
Dəqiqləşdirilmiş gəlirlər 16,822 milyard manat səviyyəsində gözlənilir
Ötən gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Gübndəliyə 6 məsələ daxil olsa da "Elm haqqında" qanun layihəsinin müzakirəsi təxirə salınıb. Bu barədə parlamentin iclasında Milli Məclis sədri Oqtay Əsədov da məlumat verib. Spiker deyib ki, dövlət büdcə layihəsinə dəyişikliklər müzakirəyə çıxarıldığına görə, maliyyə məsələlərinə yenidən baxılacaq: "Buna görə də "Elm haqqında" qanun layihəsinin müzakirəsi təxirə salınır".
İlk olaraq "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər edilib. Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında qanununa da dəyişikliklər edilib.
Dəyişikliklər gözlənilən daha iki məsələ isə "Polis haqqında" və "Valyuta tənzimi haqqında" qanunlar müxzkirə olunub.
"Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikləri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri ziyad Səmədzadə təqdim edib. O bildirib ki, Azərbaycan XXI əsrin 15 ilində onilliklərə bərabər uğurlar əldə edib.
"Ölkəmiz son on ildə sosial-iqtisadi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı öz potensialını bir neçə dəfə artırıb, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb.
Görülmüş bütün bu işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Lakin son bir ildə dünyada neftin qiymətinin 4 dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatından da yan keçməyib. Qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşmür. Baş verən proseslər də ölkənin valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansında mənfi saldonun yaranmasına səbəb olur. Dünya bazarında neftin qiymətinin dəfələrlə aşağı düşməsi, eləcə də bir çox ölkələrdə baş verən hadisələr Azərbaycan iqtisadiyyatına da bu və ya digər şəkildə təsir edir. Bununla belə, Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən 2016-cı ilin dövlət büdcəsi haqqında Qanuna dəyişikliklər edilməsi barədə sənəddir".
Deputat qeyd edib ki, dəqiqləşdirilmiş büdcə layihəsində vergi daxilolmaları çoxalıb: "Bu istiqamətdə ciddi islahatlar aparılması artıma səbəb olub. Dövlət başçısının tapşırığı ilə sahibkarlarla görüşlər keçirilib və onların qaldırdığı məsələlər dinlənilib. Gömrük sistemində də islahatlar həyata keçirilib və inkişaf sürətlənib. Bu da dəqiqləşdirilmiş büdcə layihəsində özünü göstərir. Aqrar sahədə də yeni mərhələ başlayıb".
Ziyad Səmədzadə vurğulayıb ki, dəqiqləşdirilmiş büdcə layihəsində xərclər artıb: "Buna sosial yönümlü xərclərin artması səbəb olub. Gələcəkdə əsaslı xərclərin daha da artırılması genişləndiriləcək. Cari xərclərdə bir manat da mənfi meyllər müşahidə olunmur. Müdafiə olunan xərclərin dinamikasında müsbət meyllər var. Xərclərin strukurunun daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Ayrılan vəsitlərdən səmərəli istifadə olunması ön plana çəkilməlidir".
Deputat sonda bildirib ki, dəyişikliklər reallıqdan, dünyada baş verən proseslərdən irəli gəlir.
Gəlir və xərclərdə uyğunsuzluq yaranıb
Maliyyə naziri Samir Şərifov isə bildirib ki, dövlət büdcəsinə dəyişiklər xarici iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirinin minimuma azaldılması, yeni iqtisadi çağışrışlarla bağlı yeni maliyyə təminatının yaradılması və çətinliklərin həllinə xidmət edəcək. O qeyd edib ki, ötən il mənfi şokları nəzərə almaqla büdcə xərclərinə qənaət başlanılıb: ""2015-ci il büdcənin icrası zamanı bir sıra maddələr üzrə vəsaitə qənatə edilib. Dövlət büdcəsinin 1,4 mlrd. manata yaxın xəzinə qalığı mövcud idi ki, həmin xəzinə qalığının büdcə kəsirini örtülməsi üçün istifadəsi nəzərdə tutulur." Nazir həmçinin vurğulayıb ki, manatın ucuzlaşması inflyasiya təzyiqini artırıb: "Mövcud vəziyyəti nəzərə alaraq prezident İlham Əliyevin göstərişi ilə büdcəyə yenidən baxılması və 3,7 milyon nəfərdən yuxarı vətəndaşın sosial müdafiəsinin gücləndirməsi üçün büdcədə əlavə maliyyə mənbəyinin yaradılması nəzərdə tutulub. Büdcədə neftin qiymətinin 50 dollardan götürülməsi, eləcə də dekabrda baş verən devalvasiya icmal büdcəsinin gəlir və xərclərində uyğunsuzluq yaradıb".
Nazir 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin strukturu və əsas mənbələri barədə də danışıb: "2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir bareli üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnəcək.
2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16822 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2256 milyon manat və ya 15,5 faiz çox, 2015-ci ilin icrası ilə müqayisədə isə 334,8 milyon manat və ya 2 faiz azdır.
Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7597 milyon manat və ya 45,2 faiz nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 milyon manat və ya 4,8 faiz – bənd çoxdur.
Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 36 553,0 min manat, fiziki şəxslərin gəlir vergisi 1080 000,0 min manat, Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 1 914 600,0 min manat, Neft Fondundan daxilolmalar 7 615 000,0 min manat proqnozlaşdırılıb".
Samir Şərifov deyib ki, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7010 milyon manat daxilolma nəzərdə tutulur. "Bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408 milyon manat və ya 6,2 faiz çox, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə isə 108,3 milyon manat və ya 1,5 faiz azdır". Nazirin sözlərinə görə, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1810 milyon manat təşkil edir: Bu da təsdiq edilmiş proqnozla müqayisədə 220 milyon manat çoxdur. Digər gəlirlər üzrə daxilolmalar isə 75 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən 13 milyon manat və ya 21 faiz çoxdur. Artıma səbəb ötən illərdə xarici valyutada verilmiş kreditlər üzrə daxilolmaların manatın yeni məzənnəsi ilə hesablanmasıdır. Büdcənin 65,5 faizini cari xərclər, 24,9 faizi əsaslı xərclər,9,6 faizi dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edəcək. Məlum olub ki, əsaslı xərclər transmilli layihələrinin maliyyələşdirilməsinə sərf ediləcək. Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 3.000.000.000,0 manat nəzərdə tutulub. Büdcənin kəsiri 25 milyon manat azaldırlaraq ümumi daxili məhsulun 2,9 faizini təşkil edəcək. Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 1.775.096.992,0 manat hesablanıb".
"Neft amilini unutmalıyıq"
Deputat Fəzail Ağamalı deyib ki, 447 milyona mənzil-kommunal təsərrüfatının saxlanılmasına nə ehtiyac var?! Mənzillər özəlləşib, su, qaz, işıq və s. müstəqildir: "Problem olanda başqa sahəyə yönəlir".
O qeyd edib ki, bu qədər vəsaitlə mənzil-kommunal təsərrüfatlarının saxlanılmasına ehtiyac yoxdur. Eyni zamanda deputat həmkarından fərqli olaraq deyib ki, iqtisadi blok gücləndirilmiş iş rejimində çalışır: "Biz neft amilini unutmalıyıq. Ənənəvi sənaye müəssisələrinin bərpasına ehtiyac var. Bu sahənin inkişafı üçün yetəri qədər xammal var. Kimya sənayesinə yeni baxış lazımdır. Bundan başqa kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirmək üçün onlara güzəştlər edilməlidir".
Deputat Vahid Əhmədov bildirib ki, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemi ilə əlaqədar xüsusi proqram hazırlanmalıdır: "Yoxsa kənd təsərrüfatı inkişaf etdirə bilməyəcəyik. Eyni zamanda kiçik və orta sahibkarlığın inkişafı üçün problemlər ortadan qaldırılmalıdır. Düzdür, bununla bağlı işlər görülür. Lakin bu işləri daha da yaxşılaşdırmaq olar".
Deputat eyni zamanda ipoteka kreditlərinə diqqət çəkib: "İpoteka kreditləri üçün 2016- ci ilin büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulmuşdu. Cənab prezident isə ipotekanın məbləğinə daha 200 milyon manat vəsait artırılması ilə bağlı göstəriş vermişdi. Hökumət bununla bağlı qərar verməlidir".
"Ünvanlı sosial yardım ləğv edilsin"
Deputat Musa Quliyev isə ölkəyə idxal edilən dərman vasitələrinin Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsindən danışıb. O bildirib ki, bir tərəfdən dərmanların qiymətləri tənzimlənir, digər tərəfdən ölkəyə gətirilən dərmanların üzərində olan ƏDV vətəndaşlardan çıxır: "Sahibkarlar həmin dərmanları gətirərkən uduzmurlar. Çünki onların ödədiyi əlavə dəyər vergisini vətəndaşların ciblərindən çıxırlar. Hesab edirəm ki, bu məsələyə diqqət yetirlməlidir".
Eyni zamanda deputat ünvanlı sosial yardımın verilməsindən danışıb.
"Ünvanlı sosial yardımın dağıdılmaması istiqamətində nazir Səlim Müslümov tərəfindən işlər görülür. Lakin yenə də bu yardımın bir hissəsi dağıdılır. Ona görə təklif edirəm ki, ünvanlı sosial yardım ləğv edilsin və vətəndaşlara yardım edilməsi üçün başqa mexanizm hazırlansın".
"İqtisadi sistem primitivdir"
Millət vəkili Fazil Mustafa bildirib ki, ölkə prezidenti yığışmayınca, hökumət yığışıb iş görmür. O qeyd edib ki, hökumət nə qədər iş yerinin açılması, kənd təsərrüfatı sahəsində, işsizliyin aradan qaldırılması ilə bağlı hansı işlərin gördüyünü açıqlamalıdır: "Devalvasiya göstərdi ki, Azərbaycanın iqtisadi sistemi primitivdir. Çoxşaxəli sistemə keçmədiyimiz üçün Azərbaycanda ayrı-ayrı sahələri inkişaf etdirə bilmədik. Kənd təsərrüfatı bərbad vəziyyətdədir.
Bizdə verilən subsidiyalar cüzi miqdardadır. Kənd təsərrüfatında hansı sahədə iş görürsənsə nəticə hasil olmur. Çünki bir orqanizm işləməyəndə mənfəətini görmürük. Bir kənddə qaz gəlməyəndə pomidor yetişdirilmir".
Deputat Azərbaycanda turizm sektorunun da inkişaf etmədiyini bildirib.
"Düşünülmədən ölkədə böyük, neçə ulduzlu otellər tikildi. Amma bu gün otellərin 95 faizi işləmir. İki mərtəbənin işığı yanır, qalanlarını isə xərclərə qənaət etmək üçün söndürürlər. Bu düşünülməmiş hərəkətin nəticəsidir. Eyni zamanda maaşların 30-40 faiz qaldırılmasını deyirik. Amma bununla məsələ həll edilməyəcək.
Aşağı əmək haqqı 200 manatdırsa, buna uyğun istehlak səbəti hazırlanmalıdır və insanın gündəlik tələbatı üçün lazım olanlar qeyd edilməlidir. Yalançı statistikadan çıxmalıyıq".
"...Vəziyyətdən çıxılacaq"
Fazil Mustafanın səsləndirdiyi fikirlərlə razı olmayan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın iqtisadi sistemi primitiv deyil: "2008-ci ildə dünyanı böhran götürdü, amma Azərbaycan bundan əziyyət çəkmədi. Hazırda bütün dünyada baş verən hadisələrin, neftin qiymətinin aşağı düşməsinin, devalvasiyanın Azərbaycana da təsiri olub. Lakin düşünürəm ki, yaxın vaxtlarda bu vəziyyətdən çıxılacaq".
Deputat Siyavuş Novruzov deyib ki, burada bəzi deputat həmkarlarım Azərbaycanda iqtisadi böhranın olduğuna dair fikirlər səsləndirdilər: "Bunlar tamamailə yanlış fikirlərdir". O qeyd edib ki, Azərbaycan neftdən gələn gəlirlərdən ən uğurlu istifadə edən dövlətdir: "Azərbaycan neft gəlirlərindən düzgün istifadə edərək həm sosial, həm də iqtisadi sahəsinin inkişaf etdirib. Bu müddət ərzində 3000-ə yaxın xəstəxana, 600 məktəb, çoxlu sayda idman kompleksləri tikilib, yollar çəkilib, mədəniyyət obyektləri təmir olunub, texnoparklar yaradılıb. Azərbaycan ən uğurlu sosial siyasət yürüdən bir ölkədir. Ölkə başçısı İlham Əliyev də çıxışlarında vurğuladı ki, sosial sahəyə ayrılan vəsaitlər artırılmalıdır. Ona görə də sosial sahədə artımlara şahidlik edirik".
Siyavuş Novruzov qeyd edib ki, MDB-də sosial sahədə ən geniş islahatlar Azərbaycanda keçirilir: "Amma bu sahədə müəyyən çətinliklər var. Düzgün verilməyən statistika nəticəsində Sosial Müdafiə Fondunun büdcəsində kəsirlər qeydə alınır. Hesab edirəm ki, bu məsələdə dəqiq statisika verilməlidir. İşsizlərin sayı dəqiq açıqlanmalıdır. İcra başçısının səsləndirdiyi rəqəmi yazıb göndərməklə heç nəyə nail ola bilməyəcəyik.
Son vaxtlar bəzi özəl və dövlət sektorlarında ixtisarlar gedir. Burada ilk növbədə Əfqanıstan və Qarabağ veteranları, şəhid ailələri üzvləri azad olunur. Bu hallara son qoyulnmalıdır. Çünki, bizim bu barədə qanunumuz var ki, müəssisə bağlanana kimi onlara dəymək olmaz", - deyə Siyavuş Novruzov vurğulayıb.
Müzakirələrdən sonra Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə təklif olunan dəyişiklikləri qəbul edib. Dəyişikliklərə əsasən, dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16,822 milyard manat səviyyəsində gözlənilir ki, bu da təsdiq edilmiş proqnozlardan 15,5 faiz çoxdur.
Xərclər 18,495 manat səviyyəsində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsiri 1,673 milyard manat təşkil edəcək.
Dövlət və icmal büdcələrin parametrləri 1 barel neftin 25 dollar səviyyəsində dəqiqləşdirilib.
Əli