Hesabat: Orta Dəhlizin strateji əhəmiyyəti mövcud geosiyasi şəraitdə güclənir İqtisadiyyat

Hesabat: Orta Dəhlizin strateji əhəmiyyəti mövcud geosiyasi şəraitdə güclənir

Orta Dəhliz son dörd il ərzində yük axınında beş dəfədən çox artım nümayiş etdirərək, Avrasiya ticarəti üçün əsas quru körpüsü olmaq potensialını təsdiqləyib.

"Report" xəbər verir ki, bu, "Astana" Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) hazırladığı iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri haqqında analitik hesabatda öz əksini tapıb.

"Qazaxıstan-Azərbaycan əməkdaşlığında nəqliyyat və logistika mühüm rol oynayır və iki ölkənin Çini Avropa ilə birləşdirən Orta Dəhliz boyunca strateji mövqeyinə əsaslanır. Orta Dəhliz uzun illərdir fəaliyyət göstərsə də, onun əhəmiyyəti Çin və Avropa arasında quru marşrutlarının şaxələndirilməsinə kömək edən mövcud geosiyasi vəziyyətdə əhəmiyyətli dərəcədə artıb", - sənəddə qeyd olunur.

Hesabata əsasən, bu marşrut Qazaxıstan və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir: "Orta Dəhliz Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən strateji əhəmiyyətli multimodal marşrutdur və həm Avropa İttifaqının “Global Gateway” strategiyasının həyata keçirilməsində, həm də Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün optimallaşdırılmasında aparıcı rol oynayır. Son illər ərzində marşrutla yüklərin çatdırılma müddəti 38-53 gündən 19-23 günə qədər azaldılıb. Hədəf bu göstəricini 15 günə endirməkdir".

Müəlliflər qeyd edirlər ki, Rusiyadan keçən Şimal Dəhlizi ilə müqayisədə Orta Dəhliz bir sıra üstünlüklərə malikdir. "Geosiyasi gərginlik və sanksiyalar şəraitində Şimal marşrutu ilə tranzit gecikmə və gücləndirilmiş nəzarət risklərinə məruz qalır. Bundan başqa, bir tranzit dövlətdən asılılıq təchizat zəncirlərinin sabitliyinə təhlükə yaradır. Bununla müqayisədə Orta Dəhliz geosiyasi qeyri-sabitliklə bağlı riskləri azaldan daha çox şaxələndirilmiş və dayanıqlı marşrutu təmin edir", - materialda vurğulanır.

Orta Dəhliz daşıma həcmlərində nəzərəçarpan artım nümayiş etdirir ki, bu da müasir İpək Yolu çərçivəsində onun artan strateji əhəmiyyətini vurğulayır: 2021-ci ildə dəhlizlə daşımaların həcmi təxminən 840 min ton təşkil edib, 2024-cü ildə isə 435 % artımla 4,5 milyon tona çatıb.

"Marşrutun inkişafında iştirak edən tərəflər 2030-cu ilə qədər daşımaların illik ümumi həcmini 10 milyon tona çatdırmağı hədəfləyib. Bunun üçün infrastruktura investisiya qoyuluşu, gömrük prosedurlarının uzlaşdırılması və Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında logistikanın koordinasiyası tələb olunur. Cəmi dörd il ərzində Orta Dəhliz yük axınında beş dəfədən çox artım nümayiş etdirərək, qlobal təchizat zəncirlərinin yenidən qurulması və geosiyasi dəyişikliklər fonunda Avrasiya ticarəti üçün əsas quru körpüsü olmaq potensialını təsdiqləyib", - məlumatda vurğulanır.

Hesabatın müəllifləri hesab edirlər ki, Orta Dəhliz təkcə nəqliyyat marşrutu deyil, həm də iqtisadi və infrastruktur marşrutu kimi də nəzərdən keçirilməlidir. Bu dəhliz Qazaxıstan və Azərbaycan, region ölkələri arasında ticarətin inkişafına və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi əlaqələrin güclənməsinə töhfə verir.

Sənəddə qeyd olunur ki, Dünya Bankının proqnozlarına görə, 2030-cu ildə Orta Dəhlizlə daşımaların həcmi ildə 11 milyon tona çatacaq. "Mövcud geosiyasi dəyişikliklər şəraitində bu göstərici yenidən nəzərdən keçirilə bilər ki, bu da marşrutun strateji əhəmiyyətini daha da artıracaq", - hesabatda vurğulanır.