istehsalı və ixracıdır. Çünki bu sahənin ən xammal bazası var, həm də satış bazarı. Hazırda qızıl ixracı ölkəmizin qeyri-neft setorunda pambıqdan sonra 2-ci yeri tutur. Çox güman ki, indiki inkişaf dimamikası və potensial imkanlarına rəğmən gözləntilərə görə yaxın gələcəkdə 1-ci yerə yüksələcək. Belə ki, Azərbaycan 2021-ci ildə 202,5 milyon ABŞ dolları həcmində qızıl ixrac edib. 1-ci yerdə pambıq mahlıcı (208 milyon ABŞ dolları), 3-cü yerdə pomidor (tomat) (160,2 milyon ABŞ dolları) qərarlaşıb. 2021-ci il ərzində Azərbaycanın bütün ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci il ilə müqayisədə 870 mln. ABŞ dolları və ya 47,2% artıb. 2021-ci il ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 mln ABŞ dolları artaraq 630,4 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2%, pambıq lifi ixracı 58,3%, şəkər ixracı isə 19,3% artıb. 2021-ci ilin yanvar-dekabr ayları ərzində Rusiyaya 877,8 milyon, Türkiyəyə 675,9 milyon, İsveçrəyə 224,1 milyon ABŞ dolları, Gürcüstana 157,5 milyon və ABŞ-a 74,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında “Azergold” QSC də təmsil olunur. Dağ-mədən sahəsinin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə “AzerGold” QSC-nin 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası da hazırlanıb. Sözügedən strategiya dövrün dəyişən iqtisadi tələbləri nəzərə alınmaqla yenilənir. İcrası həyata keçirilən strategiya çərçivəsində əlvan metallar üzrə 2025-ci ildən dövlət büdcəsindən asılılığın tam olaraq aradan qaldırılması hədəflənir. “AzerGold” tərəfindən 2035-ci ilədək əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ÜDM-nə 21,9 milyard manat həcmində töhfənin verilməsi, layihələrə 16 minədək işçinin cəlb edilməsi proqnozlaşdırılır ki, bu da qeyri-neft sektorunda yeni məşğulluq imkanları deməkdir.

Dünya bazarında qızıl daimi müştərisi olan qiymətli əmtəədir. Onun qiymətində dəyişikliklər olsa da, hər halda etibarlı məhsuldur. Son illər sənayedə İKT texnologiyalarının tədbiqi, elektrik avtomobillərinə keçidin sürətlənməsi nəticəsində mis də qiymətli metala çevrilib. Hətta XXI əsrdə onun nefti əvəz edə biləcəyi qədər əhəmiyyəti qeyd olunur. Azərbaycan da son illər bu sahəyə xüsusi diqqət yetirir. Ölkədə zəngin qızıl və mis yataqlarının olması və dövlətin xüsusi marağı isə bu sahənin perspektiv inkişaf imkanlarından xəbər verir.

Qarabağ faydalı qazıntılarla çox zəngindir. Burada 160-dan çox faydalı qazıntı yataqlarına, o cümlədən qızıl, gümüş, mis, əlvan metallar, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və s. rast gəlinirr. Bu yataqlar işğal dövründə ermənilər tərəfindən talan edilsə də, indi həmin təbii resurslar Azərbaycan dövləti tərəfindən istimar ediləcək. Ölkə sənayesini uzun illər təmin edə və iqtisadiyyatımızı möhkəmləndirmək üçün satışa çıxarıla bilən mineral-xammal bazamız var. Kəlbəcər və Laçın rayonları ərazisində 6 civə yatağı, 5 qızıl yatağı, Naxçıvan MR Ordubad filiz rayonunda yüksək perspektivliyə malik mis, qurğuşun, sink, qızıl və sürmə yataqları mövcuddur. Zəngilan rayonunda kvars-qızıl filizi, Ağdərə rayonunda mis-qızıl kolçedanı, Gədəbəy rayonunda qızıl-mis kolçedanı, Tovuz və Qazax rayonlarında qızıl yataqları var.

Azərbaycanın mis ehtiyatları əsasən Balakən-Zaqatala, Qarabağ, Gədəbəy və Ordubad rayonları ərazilərində cəmlənmişdir. Balakən-Zaqatala filiz kolçedan-polimetal rayonunda böyük ehtiyatlara malik Filizçay, Kasdağ və Katex filiz yataqlarında böyük mis ehtiyatı hesablanıb. Ümumiyyətlə, bu üç yataqda misin proqnozlaşdırılmış ehtiyatı 7-8 mln. ton, Gədəbəy rayonunda misin ümumi ehtiyatı 6,1 mln. tondur. Nadir tapılan elementlərdən də biri kobalt yataqları Daşkəsəndə, Balakən-Zaqatala filiz rayonunda və Ordubad rayonundadır. Respublikanın kobalt ehtiyatı 34 min ton civarındadır. Ölkəmizdə alüminium resurslarının ümumi ehtiyatı 160 mln. ton, molibden ehtiyatı isə 85 min ton təşkil edir.

Xüsusən də Qarabağ torpaqları işğaldan azad edildikdən sonra bu sahənin ölkənin qeyri-neft sektorunda həm istehsal həcmləri, həm məşğulluq, həm də ixrac potensialı baxımından öncül sıralarda olacağına böyük ümidlər yaranıb. “AzerGold” QSC tərəfindən işğaldan azad edilmiş ərazilərdə mövcud olan əlvan metal yataqları ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kəlbəcər rayonunun cənub-şərqində Tutxun çayı hövzəsində yerləşən eyniadlı yataqda mərhələli axtarış işlərinin aparılması üçün ötən ilin payızından müvafiq işlərə başlanılıb. 300 kvadratkilometlik ərazidə yerləşən "Tutxun" yataqlar qrupu və cinah ərazilər - Oruclu, Başlıbel, Xanlanlı, Əsrik və digər sahələrdə nəcib metalların mərhələli axtarışı məqsədi ilə müvafiq prosedurlar icra edilib. Yataq üzrə tədqiqat işləri davam etdirilir. Eyni zamanda, süni peyklərdən hiperspektral görüntülərin alınması, onların işlənilməsi, tədqiqatlarının icrası üçün müasir normalara cavab verən məsafədən (qeyri-invaziv) tədqiqatların yerinə yetirilməsi məqsədi ilə müvafiq işlər görülür.

Mütəxəssislərin təqribi hesablamalarına görə, ölkəmizin potensial mineral-xammal ehtiyatlarının (28 əsas faydalı qazıntı növü üzrə) ümumi dəyəri dünya bazarı qiymətləri ilə 35-40 mlrd. ABŞ dolları civarındadır. Kəşf olunmuş faydalı qazıntı yataqlarının yalnız 40%-i istismara cəlb olunub. Daşkəsən qrupuna daxil olan maqnitit filiz yataqlarında 234 mln. ton sənaye ehtiyatlı mövcuddur. Əlvan metallurgiyanın mineral-xammal bazası əsasən alunit, mis, qurğuşun, sink, molibden, mərgümüş, kobalt, civə, sürmə, volfram və s. yataqlarla təmsil olunaraq, böyük hissəsi Balakən-Zaqatala filiz rayonunda yerləşən Filizçay qrupu kolçedan-polimetal yataqlarının iri sənaye ehtiyatlarını təşkil edir. Balakən-Zaqatala filiz kolçedan-polimetal rayonunda böyük ehtiyatlara malik Filizçay, Kasdağ və Katex filiz yataqlarında böyük mis ehtiyatı hesablanmışdır. Ümumiyyətlə, bu üç yataqda misin proqnozlaşdırılmış ehtiyatı 7-8 mln. ton, Gədəbəy rayonunda misin ümumi ehtiyatı 6,1 mln. ton hesablanıb.

Mahir Həmzəoğlu