Kənd təsərrüfatı sahəsində Türkiyə və Azərbaycan təcrübəsi İqtisadiyyat

Kənd təsərrüfatı sahəsində Türkiyə və Azərbaycan təcrübəsi

Tərlan

Yanvarın 29-da Bakı Biznes Mərkəzində "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda əməkdaşlıq konfransı keçirilmişdir. Azərbaycanın İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə keçirilmiş tədbirdə üzüm, pambıq, qarğıdalı, tütün və fındıq kimi məhsulların istehsalı və emalında yeni texnologiyaların tətbiqi, bu sahələrin daha da inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr, eləcə də maliyyə institutlarına çıxış üzrə Türkiyə və Azərbaycanın təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak etmişdir.
Konfransda salamlama nitqi ilə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən olan aqrar sektorda bir çox müsbət nəticələr əldə edildiyini, konfederasiyanın da bu sahədə iş adamları və dövlət qurumları arasında səmərəli işin qurulmasına, digər ölkələrin təcrübəsinin öyrənilməsinə öz töhfəsini vermək niyyətində olduğunu, bugünkü əməkdaşlıq konfransının da məhz bu məqsədilə təşkil edildiyini bildirmişdir.
Azərbaycan Respublikası Prezident Administrasiyasının aqrar siyasət şöbəsinin müdiri Azər Əmiraslanov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan aqrar siyasət və bu siyasətin prioritetləri, kənd təsərrüfatının inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat vermiş, bu sahəyə dövlət dəstəyinin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.
İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında qeyd etmişdir ki, dünyada və regionda yaşanan mürəkkəb geosiyasi proseslər, enerji bazarında davam edən qeyri-sabitlik, bir çox ölkələrin ciddi iqtisadi və sosial problemlərlə üzləşməsi ölkəmizin iqtisadi dayanıqlığının artırılmasına yönəlmiş tədbirlərin daha intensiv şəkildə həyata keçirilməsini zəruri edir. Bu günlərdə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı istiqamətində mühüm tapşırıqların verildiyini vurğulayan nazir Şahin Mustafayev bu tapşırıqların icrası istiqamətində görülən işlərdən danışmışdır. Şahin Mustafayev qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımları, eləcə də yeni iqtisadi şəraitdə aqrar sahənin, o cümlədən ənənəvi sahələrin, xüsusilə də pambıqçılığın inkişafı üçün tətbiq olunacaq yeni stimullaşdırma mexanizmlərini diqqətə çatdırmışdır. Bildirmişdir ki, pambıqçılıq müəssisələrinə daha çox güzəştli kreditlər veriləcək ki, bu onların imkanlarını artıracaq. Hazırda emal müəssisələri ilə pambığın alış qiyməti ilə bağlı müzakirələr aparılır. Aqrar sahənin inkişafında qabaqcıl təcrübənin öyrənilməsinin və tətbiqinin xüsusi önəm kəsb etdiyini deyən Şahin Mustafayev bu baxımdan, konfransın keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.
Kənd təsərrüfatı naziri Heydər Əsədov aqrar sahənin hər zaman prioritet sahələrdən olduğunu, hazırkı dövrdə də kənd təsərrüfatının inkişafının öz aktuallığını qoruduğunu vurğulamışdır. Konfransın kənd təsərrüfatının inkişafında və digər ölkələrin təcrübəsinin öyrənilməsində əhəmiyyətini qeyd edən Heydər Əsədov aqrar sahədə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova dünyada məşğulluğun təmin edilməsində və ÜDM-də kənd təsərrüfatının xüsusi əhəmiyyətini vuğulamış, korporasiyanın aqrar sahəyə investisiya və məsləhət xidməti göstərdiyini bildirmiş, kənd təsərrüfatının inkişafına dair təkliflər səsləndirmişdir. Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun belə tədbirlərin əməkdaşlığın genişlənməsində və təcrübə mübadiləsi baxımından əhəmiyyətini bildirmişdir.
DEİK-in Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akat rəhbərlik etdiyi şuranın fəaliyyəti barədə məlumat verərək, hər iki ölkənin iş adamları arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə etmiş, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi imkanlarını qeyd etmişdir. Vurğulanmışdır ki, dünyada hökm sürən iqtisadi böhran vəziyyətində ölkələrimiz birgə hədəflər müəyyənləşdirərək onların reallaşdırması istiqamətində çalışmalıdır.
TUSİAB-ın İdarə Heyətinin sədri Yavuz Keləş Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasətini və bu baxımdan, 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" olmasını yüksək qiymətləndirmişdir. Kənd təsərrüfatı sahəsində hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edən Yavuz Keleş bu imkandan səmərəli istifadənin vacibliyini vurğulamışdır. Qeyd edilmişdir ki, Türkiyə kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malikdir və belə tədbirlər aqrar sahədə səmərəli əməkdaşlığın qurulmasında faydalıdır.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi imzalanmışdır. Sənədi Kənd Təsərrüfatı naziri Heydər Əsədov və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev imzalamışlar. Konfrans "Pambıq, tütün, qarğıdalı, üzüm və fındıq məhsullarının yetişdirilməsi, istehsalı sahəsində yeni metod və texnologiyalar üzrə Türkiyə və Azərbaycan təcrübəsi" və "Qida məhsulları, qarğıdalı, tütün, üzüm, pambıq və fındığın istifadə sahələri" mövzularında sessiyalarla öz işini davam etdirmişdir. Sessiyalarda Azərbaycan və Türkiyənin kənd təsərrüfatı sahəsi üzrə mütəxəssisləri aqrar sahədə təcrübələrini bölüşmüşlər.