Zaqatalada sahibkarlara güzəştli kredit verilib İqtisadiyyat

Zaqatalada sahibkarlara güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Zaqatala rayonunda keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Zaqatalada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. İşgüzar forumda 100-ə yaxın sahibkar iştirak edib.
Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2251 investisiya layihəsinin maliyyələşdirilməsinə 100,4 mln. manat güzəştli kredit verilib. Tədbir çərçivəsində Zaqatala və ətraf rayonlardan olan sahibkarlara 767 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, aqroparkın yaradılması, heyvandarlıq, tütünçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Forum çərçivəsində Zaqatala rayonunda güzəştli kreditlər hesabına yaradılmış tütünçülük və fındıqçılıq təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə, indiyədək ölkədə tütünçülüyün, çayçılığın və fındıqçılığın inkişafı ilə bağlı 270 sahibkara 24 mln. manat güzəştli kredit verilib.