“Statistika Komitəsində ciddi səhvlər var” - Milli Məclis İqtisadiyyat

“Statistika Komitəsində ciddi səhvlər var” - Milli Məclis

Milli Məclisin iyunun 20-də keçirilən iclasında deputatlar Dövlət Statistika Komitəsinin fəaliyyətini sərt tənqid ediblər

Modern.az saytı xəbər verir ki, statistik məlumatların yanlış verilməsinə görə cərimənin miqdarının artırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib ki, Dövlət Statistika Komitəsi rəsmi bülletenlərində böyük təhriflərə yol verilir:
"İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik statistik məlumatları qaydaları və qanunauyğun şəkildə çatdırmayan təşkilatlara kəsilən cərimənin miqdarının artırılmasını nəzərdə tutur. Bu da təbiidir, başadüşüləndir. Mənim bununla bağlı bir sualım var, əgər Komitə statistik məlumatları düzgün çatdırmırsa, bu cərimələr onlara da şamil olunacaqmı? Çünki Statistika Komitəsinin bülletenlərində ciddi təhriflərə yol verilir. Bilmirəm bunu bilmədiklərindən, yoxsa qurumların ötürdüyü yanlış məlumatlar əsasında edirlər. Hər halda belə hallar mövcuddur".
Deputat Sabir Rüstəmxanlı da bildirib ki, Statistika Komitəsinin fəaliyyəti Milli Məclisdə müzakirə olunmalıdır: "Statistika Komitəsinin məlumatı ya yanlış olur, ya da insanların hissiyyatına toxunan formada verilir. Əhalinin son siyahıya alınması zamanı açıqlanan statistik məlumatlar buna bariz nümunədir. Bu məsələlərlə aydınlıq gətirilməlidir".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Statistika Komitəsinin hətta deputatlara təqdim etdiyi statistik hesabatlarda ciddi səhvlər və qeyri-dəqiq məlumatlar olur: "Bunu Statistika Komitəsinin sədrinin diqqətinə çatdıracam".
Milli Məclis yanlış statistik məlumat verilməsinə görə cəriməni 35-50 manatdan 300-700 manatadək artırıb.